525.Az

Mənəviyyatdan işıq və güc alan poeziya


 

Məmməd Araz – 80

Mənəviyyatdan işıq və güc alan poeziya<b style="color:red"></b>

Xanəli KƏRİMLİ
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Mənəviyyat “mən” sözündən başlanır. Bəlkə də bu, adi bir təsadüf deyil. Hər bir insanın “mən”i nədirsə, onun mənəviyyatı da odur. Mənəviyyat insan xarakterinin tərkib hissəsindən çox, elə özüdür. Onu da formalaşdıran mühit və şəraitdir. Sağlam mühit və şərait sağlam, xəstə mühit və şərait təbii ki, xəstə mənəviyyat formalaşdırır, tərbiyə edir.

Bütün ictimai şüurun hər birinin insanın formalaşmasında, kamilləşməsində özünəməxsus rolu və funksiyası var. Amma etiraf edək ki, insan mənəviyyatına daha çox təsir edən, onu stimullaşdıran mühüm vasitələrdən biri söz sənəti olan bədii ədəbiyyatdır. İnsanda adı kimi “ədəb”- ərkan yaratmağı qarşıya məqsəd qoyan ədəbiyyatın da meyarlarını, qanunauyğunluqlarını zaman, mühit və şərait, ictimai-siyasi münasibətlər tənzimləyir, müəyyənləşdirir. Ona görə də türk istiqlal şeirinin yaradıcılarından olan M.A.Ersoybu qənaətdədir ki, “ədəbsizliyin başlandığı yerdə ədəbiyyat bitir”. Bu fikirdə reallıq var. Amma unutmaq lazım deyil ki, söz sənəti ədəbiyyatın ana işi elə cəmiyyətdə, ictimai mühitdə özünü göstərən mənfi təzahürlərə, ədəbsizliklərə qarşı mübarizə aparmaqdır. Ədəbsizlik də mənəviyyatsızlığın son həddi olduğu üçün insanda mənəviyyat tərbiyə etməklə ədəbsizliyi aradan qaldırmaq olar.

Bu məqamda – yəni şairin, böyük mənada ədəbiyyatın zaman və cəmiyyət qarşısında cavabdehliyindən danışarkən başqa bir məşhur türk şairi Mehmet Emin Yurdakul ( 1869-1944) yada düşür:

 

Bırak beni haykırayım, susarsam sen matem et,

Unutma ki, şairləri haykırmayan bir millət

Sevənləri toprak olmuş öksüz cocuk kimidir.

 

Bu bir həqiqətdir ki, Zaman, Həyat, Dünya anlamlarını bir nöqtədə birləşdirən başlıca faktor insandır. Çünki “zaman dəyişib”, “həyat dəyişib”, “dünya dəyişib” anlamlarının mərkəzində “insan dəyişib” anlamı dayanır. M.Araz deyəndə ki, dünya-düzəlmir ki, düzəlmir, babam” onda gerçək dünyadan çox mənəvi dünyamızın əsas atributu olan “insan düzəlmir” anlamı özünü doğruldur.

Poeziyamızda ta qədimlərdən bu günə qədər Zaman, Həyat, Dünya konsepsiyaları fəlsəfi düşüncənin və həmçinin onun ayrılmaz tərkib hissəsi olan bədii düşüncənin başlıca konsepsiyasına çevrilib və bu kontekstdə insanın arzu və istəkləri, mənəvi aləmi ön plana çəkilib. Çünki insan elə bir varlıqdır ki, bütün ictimai-siyasi dəyişikliklər yalnız onun üzərində qurulur. Allah-tala bütün varlıqları insan üçün yaratdığı halda, insan xarakteri bunun əksinə olaraq özü öz azadlığını əlindən alır, bir çox hallarda öz həmcinsini kölə və vasitəçiyə çevirir. Ancaq şüurlu və mənəviyyətli insan Allahın iradəsinə tabe olaraq bilməlidir ki, M.Araz demişkən:

 

...Bütün vəzifələr, bütün qanunlar

İnsana, insana xidmət üçündür .

