525.Az

Dərya Qəvvas istəyir


 

Dərya Qəvvas istəyir<b style="color:red"></b>

“...Neçə illər öncə yüksək vəzifəsini təzəcə itirmiş və böyüklük iddiası da olan bir sabiq məmur məndən soruşdu ki, tarixdə qalmağın etibarlı yolu nədir?

Bildiyim ən qısa yollardan birini dedim: “Yaxşı kitablar yazmaq!”

Deyəsən, ağlına batdı və tezliklə başladı qalın-qalın kitablar... yazdırmağa”.

Böyüklük iddiası da yetərincə olan sabiq məmur tarixdə qalmaq üçün kitablar yazdırmaqda olsun, sizə xəbər verim ədəbiyyat tariximizin qaranlıqlarında qalmış söz xəzinələrini üzə çıxarmağı öz borcu bilən, bu məkanda artıq kifayət qədər mötəbər söz deyən və həmin iqtibas gətirdiyim sətirlərin müəllifi olan Rafael Hüseynovdan.

Bu yaxınlarda Rafael Hüseynov müxtəlif illərdə böyük maraqla qarşılanmış “Vaxtdan uca”, “Məhsəti necə varsa”, “Min ikinci gecə”, “Rəfibəylilər”, “Millətin zərrəsi”, “Yurdun adındakı can” sanbalında daha bir kitabla – “Söz heykəli” ilə ətrafını – ədəbi aləmi diksindirdi.

Sözümü qəribçiliyə salmayın, sözün həqiqi mənasında diksindirdi. Rafael Hüseynov bu kitabdakı ədəbi qəhrəmanlarından biri – Saib Təbrizi haqqında da belə yazır; yazır ki, Saib diksindirdi, şeiri, ədəbiyyatı sükunətdən, mürgüdən qurtarmaqdan savayı ona yeni bir səmt də verməyi bacardı.

Rafael Hüseynovun XVII əsrin farsdilli Azərbaycan şairi Saib Təbrizi ilə bağlı araşdırmaları beş-on kəlmənin yox, bir kitablıq söhbətin mövzusudur, ona görə də qayıdaq mətləbə.

Üzqabığı tanış heykəllərin təsvirləri ilə diqqət çəkən “Söz heykəli”ni vərəqləməmişdən öncə fikirləşirdim ki, görəsən, Rafael Hüseynov “iki daşın arasında” təxminən min səhifə civarında bu kitabı haçan başlayıb, haçan tamamlayıb? Kitabı oxumağa başlayanda gördüm ki, burada mənə mətbuat səhifələrindən tanış gələn yazılar da var. Amma dərhal onu da sezdim ki, Rafael Hüseynov bu örnəklərə də əsaslı şəkildə əl gəzdirib, həmin nümunələri “Söz heykəli”nə calamaq üçün qələminin tişə ucu ilə cilalayıb.

Bu gün ictimai-siyasi məkanda tutduğu mövqeyə görə gərək adını çəkəndə Rafael Hüseynovun titullarını da sadalayaydım. Amma bu, xeyli söz aparır. Və onun hər kəlməsindən görürəm ki, sələfləri – həm də ədəbi qəhrəmanları Nizami, Füzuli kimi izafi, artıq sözün əleyhinədir.

Saib Təbrizinin “Söz” haqqındakı qəzəlini də təsadüfən ana dilimizə çevirməyib:

 

Çün qələmtək öz başından

keçdi Saib söz üçün,

Bu səbəbdəndir onu

məşhuri-dövran etdi söz.

 

Həmin qəzəldən daha bir beyt yadımda qalıb:

Mehribanlıq eyləyib

mən sözlərə verdim sığal,

Quş kimi açdı qanad,

göylərdə cövlan etdi söz.

 

Yazar tərcümə edəndə də özünü tam ifadə eləyə bilərmiş!

Bəli, Rafael Hüseynovun da sözə sığal vermək məharəti var. Yazılarının qeyri-adi cazibəsi də – məfkurə, məna öz yerində – məncə, bu, sığalla bağlıdır.

Bu da həqiqətdir ki, sözü idrak sığallayır, səni min bir sözün içindən birinə idrak tuşlayır. Demək, əvvəl gərəkdir ki, min bir söz yiyəsi olasan.

Rafael Hüseynovun məftunluqla araşdırdığı Saib Təbrizi də min bir söz yiyəsi idi. Rafaelin sözüdür, yazır ki, Əbdürrəhman Cami farsdilli klassik şeirin son dahisi hesab edilirdi, Saib gələndən sonra bu nöqteyi-nəzərdən imtina edilib.

“Orta çağ Şərq şeirinin ən mahir bilicilərindən olan, həm ərəb, həm fars, həm türk şeirinin tarixini mükəmməl izlədiyindən yaxşının ən yaxşıdan fərqini müasiri olan böyük şərqşünasların əksərindən daha dəqiq sezən A.Krımski Saibi “on yeddinci əsrdəki bütün İran şairlərinin müəllimi” adlandırırdı”.

