525.Az

Şəhərsalma və Tikinti Məcəlləsi dəyişdirildi


 

Şəhərsalma və Tikinti Məcəlləsi dəyişdirildi<b style="color:red"></b>

Parlamentin dünən keçirilən plenar iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilib.

Dəyişiklikdə qeyd olunub ki, bundan sonra tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödəniləcək.

Bununla bağlı məcəllənin 11-ci (Şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi) maddəsində dəyişiklik edilib. Həmçinin, qeyd olunub ki, hazırda məcəllədə ödənişlər yalnız tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün nəzərdə tutulub. Digər dəyişiklik isə tikinti ilə bağlı cərimələrin 50 faizinin inzibati protokolu tərtib edən qurumun hesabına köçürülməsi ilə bağlıdır.

Bununla bağlı, Məcəlləyə edilən əlavədə qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitin bölgüsü və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

 





06.03.2019    çap et  çap et