525.Az

"Səma olmaq istəyirdim..." - Aqşin Babanın şeirləri


 

"Səma olmaq istəyirdim..." - <b style="color:red">Aqşin Babanın şeirləri </b>

Xəbərim olmur

Kədəri ürəyində,
Sevinci gözlərində
Yaşadan qızım.
Uzaq İsveçrədə,
Yad küçələrdə
Gözlərin dolanda
Xəbərim olmur...
Deyirlər, cənnətdir
      İsveçrə...
Cənnət də olsa,
Qürbətdir
      İsveçrə!
Oranın dağlarına çən düşəndə
Xəbərim olmur.
Sənin saçlarına dən düşəndə
Xəbərim olmur...

Zəncir

Deyirlər ki, qürbət eldə
    bir nəfəri baban bilib
    qucmusan.
Göyərçintək qanad açıb
   qucağına uçmusan.
Sənin baban mənəm, quzum,
    iki yaşlı çiçəyim,
Şəkillərdə böyüyənim,
    Mənim Nurum, göyçəyim...
Sənin baban mənəm, canım,
    səndən uzaq qalmışam,
Ayrılığı zəncir kimi
      boğazıma salmışam.
Bu zəncirin biri Qərbdə,
      Biri Şərqdə qalıbdır.
Bu zəncirin hər həlqəsi
     Sizi məndən,
     Məni sizdən alıbdır.
Sənin baban mənəm, quzum,
     İki yaşlı çiçəyim,
Şəkillərdə böyüyənim,
    Mənim Nurum, göyçəyim.

Payız gəlib...

Payız gəlib,
Ağaclara həsrətlə baxıram
Məndən çox yaşayacaq deyə.
Düşüncələr içində anlayıram:
Onlar da məhkumdur ölməyə.

Binalara həsrətlə baxıram,
Məndən çox yaşayacaq deyə.
Uçulub-dağılan binaları anıram,
Onlar da məhkumdur ölməyə.
Bu dünyada nə varsa -
     canlı, cansız...
Doğulur, yaşayır, ölür.
Bu dünyada nə varsa-
      canlı, cansız...
Əvvəl-axır torpaqlara gömülür.
...Bağışla məni, - çörəyini,
   südünü, nemətini
yediyim
    yenicə doğulan uşaq...
Bilirəm, günahkaram,
  Mən getməliydim,
Sən gəlməmişdən qabaq!

Səma olmaq istəyirdim

Səma olmaq istəyirdim,
bir əlçim bulud da olmadım.
Gur səslənən nəğmə olmaq istəyirdim,
sükut da olmadım.
Dağ olmaq istəyirdim, uca dağ,
bir ovuc torpaq da olmadım.
Ağac olmaq istəyirdim,
qollu-budaqlı ağac,
Yarpaq da olmadım.
Adicə insan oldum.
Qocaldım, yaşa doldum.
...Amma necə xoşbəxt olardım:
Səma olmaq istəməsəydim.
Nəğmə olmaq istəməsəydim.
Dağ olmaq istəməsəydim.
Ağac olmaq istəməsəydim.

Sən qapını bağlama

Taleyimi dərd dağladı,
Qəlbim ağladı-ağladı,
Qapımı fələk bağladı,
Sən qapını bağlama.
Taxtdan düşdüm, sındı qolum,
Yoxa çıxdı sağım, solum,
Qıfıllandı ömür yolum,
Sən qapını bağlama.

Əlim tutmur yazı yazım,
Kökdən düşdü telli sazım,
Qışa döndü güllü yazım,
Sən qapını bağlama.

Telefonum susur, dinmir,
Dostlarım gözə görünmür,
Qapımdan bir adam girmir,
Sən qapını bağlama.

Gözlərim bomboş varaqda,
Sözüm dondu dil-dodaqda,
Açarım bağlı otaqda,
Sən qapını bağlama...

Göz yaşımdır

Həkim iynəni gözümün içinə
Batırdı.
Elə bildi ki, məni
Yatırdı.
Yox, həkim, mənim gözlərim
Elə şeylər görüb ki, həyatda
Çətin yata.
Buna şahid yaşımdır.
Sənin güclə parçaladığın
Daşa dönmüş o mirvari suyu
Daş deyil,
Mənim kişiliyimdən utanıb
Bugünəcən ağlamadığım
Göz yaşımdır.

Dəniz sevindi

Dəniz qüssəliydi bu səhər
Günəşdən süzülən zər,
Sinəsində şütüyən qayıqlar.
Sudan sıçrayan balıqlar da
Sevindirmədi onu.
Gözü də görmürdü
Ayaqlarını sığallayan yosunu...
Birdən sahildə bir
Gözəl göründü.
Sahil nura büründü.
Qız incə ayaqlarını
Toxundurdu dənizə .
Bənövşə gözlərinin zəri
Suya səpələndi,
Dəniz ləpələndi.
Mavi qollarını geniş açdı.
Qucaqladı qızı,
Yandı ürəyinin eşq ulduzu,
Ruhu dindi...
Dəniz yaman sevindi,
Dəniz yaman sevindi...