Bu da Rafaelin sözüdür. A.Krımskinin gəldiyi sonuc isə, kim bilir, haçan, hansı məxəzdə qarşısına çıxıb.

“Söz heykəli”ni oxuduqca görürəm ki, az qala hər kəlmənin altında bir dəlil-sübut yatıb. Bu qədər məxəzi bir sapa düzmək isə səbirdən başqa daha nələri istəyir, bir Allah bilir.

Rafael Hüseynov böyük şair haqqında ən müxtəlif dillərdəki bolluca xoş məlumatların izinə düşəndən sonra Saib Təbrizi yaradıcılığını araşdırıb və onun Azərbaycan dilində yazdığı on yeddi şeirin (əlimizə gəlib yetişən elə budur!) birini bizə də çatdırıb:

 

Eldən çıxaram zülfi-pərişanını

görkəc,

İçdən gedərəm

sərvi-xuramanını görkəc.

...Bülbül ki gülün ləli-ləbindən

söz alırdı,

Dili dolaşır qönçeyi-xəndanını

görkəc.

 

Və sözün bu yerində dilimi dişlədim; bu ki tərədən-dırnağa (iliyinə, sümüyünəcən yox ha) Füzuliyana sözdür!

 

Nitqim tutulur zülfi-pərişanını

görkəc,

Könlüm açılır

qonçeyi-xəndanını görkəc.

 

“Söz heykəli”ndə Saib Təbrizi kimi 25 söz nəhənginin yaradıcılığı (və həm də həyatı) işıqlandırılıb. Və mən qeydlərimə bu minvalla yanaşsam, hər söz nəhənginin qarşısında bu qədər “dayansam”, meydana kitab haqqında kitab çıxa bilər. Amma bu mənim məqsədim deyil. Mən, sadəcə, istəyirəm oxucunu “Söz heykəli”nin varlığından hali eləyəm və oxucu bu heykəli aralıdan da olsa görə bilə.

Etiraf edim ki, Saib Təbrizi ilə bağlı araşdırmanı araşdırmaq istəyəndə sözün başını-ayağını yığa bilmədim, SÖZ məni əsir elədi; apardı, amma orası da var ki, Söz oxucunu digər bir oxucu ilə ünsiyyətdən başqa hara apara bilər ki?!

“II Şah Abbas (1642-1666) artıq şöhrəti bütün Şərqə yayılmış Saibi saraya dəvət edir və ona sarayda layiq olduğu ən yüksək rütbəni verir: “Məlik üş-şüəra – baş şair, şairlər rəisi”.

Bu da Rafael Hüseynovun zarafat ovqatlı çevirməsidir. Alt qatında nələrin yatdığını xırdalamağa nə ehtiyac?!

Sovetlər dönəmində sovet ideologiyasının mizanı ilə saray şairlərinə üstdən aşağı baxmalı idik. Çox güman ki, Saib kimi söz nəhənginə vaxtında yiyə durmamağımızın səbəbi də elə budur. Rafael Hüseynov “Söz heykəli”ndə bu məqama xüsusi diqqət yetirib və taleyini şah, xaqan, sultan sarayları ilə bağlamış onlarla Azərbaycan şairinin təəssübkeşi kimi çıxış edib. Bu da təbiidir. Axı bizə qalan şairin özü yox, sözüdür. Gəlin əyri oturaq, düz danışaq: bəyəm ötən yüzilliyin əvvəllərində onlarca, bəlkə də yüzlərcə söz nəhəngini “saray şairi” damğasıyla çıxdaş eləyən şairlər özləri saray şairi deyildilər, bəs nə idilər?

Amma Rafael Hüseynov bu məsələyə bir qədər ehtiyatla yanaşır; yazır ki, orta çağda saray şairə lazım idi: “...Və əlbəttə ki, üstün düşüncəli alimlər, qüdrətli sənət adamları da saraya gərək idi. Ağıl və istedad sahiblərinin saraya gərək olmasının məntiqi sadədir. Saraydakı əli qələmli insanlar dövlətin, məmləkətin və hökmdarın qüdrətini möhkəmlədən, şöhrətini artıran, tarixdə qalışını təmin edən vasitələr idi və sənətkarları saraya yığan, onlara nəvaziş göstərən taxt-tac sahibləri, təbii ki, nə etdiklərini, niyə etdiklərini yaxşı anlayırdılar. Amma qələm sahiblərinə saray bəlkə onlara sarayın lazım olduğundan da çox gərək idi. Özünütəsdiq, tanınma, məmləkətdən uzaqlarda şöhrətlənmək üçün sarayın himayəsinə, maddi dayağına ehtiyac böyük idi... qurban verməsən, qazana bilmirdin.

Ümumiyyətlə, “Söz heykəli” müasir əsərdir, tarix onun pərdəsidir. Bu pərdənin arxasından baxanda və ədəbiyyatımızın dünəni ilə bugününü qarşılaşdıranda oxşar mənzərələr səni heyrətə gətirir. “Saraya gedib çıxmaq, hökmdar diqqətiylə şərəflənmək asan iş deyildi. Sarayda bu sahəyə nəzarət edən məmurlar hər yeni gələnə, xüsusən namizəd istedadlıdırsa, rəqib gözü ilə baxırdılar, belələrinin dərbara aparan yollarını qapatmaq üçün dəridən-qabıqdan çıxırdılar, saraya gəlib düşənlərə də məkrlilər, daha təcrübəlilər mütəmadi quyular qazmağa hazır olurdular”.

