525.Az

Zülfü Livaneli: "İstanbul İstanbuldur - hamını köhnəldir, özü İstanbul olaraq qalır!"


 

Zülfü Livaneli: "İstanbul İstanbuldur - hamını köhnəldir, özü İstanbul olaraq qalır!" <b style="color:red"></b>

Hər dəfə İstanbula gələndə özümü küləyə qarışmış yağışın ortasında tapırdım. Ancaq bu dəfə qışın soyuğunda müşahidə edilən yaz havası lap yerinə düşmüşdü. Fikirləşirdim ki, şəhəri birlikdə gəzib, onun gözü ilə baxıb, gördüyü kimi yazacam. Hətta özünə belə bir yazı yazmaq istədiyimi, bunun üçün onun bir neçə saat ayırmağını xahiş edəndə, düşünmədən və məmnunluqla razılaşdı. İki gün sonraya vaxt təyin etdik.

Həmin gün isə Tarabiya səmtindəki balıq evində yaxın dostları ilə görüşüb bolluca söhbət etdik. Bu vaxt mənə məlum oldu ki, 6 nəfərin hamısı bir-birini 30-40 ilə yaxındır tanıyır. Əksəriyyəti elə oturduğumuz ərazidə - Tarabiyanın sahilində yerləşən evlərdə doğulub böyüyənlərdir. Həmin məqamda masadakılardan birinin gözü divardakı 60-70 illik ağ-qara fotolara sataşdı. Sevinc və heyrətlə: “Bizim evimizdir. Gəncliyim orada keçib” dedi. Bunu eşidən yoldaşlar dönüb baxdılar, eyni yer olduğunu təsdiqləyib digər rəsmlərdən öz evlərini axtarmağa başladılar. Hərə öz evini tapıb, restoranın pəncərəsindən əlləri ilə işarə edərək mənə göstərirdilər. Bu söhbət ürəyimcə olmuşdu. Beynimdə planlar qururdum. Düşünürdüm ki, birinci gələcəyimiz ünvan Tarabiyadakı qədim köşklər, kilsə olacaq. Amma... Təyin etdiyimiz vaxtda bir yağış yağdı, bir külək əsdi, gəl görəsən. Gəmilərin hərəkəti dayandırıldı, qayıqlar sahilə çəkildi, əhalinin dəniz nəqliyyatından istifadə etməsi qeyri-müəyyən vaxta təxirə salındı. Fikirləşdik ki, növbəti gün bəlkə sakitləşər. Ertəsi gün hava elə sərt idi ki, sanki günəş küləyin həddətindən başını götürərək, qaçıb yoxa çıxmışdı. Ona gərə də əlimizdəki imkanlara qane olmaq məcburiyyətində qaldıq.

Həmsöhbətim yazıçı, senarist, musiqiçi, siyasətçi, rejissor Zülfü Livanelidir. Mövzumuz isə İstanbul.

Söhbətimizin ilk hissəsi Tarabiyada, növbəti hissəsi isə Ulusda baş tutdu. 

“Qəlbi Boğazda qaldı” 

- Tarabiya Boğazda köhnə bir balıqçı səmtidir. Keçmişdə adı “Terapiya” olub, yəni müalicə mənasına gəlir. Buradakı hava, ağaclar, çiçəklər başqadır. Ecazkar yerdir. Tarabiyada 15 il yaşamışam.

Əlini sağa uzadır, mavi qübbəli kilsənin arxasına işarə edərək evinin istiqamətini göstərir.

- Bu səmtdə yaşadığın zaman körfəzi, gəmiləri, qayıqları o qədər görürsən ki, İstanbulun qarışıqlığını hiss etmirsən. O vaxtlar yunan Yorqo Zarifi var idi. İstanbulun məşhur milyonçularından idi. Osmanlı İmperatorluğunun çöküş dönəmlərində ona borc verib iflasdan xilas edəcək qədər zəngin idi. Eyni zamanda, İkinci Abdulhəmidin yaxın dostu idi. İstanbulu çox sevirdi. Onun köşkü bax buradadır. Həmin kilsəni də Zarifi öz adına tikdirib. Vəsiyyət edib ki, öldükdən sonra ürəyi çıxardılıb orada basdırılsın. Belə də ediblər, 1884-cü ildə vəfat edib və ürəyini kilsənin xüsusi bölümünə yerləşdiriblər. İndi onun ürəyi buradadır - Boğazda. 