İynəli-iynəli

İynə üstə yaşayıram,
Özüm iynəli-iynəli.
Göz tikmişəm bu yollara,
Gözüm iynəli-iynəli.

Ömur qısa, qürub yaxın,
Dərddi gəlir axın-axın,
Ürəyimi yarın, baxın,
Sözüm iynəli-iynəli.

Pusqudadır zalım əcəl,
Gedəcəyik axır-əzəl,
Hey dözürəm, ömrüm xəzəl,
Dözüm iynəli-iynəli.

Qövr eyləyir qəlbdə yaram,
Qəm yükünü daşıyıram,
Qış fəslimi yaşıyıram,
Yazım iynəli-iynəli.

Hər şey gedər, hər şey bitər,
Bu qaydadır, gələn gedər,
Hədər keçdi, ömrüm hədər.
Baş daşıma son sözümü
Yazın iynəli-iynəli.

Bu, Aqşinin son sözüdür,
Ölüm-həyatın özüdür,
Məzar yerim qəm közüdür,
Qazın iynəli-iynəli...  

Yaraşır

Baş-başadır uca dağlar, yamaclar,
Bu dağlara çoşğun selim yaraşır.
Yam-yaşıldır çəmənlərim, düzlərim,
Bu düzlərə qızıl gülüm yaraşır.

Hər obaya öz ləhcəsi, öz sözü,
Hər ocağa öz alovu, öz közü,
Torpağımı qorumağa el gözü,
Vətənimə ana dilim yaraşır.

Ay Allahım, açan güllər solmasın,
Həyat nəhrim göz yaşımla dolmasın,
Müzəyyənsiz bircə günüm olmasın,
Onsuz mənə ancaq ölüm yaraşır.

Bundan sonra ayrılmayaq...
  
Müzəyyənə
Düz bir aydır ayrılmışıq,
Sən də, mən də tək qalmışıq,
Bu bir ayda qocalmışıq,
Bundan sonra ayrılmayaq.

Qış fəslində bahar çağım,
Ömrüm boyu dərd ortağım,
Gecə-gündüz nur çırağım,
Bundan sonra ayrılmayaq.

Dost varsa da, sirdaş deyil,
Qonum-qonşu yoldaş deyil,
Yaşımız da o yaş deyil,
Bundan sonra ayrılmayaq.

Taleyimə sənsən dayaq,
Gecələri qaldım oyaq,
Yetim qalıb bu ev, ocaq,
Bundan sonra ayrılmayaq!..
Bundan sonra ayrılmayaq!..

Sənə qurban

Sevgimizin əlli yaşı,
Gözlərimin donuq yaşı,
Sənə qurban!

İlk baharın çiçəkləri,
Qızıl gülün ləçəkləri,
Sənə qurban!

Axan sular, şəlalələr,
Bağrı yanıq al lalələr,
Sənə qurban!

Göy dənizin ağ ləpəsi,
Qağayının ağlar səsi,
Sənə qurban!

Səma, yağış, tufan, sükut,
Göy üzündə üzən bulud,
Sənə qurban!

Həm dünyamız, həm bu həyat,
Bütün varlıq - bu kainat,
Sənə qurban!
Sənə qurban!
     Sənsiz olmayım

Günəş yandırsın düzü,
Qalmasın çiçək izi.
Razıyam.
Çəmənsiz olum,
Sənsiz olmayım!

Qurusun yazan əlim,
Yazı yaza bilməyim.
Razıyam.
Qələmsiz olum,
Sənsiz olmayım!

Qürbətdə yaşayım mən,
Hey deyim: "Vətən, Vətən".
Razıyam.
Vətənsiz olum,
Sənsiz olmayım!

Ruh uçarsa bədəndən,
Demək yaşamaram mən.
Razıyam.
Bədənsiz olum,
Sənsiz olmayım!

Yarpaq ömrü

Yamyaşıldı əyni, donu,
Taleyinə yağdı dolu,
Gün gəldi ki, çatdı sonu,
Yarpaq öldü, gül yaşadı.

***

Yarpaq suyu gülə verdi,
 Özü soldu, gül dirildi,
"Mən gedirəm, yaşa" dedi,
Yarpaq öldü, gül yaşadı.

***

Yarpaq bildi gül də solur,
Ömür birdəfəlik olur,
Yeni çiçəklər doğulur...
Yarpaq öldü, gül yaşadı.

***

Vəfazısdır qoca dünya,
Ruh özü də yalan röya,
Təsəllidir bu da guya,
Yarpaq öldü, gül yaşadı.

***

Mən yarpağam, sənsə çiçək,
İstəmirəm birdən köçək,
Sən çox yaşa, gözəl mələk.
Qoy silinsin könül yasın,
Yarpaq ölsün, gül yaşasın!

 





06.03.2019    çap et  çap et