Rafael Hüseynov “Söz heykəli”ndə bu qayda ilə quyu qazanlardan yeri düşdükcə, ötəri bəhs etsə də, bu quyulara düşənlər haqqında zəngin dəlillərə istinad edərək ağılar yazıb.

Bu ədəbi janrda bayatılar məlumdur, romanlar isə yox...

Amma Seyid Əzimə həsr olunmuş “Böyük başın bəlası” da, Seyid Hüseynin dünya durduqca örnək şəxsiyyətinə işıq salan “Vaxtsız döyülən qapı” da, Abbas Səhhətin şairliyi öz yerində, böyük ziyalılığından bəhs edən “Sabirin iki tapşırığı” da, taleyi kimi, yaradıcılığı da millətə az bəlli olan Firidun Köçərli barəsindəki “Ayrılıq olmayacaq” da, Mirzə Fətəlinin adına bağlanmış “Oyatmaq növbəsi” də, şair Mikayıl Müşfiqin həyatındakı bir sıra incə, mübhəm söhbətlərə də duruluq gətirən “Bağ romanı” da əslində məzmunca, məfkurəcə romandır, roman-ağıdır. Amma Rafael Hüseynov bu “ağı”ları ağlamaq üçün qələmə almayıb, qələmə alıb ki, oxuyaq və ibrət götürək.

Adını çəkdikcə Rafael Hüseynovun titullarını sadalamamağın bir səbəbi də var; münasibətlərimizin arxasında ötən yüzilliyin 70-ci illərindən başlanan ünsiyyət, ülfət durur. Amma min səhifə civarındakı “Söz heykəli”ni birnəfəsə oxumağıma səbəb aramızdakı körpü deyil. Bəs nədir? Rafaelin yazı üslubundakı sehr, cazibə!

Məncə, bu üslub bədii publisistikamızda hadisədir və bu, etiraf edilməlidir!

51 çap vərəqi həcmindəki bu kitabda bir-birinə bağlanmayan iki cümləni bilmirəm çıraqla axtarsam tapa bilərəm, ya yox?..

Bilmirəm mənim qələm dostum haqqındakı bu içdən gələn sözlərim necə qarşılanacaq, amma Rafaelin tərif haqqındakı yozumu bir qədər fərqlidir. O, dərhal “əndazə məsələsi”ni ortaya atıb yazır ki, “tərifə susamaqda bütün dünya təxminən bir-birinə uyğun kimidir; adi adam tərifdən xoşhallanırsa, tərif eşitməkçün sinov gedirsə, hökmdarların bunu daha artıq istəməsində, imkanlarını da nəzərə alsaq, bunu təşkil etdirməsində əcaib bir şey yoxdur”.

Bu sətirlər Nizamidən də qocaman şairimiz Qətran Təbrizi ilə bağlıdır, ömrü boyu şahlara mədhiyyə deyən Qətran Təbrizi ilə. Və həm də Qətran Təbrizinin mədhiyyələrini ayin, dua, şərqi kimi qəbul eləyən şahlarla, sərkərdələrlə. Amma bu söhbətin min illərin arxasından gələn havası dərhal bizi vurmurmu?

Tarixi əsər haçan diqqət çəkir? Çağdaş zamanla səsləşəndə. Bu mənada Qətran Təbrizinin həyatından bəhs edən “Yuvasını arayan quş” bircə anda min illik məsafəni qət eləyib bizim günlərdə qanad çalır.

Rafael Hüseynov yazır ki, tərifdən tərifə təfavüt var; bir var sıradan olan insanlar bir-birini tərif eləsin, bir də var bunu şair etsin, həm də gözəli, təbiəti, hansısa bir başqa məxluqu yox, hökmdarı tərif etsin.

 

Bir göyərçin uçub gəlməz

qartal yuvasına.

Oxumaz bir bülbül

Şahın qəfəsində.

 

Bizsə...

Uçuruq, oxuyuruq, harda gəldi, necə gəldi...

Vaqif Səmədoğlunun bu misralarına mən də biganə qala bilmədim. Çünki ortaya bir sual çıxdı: “Bizsə” – yəni kim? Axı harada gəldi, necə gəldi uçub oxumayanlar da olub.

Bəyəm “Söz heykəli”ndə Rafael Hüseynovun yana-yana həyatını qələmə aldığı Əliağa Vahid Mil pambıqçısından bir poema yazmaqla Mərkəzi Komitədən ən azı istədiyini ala bilməzdimi?