“Bu şəhərdə dəhşətli erotizm var” 

- İstanbul çox maraqlı şəhərdir. Napoleon deyirdi ki, əgər bütün dünya bir ölkə olsaydı, paytaxtı İstanbul olardı. Əlbəttə, keçmiş adı ilə Konstantinopolu nəzərdə tuturdu. Dostoyevskinin bu şəhərlə bağlı çoxlu yazıları var: “İstanbul nə barbar türklərə, nə barbar yunanlara qalmağına imkan verilməyəcək qədər önəmli şəhərdir, bura mütləq rusların olmalıdır” - deyirdi. Elə rus çarlarının da niyyəti bu idi. Ümumiyyətlə, əsrlərdir hər kəsin gözü İstanbulda olub - rusların, fransızların, ingilislərin...

Üç imperatorluğun paytaxtı olub. Zəngin tarixini hər addımda hiss edirsən. “Konstantiniyyə oteli” romanımda bunları yazmağa çalışmışam. Bir şəhərin dinamikası asanlıqla dəyişmir. Rejimlər, çağlar dəyişir, amma şəhəri formalaşdıran dinamika olduğu kimi qalır. İstanbul fərqlidir. Eyni Sankt-Peterburqla Moskva kimi... İstanbul da Ankaradan, İzmirdən çox fərqlidir.

Tarix boyu - istər Bizans, istər Osmanlı, istərsə də ondan sonrakı dönəmlərdə bu şəhərdə çox hadisələr baş verib. Böyük sərvət, güclü intriqalar, gərgin mübarizələr, bir-birinə nifrət bəsləyən insanlar, bir-birini yox edən ailələr - İstanbulun gerçəyi budur. Bu şəhərdə dəhşətli erotizm var. Böyük yunan yazıçısı, “Zorba”nın müəllifi Nikos Kazantakis deyir ki, işıq Yunanıstanda müqəddəsdir, İstanbulda erotik. 

“İstanbul vəfasız sevgiliyə bənzəyir” 

- Burada həmişə fərqli hadisələr baş verir, amma sənə yenə də əziz gəlir. “Serenad” romanımda belə bir cümlə var: “İstanbul vəfasız sevgiliyə bənzəyir. Sənə həmişə xəyanət edir, amma sən yenə də onu sevməyə davam edirsən”. Həqiqətən belə şəhərdir. Məsələn, Atatürkün İstanbuldan xoşu gəlmirdi. Çünki Osmanlının paytaxtı olduğu dönəmlərdə çox dəhşətlərə yuva olmuşdu. Hərbini burada oxumağına baxmayaraq, Milli Qurtuluş savaşından və dövlət başçısı olduqdan sonra illərlə bura ayaq basmayıb. Ankarada - Bozkırın ortasında yeni, tərtəmiz bir şəhər yaradıb. Ancaq köhnə şəhərin dadını bilənlər, yeni şəhəri onun qədər sevə bilmədi. Elə hey bura can atdılar. 

“Hər səmtinə, hər küçəsinə şeir yazılan şəhər” 

- İstanbul sehirli şəhərdir. Bütün dövrlərdə haqqında saysız şeirlər yazılıb. Yunan ordusu ilə birlikdə türklərə qarşı savaşan, türklərdən nifrət edən ingiltərəli şair Lord Bayron Türkiyəyə gəlib Boğazı görəndə heyrət etmişdi: “Belə möcüzə ola bilməz, dünyada ola bilməz” sözləri ilə heyranlığını dilə gətirmişdi. Qeyd edim ki, o dövrlərdə Boğazın suyu daha təmiz və duru idi. Eyni zamanda, Yəhya Kamal, Atilla İlhan, Nazım Hikmət kimi böyük şairlərimiz İstanbulla bağlı şeirlər yazıblar. Atilla İlhanın “Ben sana mecburum” şeirində bir çox səmtlərin adını görmək mümkündür. Ümumiyyətlə, bu şəhərin şeir yazılmayan səmti, küçəsi demək olar ki, yoxdur. Ən çox da Yəhya Kamal İstanbul aşiqi idi. Onun adı həmişə İstanbulla birgə çəkilir. Klassik türk musiqisinin önəmli adlarından olan Munir Nurəddin Səlcuq da bu şəhərlə bağlı xeyli əsərlər bəstələyib.