 

İnsanın xarakterinə, mənəviyyatına təsir edən iki başlıca mənbə var ki, onlardan biri təbiət, digəri isə təbiətin ayrılmz tərkib hissəsi olan insanın yaratdığı cəmiyyətdir. Bu iki amil həmişə aparıcı olub və bu gün də aparıcıdır.

Poeziyamızın son əlli illik tarixinə nəzər salsaq, görərik ki, bir çox ciddi qələm sahibləri ilə yanaşı M.Araz yaradıcılığında da insana münasibət, onun mənəvi dünyasının görünən və görünməyən tərəfləri daima bir qırmızı xətt kimi keçir. Xüsusilə ötən əsrin 80-ci illərinin axırı, 90-cı illərin əvvəllərində Azərbaycanda və keçmiş sovetlər birliyində “hökmranlıq edən” xaos, hərcmərclik insan psixologiyasında, xarakterində gözlənilməz deformasiyalar yaratdı. “İnsandan-insana körpümüz sındı” (M.Araz), insanlığın barometri olan mənəviyyat çökməyə başladı. Bu da Zamanın, Həyatın, Dünyanın yeni bir təzahürü idi. Əgər M.Araz 70-ci illərin axırında yazdığı “Dünya gözəl dünyadı” şeirində

 

... Kimə gülzar, kimə xəzəl dünyadı,

Dünya gözəl, dünya gözəl dünyadı.

 

deyirdisə, 90-cı illərin əvvəllərində yazdığı “Gözəllik saxladı ölümdən məni” şeirində

 

“Bu dünya sevgilər dünyası deyil,

itlər dünyasıdır, quduran itlər”

 

deyirdi. Bu da zamanın yeni insan təfəkkürünün şair qarşısında qoyduğu real seçimin nəticəsi idi.

M.Arazda sosial mühitə, ədalətsizliyə qarşı münasibət həmişə birmənalı olub. O, bütün yaradıcılığı boyu mütləq həqiqəti aramaq üçün cəmiyyəti, insanları yaxından tanımağa, dərk etməyə çalışır və bir çox hallarda da şairin gəldiyi qənaət belə olur ki:

 

...Kimi dağ qaldırır çiyinlərilə,

Kiminə misqaldan yüngül yük düşür.

Elə də olur ki, kül qabı ilə,

Gül qabının yeri dəyişik düşür.

 

Təbii ki, cəmiyyətdə bəzən sosial ədalətin pozulması nəticəsində “kül qabı ilə gül qabının yerinin dəyişik düşməsi “iti bazarında atından baha” meyarına xidmət edən bir mənəvi dünya yaradır ki, bu da insan psixologiyasına, mənəvi durumuna ağır zərbələr vurur. Ən nəhayətdə də:

 

Ölüm adiləşir... kallaşır insan,

Onsuz da “ah” “vayı”, ölü eşitmir.

Kallaşa-kallaşa karlaşır insan

İçinin səsini çölü eşitmir

 

Bu da insanlığın mənəvi faciəsinin son həddindənbaşqa bir şey deyildir.

Ayrı-ayrı fərdlərdə mənəviyyatsızlıq baş qaldırdıqda və bunun qarşısı vaxtında alınmadıqda, şairin özü demişkən “yaxşı yamanlığın çəki daşı itir”, onda bu ağrını tək-tək fərdlərdən çox, bütün bir millət çəkməyə məcburdur.Lakin şair bəzi məqamlarda nikbindir, ona görə ki, həyat əksliklərin vəhdəti və mübarizəsindən ibarətdir – mənəviyyatsızlığın baş qaldırdığı yerdə mənəviyyat cücərtiləri də pöhrələyir. “Dağ yaddaşında yazı” şeirində olduğu kimi:

 

Birisini çıxardılar uca bir yerə,

Tez aşağı daş hellədi:

– Baxın, hardayam !...