Əlbəttə, yazı-pozuda həmişə mizan gözləyən Rafael Hüseynovun “Vahidin təkliyi”ni yazması təsadüf ola bilməz! Rafael bir qayda olaraq özü sözünü tamamlayanları, özü ilə sözü üst-üstə düşənləri qələmə alıb və alır. Seçimində yanıldığını, başqa bir səmtə yönəldiyini hələ ki görməmişəm. O ki qaldı daha çox mədhiyyəçi kimi tarixdə qalan Qətran Təbrizinin taleyindən bəhs eləyən “Yuvasını arayan quş”a, məncə, Rafaelin Qətran irsinə münasibətinin iki səbəbi var: o bu gün də aktuallığını itirməyən saray və saray şairi mövzusunu gündəmə gətirib – bir; ikincisi də, gələcəyin tədqiqatçılarına Qətran Təbrizi irsinin daha bir ünvanını nişan verib. Rafaelin qeydlərindən məlum olur ki, hələ sovet dönəmində Matenadaranda ezamiyyətdə ikən adları ona bəlli olmayan bir neçə Azərbaycan şairi ilə yanaşı Qətran Təbrizinin də bir silsilə qəsidəsini tapıb. Amma o zaman tamam başqa mövzuları araşdırdığından Qətran irsi də, rastlaşdığı digər Azərbaycan şairlərinin əsərləri də ona maraqlı görünsə də, başlıca işindən ayrılmayıb, tapıntıları ilə bağlı yüyrək qeydlər aparıb ki, gələcəkdə ehtiyac olarsa, gəlib bu əlyazmaları tədqiq etsin. Fikirləşib ki, Yerevan-Matenadaran nə uzaq yerdi ki? Amma sən demə, Matenadaran çox uzaq məkana çevriləcəkmiş...

Rafael Hüseynov Qətranın söz sənətindəki mövqeyini qətiyyətlə qəbul etməsə də, halına acıyır, yazır ki, “Qətran qılıq dilini bilirdi, meydan dilini bilirdi, güzəranın, dolanışığın dilini bilirdi, amma Qətranın yaxşı bilmədiyi bir dil də varmış; bu, səmimiyyətin dili idi, bu, gələcəyin dili idi. Ömrü boyu sevgisinin ünvanını səhv salmış, qələmini tacların parıltısına qurban vermiş Qətran son anlarında Vəfa quşu, Hüma quşu bu dünyadan qanadlandı, Uçdu vəhdət aləmindən, bəs harada yuva saldı? –deyə vəfa umurdu, ruh quşuna yuva axtarırdı, amma qonası budaq yox idi...”

Hə, bu da saray şairinin aqibəti.

Hələ Qətranın ətrafında nədimlər də var imiş. Yalnız Qətranınmı?

Yox, bütün saray şairlərinin.

Nədimlər şairin dilindən çıxan mədhiyyələrə bir səslə münasibət bildirirmişlər: “Afərin!”, “Mərhəba!”

Sözün bu yerində yadıma Brejnev dönəminin son illərindəki yığıncaqlarda, sütunlu salonlarda yerləşdirilən say-seçmə komsomolçular düşür: bir də görürdün ki, bir anda yerlərindən qalxıb xorla bağırdılar: “Bravo!”

Demək, müəllif Qətranın taleyi fonunda yaxın keçmişimizi qələmə alıb. Bax bu yerdə “Yuvasını arayan quş” çağdaş səslənir və ona görə də birnəfəsə oxunur.

Rafael Hüseynov yazır ki, saray şairləri üçün şairlik dövlət işinin tərkib hissəsi idi və onlardan ötrü şeirin borcu dövlətçiliyə, siyasətə, bu işi həyata keçirən əsas simaya – hökmdara xidmət idi.

Vaqif Səmədoğlu demişkən, demək, dünya köhnə dünyadı, sevgiləri təzədi.

“Tərif harada bitir, yaltaqlıq harada başlanır?” Bu da Rafaelin “Yuvasını arayan quş”da oxucuya ünvanladığı sualdır. Cavabını Onore de Balzakın dilindən alıb: “Yaltaqlıq heç vaxt möhtəşəm qəlblərdən törəmir. O, cılız qəlbcikli adamların qismətidir. O adamların ki, mühüm bir şəxsin ürəyinə, qılığına, mühitinə girməkçün olduqlarından da kiçik olmağı bacarırlar”.

XI əsrin Azərbaycan şairi Qətran Təbrizidən söhbət gedən yerdə birdən-birə XVIII əsrin fransız yazıçısı Onore de Balzakdan sitat? Əlbəttə, yerinə də düşür. Amma bu dəlil yaddaşın hansı küncündə məqam gözləyirmiş görəsən? Sanki söhbəti tamamlamaq üçün elə bu sitat çatmırmış.

Fələki Şirvani də saray şairi olub. Amma o, Qətran Təbrizi kimi sarayda axıracan duruş gətirə bilməyib. Bədxahlarının sayəsində zindana atılıb və burada da məşhur “Həbsiyyə”sini yazıb.