“Kamal Sunalın içindən Rəcəb İvedik çıxdı” 

- Bugünkü İstanbul mənim gözümlə baxanda başqa cür görünür. Süni şəkildə böyüdüyü üçün şəhər, Boğazı çıxmaq şərtilə, gözəlliyini itirib. Şəhərin əhalisi 1960-cı illərdə 1 milyon idi. İndi isə 15 milyondan artıqdır. Amma dəqiq say bilinmir. O vaxtlar bura Anadoludan ardı-arası kəsilməyən köç başladı. Bələdiyyələr seçkilərdə səs toplamaq üçün “gəlin” dedilər. Qanunsuz tikililər, gecəqondular, icazəsiz məhəllələr yaradıldı. Nəticədə yavaş-yavaş şəhərin sahibinə çevrildilər. Aktyor Kamal Sunal mənim dostum idi. Onun filmlərində belə bir prototip vardı.  Kənddən şəhərə gəlir, çaşğınlıqdan başını itirir. Gah gülür, gah təəccüblənir, göydələnlərə, qızlara baxır, danışa bilmir, heyrətdən əli tərləyir. Bunu Şaban obrazı ilə göstərir. O vaxt İstanbula gələnlər həqiqətən elə idi. Sonra nə oldu? Yavaş-yavaş şəhərə sahib oldular, qohum-əqrabalarını yığıb gətirdilər, daha da böyüdülər, nəticədə o utancaq Şabanın içindən hər kəsi söyən, alçaldan Rəcəb İvedik çıxdı. Bu, mənim sosial müşahidəmdir. Vaxt ötdükcə şəhərin estetikası pozuldu. Eybəcər binaların, plansız tikililərin sayı artdı. Şəhərin 80 faizi qeyri-qanuni tikililərlə doludur. Bakıda, Moskvada, Romada bunu etmək mümkündürmü? Yox! Dünyada belə plansız şəhər yoxdur. 

“Balıq restoranlarının sayı azaldı, kababçılar çoxaldı” 

- Burada sosial həyat çox dəyişdi. Artıq köhnə İstanbul yoxdur. Əvvəl bu şəhər yunanların, yəhudilərin, müsəlmanların qurduğu bir sintez idi. Təbii ki, yunan şəhəri idi. Son dönəmlərə qədər xristianlar müsəlmanlardan həmişə çox olublar. Bura dünyanın ilk kosmoplit şəhəri olub. İndiki London, Paris, Nyu-York kimi... Amma İstanbul bunu itirdi və təəssüf ki, yalnız türklərin və köç edən kürdlərin şəhəri oldu. Yemək kültürü də dəyişdi. İndi hara baxsan, şərq yeməklərinin hakim kəsildiyi restoranlar, “lahmacunçu”, kababçı ilə göz-gözə gəlirsən. Əvvəl belə şeylər görə bilməzdin, hər tərəf balıqçılar, balıq məkanları ilə dolu olardı.

Əgər şəhərləri qadın və kişi deyə cinsə ayırsaq, mənə görə İstanbul qadındır, Ankara kişi... Tarix boyu İstanbula aşiq olan, heyran qalan çox olub. Doğrudur, bura acı xatirələrlə doludur, amma şəhərlərin ömrü uzundur. Dünyanın ən böyük adları İstanbuldan gəlib keçib. Ruslar, bolqarlar, fransızlar, ingilislər - hamısı İstanbulun özlərinə məxsus olmasını arzulayıblar. Bir qızın bu qədər çox elçisi olarsa, axırda tək qalar. İstanbul da belə qurtuldu.

- Siz də İstanbulu tərk edənlərdənsiniz, deyəsən...

- Tərk etmək deməzdim. Bura gəlib gedirəm. Nəşriyyatım, dostlarım, digər işlərim buradadır. Amma mənim yazmağım lazımdır. Yazmaq üçün sükunətə ehtiyacım var. Tıxacda vaxt itirməməyim lazımdır. Özünüz də görürsünüz, İstanbulun tıxacı dözülməz və həlli mümkün olmayan mərhələyə çatıb. Bodrumda bağım, içərisində ağaclar, çiçəklər, əsrlərlə yaşı olan zeytunlarım, hətta heyvanlarım da var. Ona görə də Bodruma çəkilmişəm. Ora da gözəl yerdir. Tarixin atası olan Heredotun doğulduğu, böyük İsgəndərin fəth etdiyi torpaqdır. O zamanlar adı Halikarnas olub. Amma istənilən halda İstanbul İstanbuldur - hamını köhnəldir, özü İstanbul olaraq qalır!

Bu söhbətdən bir gün sonra Zülfü Livaneli Bodruma, mən Bakıya uçdum. Sonuncu gün yağış kəsmişdi, heç külək də əsmirdi. Hətta qaçıb gizlənən günəş buludların arasından yavaş-yavaş süzülürdü. İstanbul yenə şıltaqlığını etmişdi...

İstanbul

 





02.03.2019    çap et  çap et