525.Az

Cəfər Cabbarlı Kürdəmirdə yad edilib


 

Cəfər Cabbarlı Kürdəmirdə yad edilib<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı fevralın 28-də Kürdəmir şəhər 6 saylı tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirib.

Tədbirin aparıcısı - Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı klassik ədəbi irs zəminində yetişən C.Cabbarlının milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirməsindən, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoymasından, əsərlərinin milli teatrda mühüm hadisə kimi dəyərləndirilməsindən, Azərbaycan milli kinosunun yaranması və inkişafında müstəsna rol oynamasından danışıb.

Tədbirdə məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova məruzə edərək C.Cabbarlının əsərlərinin Azərbaycan tarixinin bədii ifadəsi olmasından, Azərbaycan ədəbiyyatı tarixində bir epoxanı əks etdirməsindən söz açıb.

C.Cabbarlının həyat və yaradıcılığından  məqamları əks etdirən qısa sənədli filmin nümayişindən sonra söz məktəbin şagirdlərinə verilib. Məktəblilər ədibin "Ana", "Ölkəm", "Azərbaycan bayrağına", "Oxu bülbül", "Məhəbbət aləmi qəmdir", "Tellər oynadı", "Azad bir quşdum", "Dan ulduzu" şeirlərini söyləyiblər.

Şagirdlərin oynadıqları "Almaz", "Oqtay Eloğlu" dram əsərlərindən bir parça və səhnələşdirilmiş "Dilarə" hekayəsi alqışlarla müşayiət olunub.

Tədbirin sonunda məktəbin direktoru Elmira Süleymanova çıxış edərək dövlətimizin Cəfər Cabbarlı şəxsiyyətinə və yaradıcılığına yüksək dəyər verdiyini, ölkə prezidentinin yazıçının 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamasının buna bariz nümunə olduğunu diqqətə çatdırıb.

 





01.03.2019    çap et  çap et