Etiraf edim ki, “Söz heykəli”ndə “Fələklə oynayan Fələki” ilə tanış olana qədər böyük Xaqaninin tələbəsi və dostu olmuş Fələkinin yalnız adını eşitmişdim. Amma sən demə, Rafael Hüseynova Fələki Şirvani haqqında çox şey bəlli imiş; hətta bunu da bilirmiş ki, Fələki haqqında indiyəcən yazılmış əsərlərin ən əhəmiyyətlisi 1929-cu ildə ortaya çıxıb: “1929-cu ildən sonra ondan yaxşısını yaza bilməmişiksə, bunun özü çox pisdir”. Bu, Rafaelin fikridir, sözünün mabədini isə belə gətirir: “Məsələnin daha qəmli tərəfi odur ki, həmin kitab Bakıda yox, Londonda nəşr edilib və əsəri azərbaycanlı yox, Hadi Həsən adlı bir əcnəbi alim meydana gətirib”.

Nə qədər dəyərli bir soraq! Amma görəsən, Fələkinin xələflərinin heç olmasza bircə faizinin bundan xəbəri varmı?

“Azərbaycanın, Şamaxının üzünü görməmiş həmin xarici alim Hadi Həsən 1929-cu ildəki “Fələki Şirvaninin dövrü, həyatı və əsərləri” adlı ikicildliyindən sonra 1950-ci ildə şairin yeni əldə etdiyi nadir bir “Divan”ı barəsində tədqiqatını, 1958-ci ildə isə Fələki irsi ilə bağlı təzə müşahidə və kəşflərini əhatə edən yazılarını elmi dövriyyəyə gətirir”.

Bu da Rafaelin xəbəridir və daha sonra o, yana-yana qeyd edir ki, bunun da hamısı deyil, lap yarısı tərcümə edilsəydi, azərbaycanlıların kitab rəflərində ayrıca Fələki də olardı.

Rafaelin “Söz heykəli”ndəki daha bir həyəcan təbili belə səslənir! Qeydlərimə əlavə etdim ki, bəlkə eşidən oldu.

Fələki Şirvani həm də nücum elminə maraq göstərirmiş, ulduzlarla söhbətləşirmiş. Və “fələk” sözünün bir anlamı da gəmi imiş.

Bu sözə istinad edən Rafael son olaraq deyir ki, Fələki Şirvaninin gəmisi Vaxt dənizində səkkiz əsrdir üzür.

Gəmisi vaxt dənizində səkkiz əsrə qədər üzən daha bir söz nəhəngi haqqında Rafael Hüseynov “Alimin şeir aləmi” yazısında söhbət açıb.

Fələki Şirvani ilə müqayisədə Nəsirəddin Tusinin adı millətə daha yaxın və doğmadır.

Yurdumuzda onun adını daşıyan ali təhsil ocağını kim tanımır ki?

Rafael etikaya aid “Əxlaq-i Nasiri”, astronomiyaya dair “Hərəkat-e əflak”, riyaziyyata aid “Risale-yi dər hesab”, fizikaya aid “Risale-yi dər təhqiq-e qövs-i quzeh”, fəlsəfəyə aid “Risale-yi isbat-i vacib” kimi elmi kitablar bağlamış və tarixə, coğrafiyaya, təbiətşünaslığa, din problemlərinə aid onlarca “zamanına görə elmin axırıncı sözü sayılan” peşəkar səviyyəli risalələr yazmış Nəsirəddin Tusinin bədii sözə sevgisini də qələmə alıb.

Müəllif özü də etiraf edir: “Biri o birindən çətin, biri digərindən dərin bu müxtəlif elmlərin hər birinin tarixində qalmağa layiq hünər sahibi Xacə Nəsirəddindən ədəbiyyat adamı, şair kimi söz açmaq bəlkə də bir az gözlənilməzdir”.

Amma Rafael bu söhbəti başlayıb və onun bədii yaradıcılığından da insanlığa örnək misralar tapıb:

Həyatın mənası bir quru nəfəs,

Nə qədər nəfəs var, ara həmnəfəs...

Bu günlərin sevilən bir şərqisində deyildiyi kimi: “Həyat paylaşınca gözəl!”

Nəsirəddin Tusinin şeir aləmindən daha bir nümunə:

Hər aşiq olmayır eşq divanəsi,

Hər quşa yem deyil sevgi danəsi.

Yüz əsr arasan, tapa bilməzsən

Nəfsinin ağası olan bir kəsi.

“Alimin şeir aləmi”ndən belə görünür ki, Rafael Nəsirəddin Tusinin bədii yaradıcılığı öz yerində, elmi əsərlərini də araşdırıb və son olaraq da heyrət içində yazıb: “Xacə Nəsirəddinin töhfəsi olan bir-birindən maraqlı, bir-birindən mürəkkəb, bir-birindən məzmunlu və sayı yüzü ötüb keçən zəngin irsi barədə düşündükcə onun yüksək ağlına, zəngin zəkasına mat qalmaqdan başqa bir də ona heyran qalırsan ki, bu qədər əsəri nə təhər yazıb çatdıra bilib. Axı yazmaq o yana qalsın, bu əsərlərin hər birinin altındakı mənbələri öyrənməyə, araşdırmağa, oxumağa xeyli vaxt gərək idi. O vaxtla – yazmağa sərf olunan günlərlə bu vaxtı – oxumağa, öyrənməyə sərf olunan müddəti üst-üstə gələndə təəccübün bir az da artır. Bir daha cavabsız sual verirsən özünə: axı necə çatdırıb, necə dəqiqliklə bölüb vaxtını bu qədər işlərə, həyatını necə sərrast vaxt qənaətilə yaşayıb?”

