525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin "Facebook" statuslarından seçmələr


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin "Facebook" statuslarından seçmələr</b>

Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə, bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”.

Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən sosial şəbəkə statuslarını “fastfood” yeməklərə bənzədirəm! Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı və razılaşmalıyıq!

10 ildir ki, feysbukdayam! Sosial şəbəkələrin meydan suladığını gördüyüm üçün kitabın və klassik kağız qəzetlərin gələcəyinə skeptik yanaşmağa başlamışam!

Statuslar yazmağım isə ovqatımdan asılıdı - bəzən hansısa ictimai-siyasi hadisələrə münasibətimi operativ olsun deyə sosial şəbəkələrdə bildirirəm. Hərdən də qaçhaqaç həyatımızda əlçatmaz olan bədii yaradıcılıq arzusu yeni status - esselərin yazılmasına səbəb olur! Ona görə zaman keçdikcə geriyə çevirib baxanda bu statuslar həm qəlbin, həm ovqatın, həm də sürətlə bir-birini əvəz edən gündəmlərin xronologiyası təsiri bağışlayır.

Günün birində ağlıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc etdirim?! Bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə də bəlkə ilki mən edim!? - deyə düşündüm. Beləcə, “Qələmsiz yazılanlar” kitabından daha bir hissəni “525”in oxucuları üçün hazırladım.

2019 

Allah bu zülmü yerdə qoymaz! Bəndənin gördüyü zillətdən, çəkdiyi məşəqqətdən qanı donanda, zalımı, qatili cəzalandıra bilməyəndə ümidi Allaha qalır! 27 il əvvəl Ağdamda sağ qalan Xocalı sakinlərindən baş verən faciəni ilk eşidənlərin dilində bu sözlər tez-tez səslənirdi! - Allah bu zülmü yerdə qoymaz! Bu qədər zaman keçib, qatillər hələ də cəzasını almayıbsa... Vaqif Səmədoğlunun misrası yada düşür:  Allaha kömək vaxtıdır! 

*** 

İqtisad Universitetinin (UNEC) tələbələri Əli Əmirlinin “Ünvansız qatar” pyesini səhnələşdiriblər. Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində bu təsirli pyesin tələbələr tərəfindən Gənc Tamaşaçılar Teatrı səhnəsində oynanılması ilk növbədə Xocalı faciəsinə gənclərin münasibətinin ifadəsi, yaddaşımızı bir daha oyatmaq, diri saxlamaq baxımından önəmli oldu. Tələbələrdən bəzilərinin öz rollarını peşəkar aktyorlar səviyyəsində, olduqca ürəkdən ifa etməsi bizi heyrətləndirdi. Universitetdə yaradıcılıq Mərkəzinin yaradılması burdakı sağlam mənəvi mühitin göstəricisidir. Çox xoşdur ki, UNEC-də mədəniyyət, ədəbiyyat məsələlərinə, mənəvi dəyərlərə belə hörmətlə yanaşılır. Əminəm ki, belə əsərlərin, pyeslərin səhnələşdirilməsi, eləcə də digər mühüm mədəni hadisələr bizim gələcək iqtisadçıların yaddaşında tələbəlik illərindən unudulmaz duyğular kimi qalacaq.  

*** 

İmdat Avşar son illərdə Azərbaycan ədəbiyyatından 100-ə yaxın kitabı Türkiyə türkcəsinə uyğunlaşdırıb! M.F.Axundovdan başlayaraq çağdaş gənc yazarların əsərlərinəcən əksər yazıçıları çevirib. İmdatın diqqətindən kənar qalan az yazıçı tapılar! Bakıya hər səfəri çoxlu yaradıcılıq layihələrinə təkan olur! Bu dəfə də Xocalı faciəsiylə bağlı Türkiyə türkcəsinə çevirdiyi kitabın təqdimatında iştirak etmək üçün gəlib! Görüşdük, söhbətləşdik, Ankaradakı, ana yurdu Kırşəhirdəki tədbirlərimizi xatırladıq!

*** 

Miqrasiya Xidmətində görüşdəyik. Xidmət rəisi Vüsal Hüseynov xoş təsir bağışladı! Problemlərin həllini sərt inzibati cəzalarda yox, şəffaflıq və məmnunluq yaratmaqda görməsi isə rəğbət doğurdu!..  

*** 

Doğurdan da, sulu qar yağır! :) Meteoroloji saatınacan dəqiq dedi bu dəfə... :)  

*** 

Çəpərə, kameraya verdiyiniz pula ağac əkin, meşə salın da! Bir də keçmiş nazirin avtobanın kənarlarında əkdiyi ağacları sulayın!..  

