525.Az

Sözün bənövşə duruşu - Əsgər Rəsulun şeirləri


 

Sözün bənövşə duruşu - <b style="color:red">Əsgər Rəsulun şeirləri </b>

Görkəmli şərqşünas alim, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, professor Əsgər Rəsulovun sabah - martın 3-də 65 yaşı tamam olur. 

Elmi və ictimai fəaliyyətilə yanaşı, bədii yaradıcılığı, tərcümə sahəsindəki dəyərli işləri Əsgər Rəsulovu çağdaş Azərbaycanın ən sanballı alimlərindən və söz adamlarından biri kimi geniş tanıdıb.

Ə.Rəsulov qardaş Türkiyə ədəbiyyatının bilicisi olaraq ciddi elmi-ədəbi nüfuz qazanıb. Dərin və əhatəli bilik, zəhmətsevərlik, fədakarlıq, səmimiyyət, təvazökarlıq professor Ə.Rəsulovun şəxsiyyətini səciyyələndirən ümdə cəhətlər, alim və insan kimi portretini tamamlayan parlaq və qabarıq cizgilərdir. Bədii sözə, xüsusən də şeirə məhəbbəti və poetik yaradıcılığı isə onu ədəbi mühitə daha da doğmalaşdıraraq, sıx tellərlə bağlayıb.

“525”in kollektivi isə, uzun zamandır ki, professor Ə.Rəsulovu həm də bu qəzetin ən sadiq oxucularından, çox fəal müəlliflərindən biri kimi tanıyır və sevir. Odur ki, 65 illiyi münasibətilə dəyərli Əsgər müəllimi ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, yeni uğurlar arzulayırıq.

Müəllifin özündən xəbərsiz toplayıb təqdim etdiyimiz bu şeir çələnginin  yubilyara da, oxuculara da kiçik bir töhfəmiz kimi qəbul olunmasını istərdik.

Əsgər RƏSUL

Sözün bənövşə duruşu
                 
“Səsinin bənövşə duruşu vardı”
(Orxan Paşa)

Qatlayaraq bir ucundan,
Qarabağı xalı kimi.
Düşmən şələləyib getdi,
Dədəsinin malı kimi...

Buztək İsa bulağının,
Qaynayan gözü üşüyür.
Qan donduran Xocalıda
Alovun özü üşüyür.

Kişilərin başı əyik,
Qadınların boynu bükük.
Torpaqdan daha ağırdı,
Namus bəlası adlı yük...

Yorğunluq

O qədər yorğunam, barmaqlar belə,
Hərflərə qonmağa tənbəllik edir.
Elə bil qələm də yadlaşıb ələ,
Fikrim mürgü vurur, yuxuya gedir...

Arzular, ümidlər suya düşübdü,
Xəbərlər uydurma, xəbərçi yalan.
Tərs kimi, yaddaş da bərk ilişibdi,
Xarab qramofon valıtək çalan...

Canımda əzginlik bir əlçim ələm,
Bədənim ruhumu daşıya bilmir.
Nə yola salan var, nə də gözləyən,
Dünya da mənimlə yaşaya bilmir...

“Min bir gecə”nin də nağılı bitib,
İllərdir tapılmır min ikincisi.
Doğru əyrilərin içində itib,
Parlaq sədəfin də çürük incisi...

Susub dinləyirəm dörd bir yanımı,
Kədər var, sevinci udub bu dünya.
Astadan deyirəm “Ya Rəsulillah”,
Qeybdən səs gəlir  “Ave Mariya”...

Sənsizlik xofunun dumanı, çəni,
Yenə asta-asta çökür canıma.
O qədər yorğunam, qınama məni,
Qorxuram deməyə dur gəl yanıma...

Bir yuxu görmüşəm

İçim yasa bürünüb,
İki sətir yazınla.
Sanki yuxu görmüşəm,
Yuxu yozan, yozumla...

Torpağa basdırmırıq,
Hüzurla ölümüzü.
Haqqıyla yaşatmağı,
Bilmirik dirimizi.

Hər kəsin iç dünyası,
Çöl dünyasından iri.
Biri ruhla doludur,
Boş bir heçlik o biri.