Bu gün mən bu sualı Rafael Hüseynovun özünə vermək istəyirəm: hər kəlməsi tarixi fakta əsaslanan, məntiqə istinad edən onlarca sanballı kitabdan sonra “Söz heykəli”ni (özü də sözə sayğının sozaldığı bir zamanda) necə ürəklə yazıb, necə çatdırıb?

Rafael Hüseynovun Nəsirəddin Tusini lətifələri ilə folklorumuza bənzərsiz naxışlar vurmuş Molla Nəsrəddinlə “qarşılaşdırması” da maraq doğurur. Amma məni heyrətə gətirən Nəsirəddin Tusinin İbn Sinaya bənzəməsidir. Rus tədqiqatçısı Valeri Voskoboynikovun İbn Sina haqqında kitabında belə bir parça var:”İbn Sina kimdir? Həkimlər deyərlər ki, o, dahi loğmandır. Riyaziyyatçılar isə: “Yox, o, məşhur astronom və riyaziyyatçıdır”, – deyərlər. “Həm də böyük şair və yazıçıdır”, – deyə ədiblər təsdiq edərlər. “Axı o, geologiya nəzəriyyəçisidir”, – deyə geoloqlar bildirərlər. “Həm də musiqi nəzəriyyəçisidir”, – deyə musiqiçilər dillənərlər. “Həm də filosofdur”, – deyə filosoflar təsdiq edərlər”.

Bu mükaliməni eynilə Nəsirəddin Tusiyə də şamil etmək olar. Demək, Nəsirəddin Tusi göydən düşməmişdi. Təxminən 200 il qabaq Buxarada onun məslək qardaşı İbn Sina – avropalıların “Avitsenna” adlandırdıqları dahi yaşamışdı. O ki qaldı aradakı məsafəyə, İranla Turanın sərhədləri haçan şərti olmayıb ki?

Doğrusu, istəyirdim ki, “Bağ romanı”nı oxumağı saxlayam tamam asudə bir vaxta, çünki mənə elə gəlirdi ki, Mikayıl Müşfiqin həyatı və yaradıcılığı ilə bağlı hər şeydən xəbərim var. Amma (sanki haçansa oxuduğum) “Bağ romanı”nı oxuyanda mənə məlum oldu ki, “Bağ romanı” öz bətnində həm də bir sevda romanı yaşadırmış. Mənə də bəlli oldu ki, Müşfiqin lirikasında ən önəmli yerdə dayanan “Yenə o bağ olaydı” şeiri kimə ünvanlanıb; o şeirdəki əsmər bənizli kim olub.

Hələ ətə-qana dolmaqda olan şərti “Müşfiq və Dilbər” dastanında belə bir alternativ süjetə ehtiyac varmı? Əlbəttə, Müşfiqin tam obrazını yaratmaq üçün var! Dilbər xanım özü də deyirmiş ki, Müşfiq surətpərəstdi...

Əlbəttə, “Bağ romanı”nda Mikayıl Müşfiqi mənə bir qədər də doğmalaşdıran başqa məqamlarla da üz-üzə gəldim. Amma hər şeyi xırdalamağa nə lüzum? “Bağ romanı” onsuz da roman kimi oxunur. Və “Bağ romanı”nı başlayanda hadisələrin mabədini, qəhrəmanların taleyini izləməyə ehtiyac olmasa da, necə deyərlər, epiloq bəlli olsa da, bir də gördüm ki, son səhifələri çevirirəm. Bu isə, sözsüz ki, qələmin qüdrətindən xəbər verir.

Annanın son anından xəbərdar olmaq üçün “Anna Karenina”nı oxumaq tamam başqa şeydi...

Sözün bu yerində “Söz heykəli” haqqında yazdıqlarıma bir də göz gəzdirirəm və fikirləşirəm ki, nəyi mütləq qeyd etmək lazımdır, nəyi yazmamaq da olar və hiss eləyirəm ki, “Baharsız Baharlı” bölümündə tam obrazı yaradılmış Məhəmməd Bayram xandan da yan keçmək mümkün deyil.

Rafael Hüseynov təəssüflə yazır ki, nəvazişlə “oğul” demədiyimizdən başqalarının “oğulluğa” götürdüyü ən parlaq Millət Balalarından biridir Məhəmməd Bayram xan. Daha sonra isə qeyd edir ki, sərt təbiətli – döyüşkən, həlim ruhlu – ədəbiyyatı sevən, şeir qoşanları bol olan məşhur Baharlı tayfasının bir qolu, bir budağı idi. Bayram xan həm də Qaraqoyunlu Qara Yusifin kötükcəsi idi.