O birisi özü qalxdı bu yüksəklərə,

Heç demədi: “Mən də varam,

mən də burdayam”

Yazı gördüm dağ döşündə,

dağ yaddaşında;

birincinin helləncinin

çuxuru qalıb,

ikincinin ayağının cığırı qalıb.

 

M.Araz birqələm, düşüncə və fikir adamı olmaqla öz həddini, səddini bilən şairdir. Bəlkə də onu ucaldan, sevdirən başlıca məziyyətlərdən biri elə bununla bağlıdır. O, insanın özünə nəzarət hissini itirməməyə çağırır. Və bəzən də bu hissi, duyğunu insana təlqin etməkdən də çəkin-mir.

 

Düşün ki, bu günlə qurtarmır zaman,

Sabah var, sabahın sabahı da var.

Günlərin birində tutub qolundan

Yenidən kürsüyə çıxaracaqlar.

 

Boşdur görəcəklər öz çinədanın

Daşqır eləməyə dən qalmayacaq.

Onda deyəcəklər yerini tanı,

Onda üz tutmağa yön qalmayacaq.

 

Bütün bunlarla bərabər, M.Araz insanda vətəndaşlıq mənəviyyatını oyatmaq, tərbiyə etmək üçün də müxtəlif məqam və situasiyalardan istifadə edir. “Vətən daşı olan hər bir kəşi“ haqqın divanına gətirir, ondan kimliyini və məsuliyyətini dərk etməyi tələb edir.

 

Keçək dərələrin boğanağından,

Keçək dolayların doğanağından,

Günəşin zirvədə doğan anından,

Nur alıb bu yurda səpələməsək,

Sən kimə gərəksən, mən kimə gərək.

 

Kamil insanın başlıca mənəvi dəyəri onun düşdüyü mühit və şəraitdən asılı olmayaraq əxlaqlı və halal yaşamağındadır. Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Camal Mustafayevin bu məqamda bir fikrini xatırlamaq yerinə düşər: “Əxlaq dərsi vermək, ağıl öyrətmək görünməmiş hünər deyil. Ən çətini əxlaqa və həqiqətə uyğun yaşamaqdır”.

Bizcə, M.Araz poeziyasının əsas ideyasını da bu konsepsiya ifadə edir. Şairin yaradan qarşısında bir növ hesabatı olan və 90-cı illər poeziyasının uğurlarından biri kimi dəyərləndirən “Ya Rəbbim, bu dünya sən quran deyil” şeirində halal-haram anlayışı qarşılaşdırılır. İnsanlığın mənəvi tənəzzülünü ön plana çəkən şair son əlac və son ümid kimi Rəbbə üzünü tutur:

 

Özündə özünü itirib insan,

Didişmə dişləri bitirib insan.

İçdiyi zəhərdir, qusduğu zəhər,

Qəhəri bəhərdir, bəhəri qəhər,

Ya Rəbbim, bizlərə qaytar bizləri.

 

Bu şeirində M.Araz şairlik missiyasından çox, Rəbbin yerdəki görəvlisi kimi çıxış edir, yerdəki mütləq əksəriyyətin dərdini, mənəvi iztirblarını haqqa bəyan edir, insanlıqdan çıxan insanlığı özünə qaytarmaq üçün Rəbbə üz tutur, sonda şair bu qənaətə gəlir ki, insana insanlığını qaytarmaq münkün olmasa, onda

 

Adını, soyunu dəyiş dünyanın,

Odunu, suyunu dəyiş dünyanın.

Yolunu, yönünü dəyiş dünyanın

... Fəzada yerini dəyiş dünyanın.

 

Tarixən bir tikə gödənlik üçün hər kəsin közü öz qabağına çəkdiyi bir zamanda dünyanın – insan və insanlığın düzəlməyi xəyaldan, utopiyadan başqa bir şey deyil.