Dünya çəhrayı deyil,
Sənin gördüyün rəngdə.
Göyqurşağı qarışıb,
Ağlayır boz ahəngdə.

Həsəd, qibtə, lovğalıq,
Mənasızdır, hədərdir.
“Hər kəsin ağırlığı,
Yer çəkimi qədərdir”.

İçimiz - evimizdir,
Hüzur istər, can istər.
Kaş yuxum çin olmaya,
Sanki dünya can üstdə...

Günaha dəvət

Üz-üzə dayandıq, baxışlarımla,
Dedim yorulmuşam, əlimdən yapış.
Başımı söykəyim isti qoynuna,
Qondur dodağıma islaq bir öpüş...

Yəni bilə-bilə günah işləyək,
Tövbəsiz günahın vəbalı mənim.
Ömrün qış fəslində gəzirdim çiçək,
Bu, qara sevdaydı, bəlalım mənim.

Bilirdim, bu yaşın sevdası dəli,
Nə ümid işığı, nə vüsalı var.
Elə ki, yapışdı yaxandan əli,
Dibsiz kor quyuya sürüyüb salar...

Gözlərin gözümə tuşlandı qəmgin,
Baxışın mətləbi qandırdı - olmaz...
Bəyaz saçlarımdan utandın yəqin,
Vallah, mən özüm də utandım bir az...

Yeni fikir

Yeni söz söyləmək dərdi,
Səni təşvişə salmasın.
İlham pərisi gen gəzir?
Gəzsin, qanın qaralmasın.

Təki sənin deyilməyə,
Təzə fikrin, sözün olsun.
Gizlində yatan mətləbi,
Görə bilən gözün olsun.

Nöqtə, vergül, kəlmə bayat,
Bakir olan fikir, duyğu.
Sən köhnədən yeni yarat,
Göstər düşüncəyə qayğı.

Fikir duvağa bürünən,
Qız-gəlin biçimindədir.
Nimdaş qabıqlı sədəfin,
Mirvarisi içindədir.

Gizlənib

Eşq ürəkdə gizlənir,
Yalan dilin bağında...
Zalımın zalımlığı,
Məzlumun susmağında...

Bəzən heç adil deyil,
Kimsəsizlər kimsəsi...
Yoxsa boğmaq olarmı,
Ədalət deyən səsi.

Brutlar yaman artıb

“Alov dənizlərindən
Keçib şamdan qayıqla”,
Getməyə qərarlısan...
Bəsdir, azca sayıqla!

Lövbəri sal, külək yox,
Səbir rahat limandır.
Ümidə güvənmə çox,
Yarı yolda qoyandır...

Can yaxır, can dediyin,
Göz deşir özününkü.
Zəhər olur yediyin,
Brutlar artıb çünki...

Sayıqlama

Yenə hər yanım ağrıyır,
Yenə də yaman gündəyəm.
Bədənim yataq dustağı,
Ağlım ilə sürgündəyəm.

Təzə-tər torpaq qoxusu,
Gəlir doğma bir məzardan.
Ustad haqlı - qurtuluş yox,
Anlamaq adlı azardan...

Nəvələrimə

İlkin ilk qızımın tək göz ağrısı,
Artıq on altıya qədəmin atıb.
İlahi, bu fidan nə tez böyüdü,
Boyu atasının boyuna çatıb...

Səidə balanın on bir yaşı var,
Adıtək ağgünlü, bəxtəvər quzum.
Kiçik bacısına bərk-bərk sarılar,
Analıq eləyər ağıllı qızım...

Melissa çiçəkdir hər kəsə məlhəm,
Nazlı, bənövşəyi, zərif bir çiçək.
Bəzənib-düzənib saç darayanda,
Doqquz yaşında da hamıdan göyçək...

Oğlum öz oğluna adımı verdi,
İlahi, bəxtini sən ver birbaşa.
Ancaq kərəm eylə, yazdığın dərdi
Mən özüm çəkərəm, qıyma adaşa...

Vicdan küləyi
                                                                  
Bu külək insanın çölündə əsməz,
İçini yandıran, alov saçandır.
Küləklər içində ən qorxulusu,
Vicdan qapısını vurub açandır.