Rafael Hüseynov bu şəcərəni araşdıraraq bizi moğollarla  qaynayıb-qarışmış onlarla böyük türklə görüşdürür və daha sonra da qürur hissilə deyir ki, 1556-cı ildə – Hümayunun ölümündən sonra imperatorluğu dörd il ərzində – Hümayunun oğlu Əkbər həddi-buluğ yaşına çatana qədər – bir azərbaycanlı, Baharlıların bir törəməsi – Məhəmməd Bayram xan idarə edir.

Rafael Hüseynov böyük qürur və fəxarət hissilə yazır: “...Bu, sadə tarix deyil, əziz soydaşlarım. Bu, oçağkı dünya tarixinin son dərəcə vacib bir səhifəsinə millətimizin bir parçası olan qüdrətli şəxsiyyətin atdığı mötəbərdən-mötəbər imzadır. Biz bu imzadan, bu addan bixəbər qalmamalıyıq. Biz rəva görməməliyik ki, bunca uca övladımızı başqaları öz tərəfinə çəksin, öz dəftərinə yazsın”.

Vərəqləri çevirdikcə, məlum olur ki, Rafael Hüseynovun həyəcanı səbəbsiz deyil. Məlum olur ki, Məhəmməd Bayram xan bu gün türkmən şairi kimi təqdim edilir. Bəs bu nədən baş verib? Bu sualın müfəssəl cavabı “Söz heykəli”nin “Baharsız Baharlı” bölümündə bir yurd, yurddaş sevgili yazarın bir-birindən dolu və təsirli ricətləri ilə qələmə alınıb.

Sizə qalır onu oxumaq və böyük Sabirin məşhur bir misrasını için-için xatırlamaq:

Öz qövmümüzün başına əngəl-kələfiz biz.

“Söz heykəli”ndə Şirvanın Fələki, Zülfiqar, Şakir, Seyid Əzim, Abbas Səhhət kimi söz cahangirləri ilə yanaşı Sabirin də obrazı var, lakin biz onu Seyid Əzimin, Abbas Səhhətin və bir də Firidun bəy Köçərlinin həyatını əks etdirən bölümlərdə görürük.

Yeri gəlmişkən, mənə elə gəlir ki, biz Sabirə sovet dönəmində daha çox yiyə dururduq, nəinki indi. Bəs bu niyə belədir? “Öz qövmümüzün başına əngəl-kələfiz” yazdığına görə? Ağa ağ, qaraya qara dediyinə görə?

Məndən soruşsaydılar ki, “Söz heykəli”ndə səni ən çox silkələyən bölüm hansı oldu? Mən iki hekayətin üstündə dayanardım: Abbas Səhhətin həyatı qələmə alınmış “Sabirin iki tapşırığı” və Firidun bəy Köçərlinin taleyindən bəhs edən “Ayrılıq olmayacaq” bölümlərinin. Bu yazıları oxuyandan sonra mən özümü bir də ona görə qınadım ki, nə Abbas Səhhəti gərəyincə tanımışam, nə Firidun bəy Köçərlini...

Mirzə Fətəlini necə? “Oyatmaq növbəsi”ni oxuyanda mənə məlum oldu ki (hələ mən Çingiz Hüseynovun da “Fətəli Fəthi” romanına yaxından bələdəm), bütün klassiklərimizdən məndən ötrü birbaş uca olan bu yazarın da həyatında mənim üçün qaranlıq məqamlar kifayət qədərdir.

Rafael Hüseynov çox haqlı olaraq belə yazır: “...Bu gün başda istiqlalımız, respublika quruluşumuz, çağdaşlığımız olmaqla müasir, yüksələn bir millət kimi qazandığımız hər nə varsa, hamısında Mirzə Fətəlinin halal payı danılmazdır. O olmasaydı, bunlar indi olmazdı. Mirzə Fətəli azı bir əsr irəli atdı milləti”.

Əgər Mirzə Fətəli Azərbaycan nəsrinin, Azərbaycan dramaturgiyasının banisidirsə, bəs ədəbiyyatşünaslığımızın banisi kimdir?

“Ayrılıq olmayacaq” essesini oxuyandan sonra mən qəti şəkildə bu qənaətə gəldim ki, həmin şəxsiyyət Firidun bəy Köçərlidir. Və fikirləşdim ki, güllələnməsəydi, Rafaelin qeyd etdiyi kimi, “Azərbaycan ədəbiyyatı tarixi”nin bütün mərhələlərini qələmə almağa macal tapsaydı, Mirzə Fətəlinin əsərləri barəsində daha nə yazardı görəsən?

Kim bilir, ömrünün neçə ilini, neçə fəslini arxivlərdə keçirərək Firidun bəy Köçərlini yaxın keçmişimizdən bizim günlərə gətirib çıxaran Rafael Hüseynov yazır ki, ən çeşidli arxların səmtini sağlam bir məcraya, bütöv bir nəhəngə doğru çevirib, Azərbaycan ədəbiyyatını bir tama, bütünə, millətin ruhunun aynası, tərcümanı olmaq siqlətinə yetişdirən Firidun bəyin bunu hansı şərtlər və hansı tarixi gerçəklik çərçivəsində edə bildiyini düşünərkən buna möcüzə də, qeyri-adi qəhrəmanlıq adı da vermək olar.

