525.Az

Kiçik həyatlardan böyük filmlərə - Şahanə Müşfiq


 

NURİ BİLGƏ CEYLAN YARADICILIĞI HAQQINDA İKİNCİ YAZI

Kiçik həyatlardan böyük filmlərə - <b style="color:red">Şahanə Müşfiq </b>

Müsahibələrindən birində gənc rejissorlara “doğru bildiyin yolda tək get” deyir Nuri Bilgə Ceylan... O, həmin an rejissorlara şamil etmişdi bu fikri, amma elə insanlığa, insanlara da verilən bir mesaj idi, əslində. Ceylanın demək olar ki, bütün filmlərində verdiyi mesajın bircə cümləyə sığışdırılmış şəkli...

Təkdir insan oğlu. Kənddə də, şəhərdə də, böyük meqapolislərdə də, kiçik qəsəbələrdə də. İlin on iki ayı, günün iyirmi dörd saatı tək. Bu yaxınlarda baxdığım bir video çarxda təklikdən danışırdı adam. Təklik və darıxmaqdan. Söhbətinin bir yerində diqqətimi çəkən ifadə işlətdi: “Tək insan darıxırsa, demək, ağılsızdır”. Haqlıdır, yoxsa yox, insana və situasiyaya görə dəyişən bir yanaşmadır. Ancaq tək insanın özü üçün çoxluq içərisində sıxılan insandan daha verimli və daha faydalı ola biləcəyini də gözardı etməmək lazımdır. Bəlkə də insanın özü üçün edə biləcəyi ən gözəl fəaliyyətlər elə tək ikən edilir: kitab oxumaq, musiqi dinləmək, film izləmək, hansısa mövzu haqqında araşdırma aparmaq, ya da sadəcə özünü dinləmək kimi...

Nuri Bilgənin də qəhrəmanları təklərdir. Bunu artıq ötən həftəki yazımızda danışmışıq. Ancaq bu insanlar təklikdən elə də şikayətçi deyillər. Tənhalıq onların bir fərqi, özünəməxsusluğudur. Onlar məhz tənhalıqları ilə başqalarından seçilirlər. Və onlar təkliklərindən nə cürsə istifadə etməyə meyillidirlər. Kimisi meşəylə, ağaclarla məşğuldur, kimisi kino çəkmək sevdasındadır, kimi yazıçı olmaq istəyir, kimisi sadəcə yazır, kimi özüylə başbaşa qalıb kim olduğunu, ya da kim olacağını düşünür... Amma onların həyatında yenə də nəsə çatmır. Hamımızda olduğu kimi...

“Qəsəbə”dən çıxmaq, ya çıxmamaq?..

Gənclərə verdiyi tövsiyə elə-belə deyildi. Bilavasitə öz üzərində tətbiq etdiyi bir fikir idi. Çəkdiyi “Qoza” qısametrajlı filmi ilə təkcə türk kinomatoqrafiyasına deyil, eləcə də dünya kino səhnəsinə pərvazlanan Ceylanın önündə gedəcəyi uzun və şərəfli yaradıcılıq yolu var idi. O da bunun fərqində idi. Yaradıcı insanın uğur sirri həm də özündən başlamağı bacarmasıdır. Çünki o, özünü, öz yaşadığı dünyanı hər kəsdən və hər şeydən daha yaxşı tanıyır. Buna görə də “Qoza”da başladığı və ona uğur gətirən tendensiyanı sonrakı filmlərində də davam etdirməklə bir silsilə yaratmağı bacardı.

İlk filmindən iki il sonra yenidən bəyaz pərdədə rejissor Nuri Bilgə Ceylan adı yazıldı. Bu dəfə o, “Qoza”dan çıxan tamaşaçısını kiçik, darıxdırıcı, amma bir o qədər də maraqlı detallarla dolu “Qəsəbə”yə atmışdı. 1997-ci ildə çəkilən bu film Ceylanın ilk uzun filmi idi.

“Qəsəbə” filmində tipik bir Anadolu qəsəbəsində yaşayan, üç nəsli özündə ehtiva edən ailənin timsalında həmin dövr insanı, yaşantısı, sıxıntıları daha çox uşaqların baxış bucağı altında anladılır. Qəsəbə kəndlə, şəhərin arasında sıxılıb qalan, şəhərə can atsa da, kəndin buxovlarından qurtula bilməyən, sakinlərinin də bu məngənə içərisində çabaladığı bir yerdir.

Rejissor cəmi 85 dəqiqəlik filmdə görünüşcə kiçik, yaşantıda isə böyük qəsəbə həyatının hər məqamını ustalıqla tamaşaçısına çatdıra bilir. İlin dörd fəslinin hər birindən səhnələr, epizodlar alan rejissor sanki fəsillərlə birgə insanın da dəyişkən ruh halını ekran önünə gətirir.