Əzabı əsdimi, Allah qorusun,
İnsanın ruhunda tufan qoparar.
Dinşəyib səsini rahatlatmasan,
Dönər burulğana, səni aparar...

Peşmanlıq

Niyə küsdürdün o qızı,
Çıxıb getdi, qaldı nazı,
İndi dönməyə yox üzü,
Ağız susur, söz utanır...

Kaman da saz, kamanə də,
Tel də sağlam, tazanə də,
Dəyişməyib zamanə də,
Çalan naşı, saz utanır...

Bir sevda ki, dilə gəlməz,
Sı nan ürək ələ gəlməz,
Ha ağla, bir gilə gəlməz,
Yaş quruyub, göz utanır...

Dünyamı dəyişdi, bizmi yaşlandıq...

İlahi, bu dünya beləmi olub,
Bineyi-qədimdən möhrəsi çürük.
İnsanlar əzəldən belə doğulub,
Yoxsa dəyişmişik, indi bu cürük!?

Doğru yalan doğur, düz əyri kəsir,
Ömür kələf kimi düşüb dolaşıq.
Pişiyin önündə nər aslan əsir,
Qorxur ki, payına düşməz bir qaşıq...

Düşmən gülə-gülə gəlir üstünə,
Dilindən bal damır, əlində xəncər.
Cavan dodaq büzür əsli-nəslinə,
Qoca rişxənd ilə əl verir gəncə...

Can-ciyər dediyin canını alır,
Dönüb yağı olur, ruhunu əzir.
Qız verib, qız alıb qohum olduğun,
Yadlaşır, min addım aralı gəzir...

Minnətsiz kəsilmir indi duz-çörək,
Yaxşılıq təmənna üstündə bitib.
Yıxır insanları acgözlük, həsəd,
Əl tutmaq, mərhəmət duyğusu itib...

Hələ qopmasa da yer məhvərindən,
Haqsızlıq, şikayət boyunu aşıb.
Pisləri kürüyüb atmırsa, demək,
Dünyanın ədalət mizanı çaşıb...

İki dördlük

Bu ömürdü - sevinci var, dərdi var,
Dərdi mənim, sevinci al, nuş olsun.
Bir qədəhdə beş duyğudan dördü var,
Toqquşdur ki, cingildəyib beş olsun.

Sevgidən alışıb yanan gözlərin,
Utanıb qıyqacı qaçmağı da var.
Ruha yağış kimi yağan sözlərin,
Bir gün buxarlanıb uçmağı da var...

İçki

Şüşədəki kimi qalmır -
Sakit, məsum...
Elə ki, süzülür qədəhə,
Elə ki, boğazdan içəri yol alır,
Beyində fırtına başlayır...
Mizan-tərəzisi pozulanda,
Aslan şikar gəzir öpməyə,
Siçan pişik axtarır döyməyə....
Cahili dahiyə döndərir,
Alimi təlxəyə...            

Elegiya

Bu ağır xəbəri özümdən eşit,
Sevgimi öldürdüm, başın sağ olsun.
Beş-on damla yaşla gözünü kirit,
Vay-şüvən qoparıb qoyma ağ olsun...

Ümidim canımdan əvvəl çıxıbdı,
Dosta, doğmaya da inamım itib.
Ruhum xəyanətdən çox sınıxıbdı,
Artıq xeyirxahlıq limitim bitib...

“Əncir ağacını kəsdiniz”, neynim,
Budaq axtarıram boynumda çatı.
İntihar günahdı, bilirəm, Allah,
Neyləyim, gücüm öz sevgimə çatır...

Bu necə taledi, bu necə baxtdı,
Kimə canım dedim, canımı yaxdı.
Vurdum dost-tanışı dişimə bir-bir,
Sağlamı az çıxdı, çoxusu laxdı...

Bir həzin nəğmədən umacaq umdum,
Tərs kimi, mahnı da durdu qəsdimə,
Sanki ovqatıma tərcüman oldu -
“Mən yoruldum, həyat, gəlmə üstümə”...

 





04.03.2019    çap et  çap et