525.Az

Paşinyan əleyhinə "Vədlərinizə əməl edin" şüarı altında etiraz aksiyaları başlayır


 

Paşinyan əleyhinə "Vədlərinizə əməl edin" şüarı altında etiraz aksiyaları başlayır<b style="color:red"></b>

Ermənistanda yeni hakimiyyətin siyasətindən narazılıqlar artmaqdadır. Erməni xalqı getdikcə daha yaxşı anlamağa başlayır ki, Nikol Paşinyan onların sosial rifahını, ölkənin iqtisadi inkişafını təmin etmək iqtidrında deyil.

Paşinyan vəd etdiyi surətli inkişaf, iqtisadi inqilab, yeni iş yerlərinin açılması və s. əvəzinə ölkədə vəziyyət daha da pisləşib, əhalinin vəziyyəti ağırlaşıb, islahat adı altında iş yerləri kütləvi şəkildə ixtisara salınıb. Hakimiyyətinin 11-ci ayında o, heç bir uğurlu addımı ilə yadda qalmayıb. Hətta Ermənistanın ən yaxın müttəfiqi olan Rusiya qazın qiymətini artırıb. Paşinyan nüfuzunun azaldığını, xalqın narahatlığının artdığını yaxşı bilir, məhz buna görə də hər addımda Dağlıq Qarabağ münaqişəsindən istifadə edib, əvvəlki nüfuzunu bərpa etməyə çalışır. Lakin bununla Ermənistanın və xalqının durumunu daha da ağırlaşdırmış olur. Bu gün heç kimə sirr deyil ki, Ermənistanın hazırkı böhrandan, ağır şəraitdən çıxmasının tək yolu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində addım atmaqdır. Paşinyan isə bu məsuliyyəti üzərindən atmaq üçün Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı qurumun danışıqlara qatılmalı olduğunu təkrarlamaqdadır. O, Brüsselə səfəri zamanı EurActiv-ə müsahibəsində yenə də əvvəlki mövqeyini təkrar edib: "Biz uzunmüddətli sülhün əldə edilməsinə yönəlmiş konstruktiv dialoqa sadiqik. Bölgədəki xalqları münaqişənin sülh yolu ilə həll edilməsinə hazırlamaq məqsədilə həll prosesinin bütün tərəfləri, yəni Ermənistan, Dağlıq Qarabağ (Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı qurum) və Azərbaycanın maraqlarını nəzərə alınmalıdır. Yekunda Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi və orada yaşayanların təhlükəsizliyini təmin etmək üçün Qarabağı danışıqlara cəlb etmək lazımdır. Əlbəttə ki, biz sülh prosesinə yeni bir məzmun vermək istəyirik və artıq həmsədrlər vasitəsilə Azərbaycan tərəfinə öz baxışımızı təqdim etmişik. Sülh regionumuzun bütün ölkələrinin maraqlarına cavab verir və davamlı, uzunmüddətli sülh əldə etmək üçün səy göstərməyə hazırıq".

Paşinyan Avropa Parlamentində çıxışı zamanı da Dağlıq Qarabağın gələcəyini orada yaşayan insanların müəyyən etməli olduğunu və Dağlıq Qarabağı təmsil etmədiyini iddia edib.

Azərbaycan XİN-in mətbuat katibinin Paşinyana cavabında isə deyilir: "Ermənistanın baş nazirinə belə bir sual ünvanlamaq istərdim. Əgər belədirsə, o zaman Ermənistan vətəndaşı olan gənclərin digər ölkənin torpağında, yəni Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var? Nə səbəbdən bu gənc insanlar öz həyatlarını itirməli olurlar?

Ermənistanın baş nazirinin bu kimi əsassız bəyanatları nəinki beynəlxalq ictimaiyyəti, eyni zamanda, Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, eləcə də dünyada yaşayan erməniləri aldatmaqdan başqa bir şey deyildir.

Bölgənin "yeni şəkildə dialoq, sülh şəraitində birgə yaşama və iqtisadi əməkdaşlığa ehtiyacı var" fikrini səsləndirən Ermənistan rəsmisi əgər bu bəyanatını səmimiyyətlə söyləyirsə, sadaladıqlarına nail olmağın yeganə yolunun Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə geri dönməsindən ibarət olduğunu dərk etməlidir.

Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan ilə münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt tam müstəqil olmayacaqdır. Demokratik yolla seçildiyini bəyan edən Ermənistan rəhbərliyi ən azından özü və xalqı qarşısında vicdanlı davranmalı və Azərbaycan ərazilərinin işğalından və əhalinin etnik təmizlənməsindən Ermənistanın və erməni xalqının nə qazandığı sualına cavab verməlidir. Bu, çox sadə cavabı mən səsləndirməyəcəm, onu Ermənistan rəhbərliyindən eşitmək istərdim".

Amma görünən budur ki, Paşinyan hətta belə açıqlamları ilə hakimiyyətini möhkəmləndirə, əvvəlki nüfuzunu saxlaya bilməyəcək.

Belə ki, yaxın günlərdə onun əleyhinə "Vədlərinizə əməl edin" şüarı altında etiraz aksiyasları başlayacaq. Erməni mətbuatının məlumatına görə, aksiyalar martın sonunda Ermənistan İslahat Partiyasının sədri Vaan Babayanın təşkilatçılığı ilə baş tutacaq: "Babayanın partiyası yeni hökümətə güclü və arqumentləşdirilmiş "zərbə" vurmaq üçün Paşinyanın nə edib, etmədiyini araşdırır. Toplaşma yeri isə Matenadaran ərazisi olacaq".

Yeri gəlmişkən, Ermənistan parlamentinin insan haqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri, "Çiçəklənən Ermənistan" partiyasından olan deputat Naira Zoqrabyan 10 min insanın ixtisara salınmasının ölkənin maraqları üçün hansı məna kəsb etdiyini anlamadığını bildirib. Belə ki, Zoqrabyan sabiq ədliyyə naziri Arpine Ovannisyanın dərc etdirdiyi sənədi Facebook vasitəsi ilə ictimailəşdirlməsindən sonra bunları deyib: "Bu məsələ bizi narahat edir. Düşünürəm ki, sabah hökumət saatında həmin məsələ qaldırılmalıdır", deyən Zoqrabyan əlavə edib ki, 10 min insanın ixtisara salınmasının dövlət maraqları üçün hansı məna kəsb etməsi də izah edilməlidir. Onun sözlərinə görə, həm vitse-siker, həm də nazir işsizliklə ölkənin maraqları arasında hansı fərqin olduğunu deməlidirlər, eləcə də hökumət də bu məsələ barədə açıq danışmalıdır.

Beləliklə, Ermənistanda narazılıqların artdığını göstərən çoxsaylı faktlar var. Buna görə də "Vədlərinizə əməl edin" şüarı ilə keçiriləcək etiraz aksiyalarının Ermənistanda geniş vüsət alacağı şübhəsizdir. Çünki Paşinyan yuxarıda qeyd etdiyimiz kimi, heç bir vədinə əməl edə bilməyib, ümumiyyətlə, verdiyi hər hansı vədi yerinə yeticəyini də artıq söyləmir. Sadəcə populist bəyanatlar səsələndirməklə hakimiyyətini yola verir. Necə deyərlər, baş nazir kreslosunda da özünü küçədə, meydanlarda hiss edir.

PƏRVANƏ

 





06.03.2019    çap et  çap et