Yarı avtobioqrafik olan bu filmdə də rejissorun atası, anası (Emin və Fatma Ceylan) və qohumları rol alıblar. 1970-ci illərin Anadolusunun özünəxas ruhu kiçik bir qəsəbəyə sıxışdırılıb. Film qış fəslində uşaqların çətinliklə məktəbə getməkləri və məktəb həyatının təsvirilə başlayır. Rejissor insanın cəmiyyətlə, sosioloji həyatla, insanlarla ilk tanışlığının məhz ibtidai sinifdən- məktəbdən başladığı bu yolla vurğulayır. Hiss olunur ki, müəllim (Lətif Altıntaş) də hardansa başqa bir yerdən təyinatla bu qəsəbəyə gəlib. Çünki o da buraya yaddır. Biz tamaşaçılar kimi... Bizim filmi izlədikcə keçirtdiyimiz təəccübü, marağı və həyəcanı o, bizdən öncə yaşayır. Gəlib düşdüyü bu qəsəbəyə hələ də alışmadığı, amma dərindən öyrənmək ehtiyacı tez-tez pəncərədən baxmağından və şagirdlərinin davranışını ən incə detallarına qədər müşahidə etməyindən bilinir. 

Sonrakı səhnələrdə rejissorun böyük bacısının prototipi olduğunu düşündüyümüz Asiyə və özündən dörd yaş kiçik qardaşı (Ceylanın uşaqlığının prototipi) Əlinin meşədə gəzintisi, təbiətə olan münasibətləri tipik Nuri Bilgə yanaşmasını əks etdirir. Məktəbdə insanlarla, cəmiyyətlə tanış olan uşaqlar hələ də təbiətlə iç-içədirlər. Onların meşə səyahəti bir növ təbiəti, heyvanlar dünyasını öyrənmək cəhdləridir. Bu cəhdlərə daha çox balaca Əlidə rast gəlirik. O, yaşından irəli gələn saflıqla ətrafda gördüyü hər şeylə maraqlanır, öyrənməyə çalışır. Onun bu səyahətdəki bələdçisi isə bacısıdır. Meşə həm də kiçik qəsəbədə, dar imkanlarda yaşayan uşaqların oyun yeridir. Onların oyuncaqları ağac budaqları, meyvələr, giləmeyvələr, kiçik heyvanlardır. Balaca Əlinin tısbağanı tərs çevirməsi isə insanın hələ kiçik yaşlarından günaha meyilli olmasını göstərir.

Uşaqların evə gəlib çıxmasıyla onların ailəsi ilə tanış oluruq. Olduqca sadə həyata malik bu ailənin fərdləri özlüyündə mürəkkəb xarakterə, ruh halına sahibdirlər. Bunu da ailənin elə təbiətin qoynunda, qarğıdalı tarlasında, ocaq başındakı söhbətlərindən hiss edirik. Bayaqdan öz uşaq dünyalarında və təbiətlə münasibətdə məsumluq və saflıqdan başqa bir şey görməyən balacalar, birdən-birə böyüklərin mürəkkəb, qaranlıq, sərt dünyasının şahidinə çevrilirlər. Bütün nəsilləri təmsil edən ailə fərdlərinin söhbətlərindəki fərqlilik, müxtəlif dünyagörüşləri bəzən fikirlərinin toqquşmağına səbəb olur. Bu da özlüyündə gərginlik yaradır. Ancaq əlbəttə, onlar bir-birinin doğmasıdırlar. Ona görə də müəyyən qədər bir-birinə güzəştə getməyi də bacarırlar.

Bədəni Yenicə qəsəbəsində sıxışıb qalan, düşüncələri isə dünyalar aşan Saffət (Mehmet Əmin Torpaq) filmin ən mürəkkəb və sirli xarakteridir. Nə o, özündən əvvəlkilərin düşüncələrini qəbul edir, nə də öz düşüncələrini aydın şəkildə çatdıra bilir. Onun ailənin digər fərdlərinə qarşı gizli aqressiyası da məhz bundan qaynaqlanır.

Kiçik qəsəbədə pərçimlənib qalan insanların sıxıcı, monoton həyatını, şəxsiyyət problemlərini özünəməxsus ironik toxunuşlarla mavi ekrana daşıyan rejissorun bu filmi də improvizələrlə zəngindir. Filmin ağır tempi qəsəbə həyatının ağırlığını, dəyişməzliyini ehtiva edir. Filmin ağ-qara çəkilməsi isə özündə daşıdığı neqativliyin bir göstəricisidir.

Nuri Bilgə Ceylanın vazkeçilməzi olan Tarkovskidən səhnələri, sitatlarıyla bəzədiyi “Qəsəbə” filminin ilk dünya premyerası 1998-ci ilin fevral ayında Kann film festivalında baş tutub. İstanbul, Berlin və Köln film festivallarında qazandıqları uğurlar isə Nuri Bilgə Ceylanın kino çəkmək əzmini daha da artırır.   

Kinonun “May sıxıntısı” 

“Qəsəbə”dən iki il sonra (1999) çəkilən “May sıxıntısı” ilə rejissor bizi dörd il öncədən- “Qoza” filmindən başlayaraq yaxından tanıdığımız qəsəbəyə aparır. Bu səyahətimizdə biz müəyyən qədər rejissorun ilk işinin necə yaranması ilə tanış oluruq. “May sıxıntısı”nı da avtobioqrafik filmlər silsiləsindən hesab etmək olar.