*** 

Bakı Nəqliyyat Agentliyi sürücülərə qan uddurur!!! Bundan yumşaq söz demək çətindir! Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur!!! Agentlik rəhbərliyi isə bu qədər narazılığın qarşısında susur, sərt qərarını ləğv etmir, heç olmasa yumşaltmır! Heyf, o kameralara verilən pullardan! Bir azdan svetoforda, tıxacda dayanan maşınlara da cərimə kəsməsələr yaxşıdır! Niyə dayanmısan, uç?!.. :)  

*** 

2004, ya 2005-ci il idi, deyəsən. Avropa Şurası Parlament Assambleyasının iclasları vaxtıydı. Vaqif Səmədoğluyla Strasburqda gəzirdik. Bir restoranın adı Vaqif müəllimin diqqətini çəkdi, gülümsədi və “gəl, burda şəkil çəkdirək” - dedi. Anı Parisdə yaşayan dostum, yazıçı Şahin Sinariya əbədiləşdirdi! Restoranın adı “Pivə Akademiyası” idi.) 

*** 

Gərgin tədbirlərlə, qaçaqaçlarla dolu həftənin 5 iş günündən sonra yağışlı-çiskinli şənbəyə nə ad vermək olar?! Oxu və yuxu günü. :) 

*** 

Artıq canlı efirdə yeni sədrə təşəkkürlər başladı! Hərəkət lazımdır, hərəkət! Dinamika)

***

Kübar xeyirxahlıq və təmənnasız yaxşılıq insanı təsirləndirir, kövrəldir! Həm də yəqin az-az rastlaşdığımıza görə... 

2018 

İnstaqrama baxanda feysbuk daha sivil bir məkan imiş...  

*** 

... Bir bomj “həmkarının” öldüyünü görür. Yaxınlaşıb baxır ki, ölənin yanında yarımçıq araq, para soğan, dişlənmiş alma var. Deyir, bunun ki hər şəraiti varmış, bu niyə ölüb?!  :) 

***

Rus yazıçısının fikridir: Ən təhlükəli axmaq təşəbbüskar axmaqdır!

***

Pul hər şey imiş ??!!  

2017 

Deyir, şeir şamanlıqdır! Ruh ovlamaqdır! Ruhun heç olmasa diqqətini çəkmirsə, azca tərpətmirsə, deməli, şeir deyil! Şeir həm də söz və səs hadisəsidir! Ruhu təkcə sözlə ovlamaq çətindir, səs də yardım etməlidir! Yəni şeirin ahəngi, intonasiyasında da ovsun olmalıdır!

***

- Hardasa bir işıq yanmalı, bir it hürməlidi, axı...  

2016 

Yenə də bahar qayıdır!

***

Hay-küy, dingiş musiqi, yüngül şou beyni kütləşdirir, düşünməyə imkan vermir!

***

“Min bir gecə” nağılları misilsiz həyat reseptidir.

2015 

Akif Aşırlı deyir ki, məni Az.TV-yə çağıranda getmək istəmirəm! Kənddəkilər baxıb düşünür ki, Az.TV-yə çıxıbsa, deməli, “böyük” adamdır! Sonra o qədər xahiş edirlər ki, qarşısında dura bilmirəm! :)

***

Sevgi fədakarlıqdır, yorulmadan, dayanmadan, təmənnasız sevinc və rahatlıq, asudəlik bəxş etməkdir, sevindirməkdir! Büt bilməkdir! Belə sevgi adamı güclü, əyilməz edir! Yerdən qoparır, Göylərdə yaşadır!

***

Ovqat yaxşı olanda yağışlı, buludlu havada da Günəş “imkan tapıb” bir tel şəfəqini göndərir.

***

Deyir, gördün sıxılırsan, stresdə, depressiyadasan, adam içinə çıx, özünə qapanma!

Adam içində ya özün kimilərini görüb tək olmadığına təskinlik tapacaqsan, ya da kimisə tapacaqsan! :) Bütün hallarda adamlar müalicədir, xilasdır! 

2014 

Qadın həbsxanasında məhbuslar arasında voleybol yarışı keçirilir. Qalib komandanın üzvləri hər qələbə topuna sevinib qışqırır, atılıb düşürlər! Fikirləşirsən ki, xoşbəxtlik, doğurdan da an işidir!..

***

Camaat çörəyi qulağına yemir. - Müdrik qənaətdi! Xalqa inam və heyranlıqla doludur! Sən məni avam yerinə qoya bilərsən, mən də özümü heç nə olmamış kimi göstərə bilərəm! Amma... amma hamı hər şeyi görür və bilir!  

2011

Keçmişı dəyişmək olmaz! Heç gələcəyi də...

 





04.03.2019    çap et  çap et