525.Az

Mədəniyyət sahəsinin inkişafıyla bağlı yeni addımlar atılır


 

"PREZİDENTİN HƏSSAS YANAŞMASI İNCƏSƏNƏT XADİMLƏRİNİ ÇOX SEVİNDİRİR"

Mədəniyyət sahəsinin inkişafıyla bağlı yeni addımlar atılır<b style="color:red"></b>

Məlum olduğu kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirib.

Ölkə miqyasında müxtəlif sahələrdə həyata keçirilən islahatlar, onların nəticələri barədə prezidentin çıxışı ilə yadda qalan toplantıda mədəniyyət sahəsində görülmüş işlər diqqətə çatdırılıb və qarşıdakı dövrdə bu sahənin sistemli inkişafı üçün həlli zəruri olan məsələlər geniş müzakirə olunub, ciddi fikir mübadiləsi aparılıb.

Təsadüfi deyil ki, görüşdə mədəniyyət xadimlərinin qaldırdığı məsələlərə dövlət başçısı müsbət reaksiyasını bildirib, bu formatda görüşlərinin davamlı keçirilməsini, həmçinin, müxtəlif sahələrinin peşəkar nümayəndələri ilə də oxşar təmasların yaradılmasını vacib məsələ kimi qiymətləndirib.

Dövlət başçısı qeyd edib ki, ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında görüşləri olub: "İndi isə biz daha geniş formatda görüşürük. Hesab edirəm ki, buna ehtiyac var. Çünki ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilib. Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaq".

Prezident iqtisadi, sosial, təhsil, səhiyyə, məhkəmə-hüquq, şəhərsalma və digər sahələrdə həyata keçirilən islahatlara toxunub, atılan addımlar müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

Eyni zamanda, ölkə rəhbəri mədəniyyət və incəsənət sahəsində görülən işlər, əldə olunan nəticələrdən danışıb, bu sahənin bir qrup görkəmli nümayəndəsi ilə keçirilən görüşün məsələlərə kompleks baxış imkanı verdiyini nitqində ifadə edib: "O ki qaldı, mədəniyyət sahəsinə, mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq. Çünki əvvəlki illərdə bir çox işlər görülüb. Mən prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir".

Prezident paytaxtda və bölgələrdə teatr, muzey, məscidlərin təmir-bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması, görkəmli şəxsiyyətlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə toxunub, klassiklərin əsarlərinin latın qrafikasında yenidən nəşr olunduğunu qeyd edib: "İndiyədək bu sahədə görülən işlər bundan ibarətdir. Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz".

Dövlət başçısının bu çıxışından sonra toplantıda iştirak edən mədəniyyət xadimləri fəaliyyət sahələrinə uyğun bir sıra problemləri qeyd edib, görülən işlərdən danışıb, təklif və xahişlərini səsləndiriblər.

Prezident İ.Əliyev qaldırılan məsələlərin hər birinə ayrı-ayrılıqda qiymət verib, xahişlərlə yanaşı, ümumi əhəmiyyət kəsb edən hər bir təklifin ciddi araşdırılaraq həll olunması istiqamətində konkret tapşırıqlarını verib.

Elə həmin gün dövlət başçısı Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sənədə əsasən, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.

Ölkə rəhbərinin 2 gün əvvəl Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamla isə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə daha 1,8 milyon manat, o cümlədən, Akademik Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı, Dövlət Musiqili Teatr, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı və Kukla Teatrının hər birinə 200 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100, min manat vəsaitin ayrılması nəzərdə tutulub.

Həmçinin, dövlət başçısı Dövlət Musiqili Teatr və Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabineti 15 gün ərzində adiçəkilən teatrlara "akademik" statusun verilməsini təmin etməlidir.

Prezidentin mədəniyyət xadimləri ilə görüşü ilə bağlı fikirlərini bildirən Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qeyd edib ki, Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinə bugünkü diqqət və qayğısı yüksək qiymətləndirilməlidir. O, "Azərtac"a bildirib ki, bu yol Heydər Əliyevin yoludur: "Ulu öndər mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğısını heç vaxt əsirgəməyib. Həmişə aktyorlarla, rəssamlarla, rejissorlarla və digər yaradıcı insanlarla görüşərək problemləri ilə maraqlanıb. Biz də həmişə fəxr etmişik ki, bizim belə bir prezidentimiz var. Başqa ölkələrdən olan həmkarlarımızla görüşlərdə onlar həmişə bizə həsəd aparıblar. İllər öncə deyirdilər ki, Heydər Əliyev kimi rəhbəriniz var və bu gün də həsəd aparırlar ki, bizim İlham Əliyev kimi böyük bir dayağımız var".

Ə.Lalalayev deyib ki, insan kiməsə arxalanmasa, kimsə ona dayaq olmasa, çox zəif görünər: "Yaradıcı insanlara bu, xüsusən vacibdir. Bizim Musiqili Teatr kimi gözəl bir binamız var. Burada tamaşalarla yanaşı, müxtəlif tədbirlər, beynəlxalq konfranslar keçirilir. Dünyanın bir çox ölkələrindən gələn qonaqlar bu binanı görəndə valeh olurlar. Biz də çox qürurla deyirik ki, belə gözəl binanı təmir edərək yaradıcı insanlara prezidentimiz bəxş edib".

Ceyhun ABASOV

 





06.03.2019    çap et  çap et