Filmin baş qəhrəmanı Müzəffər (Müzəffər Özdəmir) uzun müddətdən sonra uşaqlığını keçirtdiyi qəsəbəyə dönür. Bu dəfəki gəlişində məqsəd film çəkməkdir. Ancaq nə büdcə var, nə də aktyor. Onun bu dönüşü may ayına təsadüf edir. Yazla yayın arasında olan may əslində, havaların gözəl, insanların şən zamanıdır. Amma rejissor yozumu mayı fərqli şəkildə təqdim edir. Kiçik qəsəbə insanının, büdcəsiz rejissorun, işsiz-gücsüz, yalnız şəhər xəyalları ilə yaşayan gəncin həyatında may ayının digərlərindən elə də fərqi yoxdur, sıxıcıdır ki, sıxıcıdır.

Müzəffər filmini çəkmək dərdindədir. Amma bu qəsəbə sakinlərinin, elə onun  ailəsindəki fərdlərin də hərəsinin öz dünyası, öz dərdi var. Atası Emin (Emin Ceylan) tarlasının yanındakı ağaclıq bölgəni öz tarlasına qatmaq istəyir. Doqquz yaşındakı dayısı oğlu Əli (Məhəmməd Zımbaoğlu) atasına musiqili saat aldırmaq üçün çalışır. Buna görə də bibisinin imtahanından keçməlidir: bir yumurtanı qırx gün qırmadan cibində daşımaqla. Onun Müzəffərlə bu mövzudakı söhbəti də maraqlıdır. Müzəffər ona bu imtahandan rahat keçməyin yollarını göstərir: “məktəbdə olan yumurtanı bir yerdə gizlət, evə gələndə gətir”, “yumurtanı qaynat qırılmasın” və s. Uşaq isə bunların heç biriylə razılaşmır, “hiylə işlədə bilmərəm, yalan danışa bilmərəm, onda həqiqətən imtahandan keçmiş sayılmayacam”- deyir. Bu, “Qəsəbə” filmində də qarşılaşdığımız saf uşaq dünyasının daha bir nümunəsidir. Böyüklər hər şeyin asanını, rahatını tapmaq istədikləri, bu yolda hansısa hiylələrə belə əl atmaqdan çəkinmədikləri halda, uşaqlar hələ məsum, hələ körpə, hələ dürüstdürlər. Bu cəmiyyətdə nə qədər belə qalmağı bacaracaqları isə sonrakı filmlərin mövzusudur.

“Qəsəbə”dən tanıdığımız Saffət (Mehmet Əmin Torpaq) universitetə daxil ola bilməyib və əlacsızlıqdan fabrikdə işləyir. Amma o, hələ də fərqli və maraqlı dünya vəd edən İstanbula köçmək xəyalları ilə qəsəbədəki sıxıcı günlərini yola verməkdədir. Ona xəyallarına gedən yolda ilk ümid qapısını isə Müzəffərin film işi açır. O, qohumundan bunun üçün kömək istəyir, Müzəffərin onu da özüylə İstanbula aparacağına inanır.

Göründüyü kimi, filmdə hər kəsin fərqli, bambaşqa xəyalları var. Müzəffər sanki Nuri Bilgə Ceylanın öz xəyallarının carçısıdır. Ceylanın xəyalları isə film çəkməkdir. Ancaq adi, hər kəsin bildiyi film deyil, tamamilə fərqli film. Bəlkə də hər kəsin xəyallarının filmini çəkmək idi rejissorun da xəyalı. Fəqət bütün xəyallar gerçək olmur. Ya da bütün xəyallar xoşbəxtlik gətirmir. “May sıxıntısı” da bəzən xəyalların belə insana sıxıntılar verə biləcəyini tamaşaçıya xatırladır.

Bu filmdə də digər iki filmdə olduğu kimi təbiət-insan münasibətləri ön plana çəkilib. Yaşlı insanın ağaclara, meşəyə bağlılığı “Qəsəbə”də təbiəti öyrənən uşaqları xatırladır. Həyatının ilk illərində təbiəti öyrənən insan ömrünün son çağlarında yenidən təbiətə qayıdır, bu dəfə onunla üzləşmək və bütünləşmək üçün.

“May sıxıntısı” da rejissoruna kifayət qədər uğurlar qazandıran bir film oldu. 36-cı Antalya Altın Portağal Film Festivalı (1999), İstanbul Beynəlxalq Film Festivalı (2000), Ankara Beynəlxalq Film Festivalı (2000), Buenos-Ayres Beynəlxalq Film Festivalında (2001) müxtəlif mükafatlarla adını Türkiyə kinomatoqrafiyasına yazdırmağı bacardı.

Nuri Bilgə isə bilir, ən böyük uğurlar hələ qazanmadıqlarımızdır. Onu da qarşıda hələ çox filmlər və çox mükafatlar gözləyirdi...

 





02.03.2019    çap et  çap et