525.Az

Prezident: "Problemi kreditlərlə bağlı fərman ciddi sosial təşəbbüsdür"


 

"BU PROBLEMİN HƏLLİ DÖVLƏT BAŞÇISININ APARDIĞI SOSİAL XARAKTERLİ İSLAHATLARIN TƏRKİB HİSSƏSİDİR"

Prezident: "Problemi kreditlərlə bağlı fərman ciddi sosial təşəbbüsdür"<b style="color:red"></b>

Məlum olduğu kimi, Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərmanla 800 mindən çox vətəndaşın devalvasiya və digər səbəblərdən banklarla yaranmış problemi öz həllini tapır.

Konkret olaraq, dövlət başçısının müvafiq qərarı ilə 400 mindən çox vətəndaş xarici valyutada götürdüyü kredit borcunun devalvasiya yükündən azad olunur, təxminən bu qədər vətəndaşın isə 360 günədək gecikdirilmiş milli valyutadakı kredit borcuna ciddi güzəşt mexanizmləri tətbiq edilir. Müvafiq fərmanla 2015-ci ilin dekabrın 21-dək bankdan xarici valyuta ilə götürdüyü krediti sonrakı dövr ərzində bağlayan vətəndaşların ödədiyi əlavə vəsait də geri qaytarılacaq.

Cəmiyyətin müxtəlif təbəqələrində sevinclə qarşılanan bu fərman prezidentin həyata keçirdiyi sosial tədbirlərin məcmusunun tərkib hissəsi kimi qiymətləndirilir.

Təsadüfi deyil ki, martın 1-də Azərbaycanın bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşən dövlət başçısı çıxışında bu məsələyə geniş yer verib, həyata keçirilən ciddi sosial paketin əhəmiyyətindən danışıb.

Dövlət başçısı qeyd edib ki, iqtisadi sahədə aparılan islahatlar gözəl nəticələr verir: "Bu ilin birinci ayının göstəriciləri bunu deməyə əsas verir. İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa edilib. Əminəm ki, bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacaq. Bilirsiniz, dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhran bizim ölkəmizdən də yan keçmədi və 2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İlk növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə verib. Təsəvvür edin ki, qısa müddət ərzində ölkənin gəlirləri təxminən 4 dəfə aşağı düşür. Bu, nə deməkdir? O deməkdir ki, biz öz xərclərimizi 4 dəfə azaltmalı idik, çox qısa bir müddət ərzində çox ciddi addımlar atmalı idik, heç bir ölkə buna hazır deyildi, o cümlədən də biz. Biz bunu etiraf edirik və əlbəttə ki, bu böhranlı vəziyyət ölkəmizə böyük zərbə vurdu. O vaxt bizim əsas məqsədimiz vətəndaşların sosial müdafiəsini gücləndirmək və bu iqtisadi böhrandan az itkilərlə çıxmaq idi. Hesab edirəm ki, biz buna nail ola bilmişik. 2017-ci il iqtisadi sabitləşmə ili olub. Keçən il biz artıq iqtisadi inkişafa qədəm qoyduq. Bu il isə artıq inkişaf daha da böyük ölçülərlə özünü göstərir".

Prezidentin sözlərinə görə, iqtisadi islahatlar imkan verib ki, sosial sahədə çox ciddi addımlar atılsın: "Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanıb. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır. Digər sosialyönümlü addımlar, imzaladığım fərman 800 min insanı əhatə edir. Bu fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr var. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmayıb. Yəni bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir".

Dövlət başçısının fərmanını şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir. O, "Azərtac"a bildirib ki, Azərbaycan dövləti əhalinin rifah halını yüksəltmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir, iqtisadi və institusional islahatlar reallaşdırılır, bununla da vətəndaşların yaşayış səviyyəsi yaxşılaşdırılır: "Bütün bu məsələlər dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin bu istiqamətdə atdığı mühüm addımlardan biri də fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmandır".