İyirmi dörd söz nəhəngini bir ox ətrafında birləşdirdiyinə və bunun nəticəsi olaraq “Söz heykəli”ni ortaya qoyduğuna görə mən qələm dostumun zəhmətini də elə bu sözlərlə təqdir eləyərdim.

Məncə, gərək Firidun bəy Köçərlini Azərbaycan ədəbiyyatşünaslığının banisi kimi qəbul edəndə Abbasqulu ağa Bakıxanovu – Qüdsini də unutmayaq. Axı hələ sağlığında müəllifinə şöhrət gətirən “Gülüstan-i İrəm” həm də ədəbi materiallardan qaynaqlanıb.

Rafael Hüseynovun Qüdsiyə rəğbəti isə “Pərvərdigarın verdiyi orden” bölümündə hər kəlmədən duyulur: “Bakıxanov kimi dəyərli vətən oğullarına münasibətdə həmişə son dərəcə ehtiyatlı olmalı, onları qiymətləndirərkən ən əvvəl gördükləri xalqa lazım işləri nəzərə almalıyıq”.

Daha sonra Qüdsinin dərin savadından, həm Şərqə, həm Qərbə kifayət qədər bələd olmasından söz açan Rafael Hüseynov yazır ki, “Abbasqulu ağa elə gur işığa, ən müxtəlif elmlər sahəsində elə ucu-bucağı görünməyən məlumata, elə mərifətə və elə yapışıqlı nitqə malik olub ki, onunla ixtilat edənlərimiz – vaxtın tez qurtardığına, bu nadir zəkanın onlarla birgə olmamasına, füsunkar təmas dəqiqələri bitincə Bakıxanovun onları tərk etməsinə...” təəssüflənib.

Görəsən, Qüdsinin Puşkin ailəsi ilə yaxınlığı Rafael Hüseynova haçandan məlum imiş? Bəs bu yaxınlığı sübut eləyən məktubları o, hansı arxivlərdən tapa bilib?

Ümumiyyətlə, “Söz heykəli”ndə Rafael Hüseynovun fakt müstəvisi ayrıca bir söhbətin mövzusudur. Elə bu faktlara görə də “Söz heykəli” Azərbaycan ədəbiyyatı tarixi ilə maraqlanan hər bir kəsin stolüstü kitabı olmalıdır.

Əgər Qətran Təbrizi, Fələki Şirvani, Zülfiqar Şirvani, Nəsirəddin Tusi, Məhəmməd xan Bayram, Şakir Şirvani, Seyid Əzim, Əliağa Vahid, Seyid Hüseyn, Mikayıl Müşfiq, Abbas Səhhət, Məmmədağa Sultanov, Turxan Gəncəyi, Həmid Araslı, Əkrəm Cəfər, Soltan Nəcəfov, Saib Təbrizi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli, Firidun bəy Köçərli kimi nəhəng simaların haqqında daha nə isə öyrənmək üçün axtarışa başlasanız, “Söz heykəli” bu məqamda sizə ən etibarlı bələdçi olacaq. O ki qaldı “Söz heykəli”ni oxuyarkən alacağınız həzzə, bu, zövqün elə üstün səviyyəsidir ki, onu hələm-hələm hər kitabdan tapmaq olmur!

“Söz heykəli” bir söz dəryasına bənzəyir. Dərya isə qəvvas istəyir ki, onun dibinə baş vursun və görsün ki, orada nə var, nə yox?

Rafael Hüseynov müasir ədəbiyyatşünaslığımızda, mədəniyyətşünaslığımızda mənim tanıdığım tək alimdir ki, eyni peşəkarlıq və asudəliklə min illik bir dövrün mənəvi sərvətlər dəryasına asudə baş vuraraq araşdırmalar aparmağa qadirdir. O, XI-XII yüzillərin söz sərvətlərini və həmin dövrləri necə dərindən bilir və ustalıqla tədqiq edirsə, yeni və müasir ədəbiyyatın qaynaqlarına da eyni məharətlə nüfuz etmək, eyni yüksək professionallıqla təhlillər aparmaq gücündədir.

Parlaq tədqiqlərini sözə çevirməkdə, cazibədar bir plastikada ifadə etməkdəsə, Rafael təkrarsızdır.

Rafael Hüseynovun “Söz heykəli” əsəri Azərbaycan ədəbi-mədəni həyatında, ziyalı gerçəkliyimizdə mühüm hadisədir. Bu kitabı sadəcə oxumaq yox, bütün əzəməti ilə görmək və dəyərləndirmək özü də bir vicdan borcudur.

Vətənə və millətə layiqli xidmət nümunəsi olan bu kitabı gərək hər həmvətənimiz oxuya!

Bu kitabdakı ulularımızı daha yaxından duyduqca özünüz də içəridən böyüyəcəksiniz!..

 





16.09.2013    çap et  çap et