Deputat qeyd edib ki, fərmanın sosial əhəmiyyəti kifayət qədər yüksəkdir: "Azərbaycan prezidenti 800 min nəfərin kredit problemini birdəfəlik həll edib. Dövlət başçısı bu fərmanı fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzalayıb. Prezident burada bank sektorunun maraqlarını da nəzərə alıb. Fərmanda qeyd olunduğu kimi, 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya ediləcək. Bunun üçün banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək. Eyni zamanda, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin ediləcək".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev problemli kreditlərin həllində daha sistemli və əhatəli yanaşmanı ortaya qoyub, əhalinin maraqlarını daha yüksək səviyyədə nəzərə alıb: "Problemli kreditlərin həlli dövlət başçısının apardığı sosial xarakterli islahatların tərkib hissəsidir. Həmin problemin həlli yüz minlərlə insanın güzəştdən istifadə etməsinə şərait yaradacaq. Bu mühüm addım vətəndaşların maddi rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq məqsədi daşıyır".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd edib ki, Prezident İlham Əliyevin əhalinin sosial məsələlərinin həlli istiqamətində qəbul etdiyi qərarlar bütün dünya üçün sosial inqilab nümunəsidir: "Dövlət başçısının Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə vətəndaşların kredit problemi də həll olundu. Prezident İlham Əliyev problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi".

Deputat qeyd edib ki, dövlət başçısının iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki anonsundan sonra belə bir qərarın qəbul ediləcəyi gözlənilən idi: "Azərbaycan cəmiyyəti bu qərarı gözləyirdi. Şübhəsiz ki, bu, mürəkkəb yanaşma tələb edən ciddi bir məsələ idi. Problemli kreditlər bir milyard dollardan çox məbləği əhatə edirdi. Onun həll olunması üçün optimal variant tapmaq lazım idi. İmzalanan fərmandan aydın olur ki, vətəndaşlara dəyən az qala bütün zərərin ödənilməsi ilə bağlı qərar qəbul edilib. Dövlət problemin həlli ilə bağlı məsuliyyətin və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürüb. İki dövr və mərhələdə alınan kreditləri əhatə edən qərar bütövlükdə problemli kreditlərin hamısının həllinə töhfə verəcək. Birinci dövr 2015-ci ilin fevralın 21-nə qədər olan müddətdə götürülən kreditlərin həlli ilə bağlıdır. İkinci dövr isə 2015-ci ilin fevralın 22-dən dekabrın 21-nə qədər olan dövrdə vətəndaşların götürdüyü kreditlərlə bağlıdır. Maksimal hədd 10 min dollar - 17 min manat səviyyəsində müəyyənləşdirilib ki, bu da əslində, vətəndaşların gözləntilərindən də çoxdur. Çünki 3-5 min dolları əhatə edəcək məbləğlə bağlı belə bir fərmanın veriləcəyi gözləntisi var idi. Amma Prezident İlham Əliyevin fərmanı ilə 10 min dollara qədər olan problemli kreditlərin həllinə dair qərar qəbul edildi. Birinci mərhələdə götürülən hər 1 dollara görə, 0,25 manat ödənişin müəyyənləşdirilməsi əslində, devalvasiya nəticəsində olan artımın tamam silinməsi deməkdir. Fevralın 22-dən dekabrın 21-nə qədər götürülən hər dollar kreditə görə isə 0,6 manat ödənişin müəyyənləşməsi ilə də analoji situasiyanın şahidi oluruq. Bu, təkcə problemli kreditlərin həlli məsələsinə dövlətin verdiyi töhfə deyil, eyni zamanda, ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir qərardır. Bu prosesdən həm vətəndaş, həm də banklar qazanır. Atılan bu addımı banklarla vətəndaşlar arasında qarşılıqlı etimadın bərpa olunması kimi də qiymətləndirmək olar. Vətəndaşlarımız bir daha hiss etdilər ki, Azərbaycan dövləti və prezidenti daim onların yanındadır. Hər hansı bir forsmajor situasiya yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir. Bunun üçün Azərbaycan prezidentinin siyasi iradəsi var".

Qeyd edək ki, Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanına əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları), 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) güzəşt nəzərdə tutulub.

Ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək.

Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

Mərkəzi Bank Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verəcək. Mərkəzi bank həmçinin bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edəcək.

Banklara nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, elədə də borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə olunur.

Maliyyə Bazarlarına Nəzarət Palatası isə banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Maliyyə Nazirliyinə və Mərkəzi Bankına məlumat verməlidir.

Ceyhun ABASOV 

 





05.03.2019    çap et  çap et