 

Gedir yal davası, sümük davası,

Gedir vurhavurla çəpik davası

Gedir milyonçunun qəpik davası

Çürük fikirlərin çürük davası

Dünya düzəlmir ki, düzəlmir, baba.

 

Bu bir həqiqətdir ki, şairlər yaşadığı cəmiyyətin və zamanın nəbzidir. Nəbz ürəyin fəaliyyətinin göstəricisi olduğu kimi, əsl şairlərin yaradıcılığı da cəmiyyətin, mühit və zamanın döyünən nəbzidir. M.Araz yaradıcılığı bütün siqləti ilə mənsub olduğu millətin, zamanın yaddaş nəbzidir. Çünki o, profesor Firidun Hüseynov demişkən “... ədəbiyyata həyatın qaynar qazanından, qızmar kürəsindən çıxıb gəldi”. Buna görə də M.Araz şair mənəviyyatını, şair əxlaqını həmişə uca tutaraq, xalq və Vətən qarşısında cavabdehliyini aşağılamadan yazırdı:

 

Dərdim min olsa da, sönməz çırağım,

Səsim öz səsimdə bata, qorxuram.

Şairi yalana yatan yığnağın

Özü də palana yata, qorxuram.

 

1989-cu ildə, Qarabağ hadisələrinin tüğyana gəldiyi bir vaxtda yazılmış “Qorxuram” adlı şeirdən aldığımız bu nümunə qələmin və sözün mənəvi qüdrətinə dəlalət edən şair cavabdehliyinin faktıdır.

Zaman, Həyat, Dünya konteksində mənəviyyat məsələlərinə münasibət M.Araz yaradıcılığının ana xəttini təşkil etsə də, şairin xüsusilə 80-cı illərin axırı və 90-cı illər yaradıcılığında bu problemə qayıdış daha çox diqqəti cəlb edir. Bu illərdə yazılmış və poeziyamızın inciləri hesab olunan “Dünya düzəlmir”, Belə dünyanın”, “Ya Rəbbim, bu dünya sən quran deyil”, “Güzəşt”, “Qorxuram”, “Yol ayrıcında söhbət”, “İnsan yalan danişır”,“Çıxıb getmək istəyirəm”, “Nişançı özümüz, hədəf özümüz”, “Bu insan adlanan insan” və sair kimi onlarla şeirində problemin həllinə şair müdaxiləsi daha qabarıq diqqəti cəlb etməkdədir. Zaman kəsiyi baxımından yanaşanda da 80-90-cı illər xalqımızın tarixi taleyində, qlobal şəkildə götürdükdə bəşəri düşüncə tərzinin formalaşmasında, sanki yeni eranın başlanğıc illəridir – insan təfəkküründə, mənəviyyatında, silkələnmə, durulub təmizlənmə illəridir. Buna görə də bu problem Zaman, Həyat, Dünyanın ümumən poeziyamızın, bədii düşüncəmizin qarşısında qoyduğu problemlərdir. Təbii ki, hər bir qələm və düşüncə adamı “öz çəki daşı” səviyyəsində üzərinə düşən missiyanı yerinə yetirməyə səy göstərir, münasibət bildirir. Qeyd etdiyimiz kimi M.Araz prizmasından baxış daha qlobal, daha bəşəridir.

 

Yüz il qulağımın dibində qışqır,

Ürək eşitməsə, qulaq eşitmir.

 

İnsan mənəviyyatına bu cür yeni münasibətlə yanaşma M.Araz yaradıcılığının həmişə aparıcı istiqamətidir. Bu iki misrada dərk etdiyimiz həqiqət budur ki, heyvanlar qulaqları, insanlar ürəkləri ilə eşidir. M.Müşfiq demişkən: “... Gözdən yaş çıxarmı ürək yanmasa”. Ürək də o vaxt yanarlıq hissini qoruyub saxlayır ki, insanın vicdanı diri və oyaq olsun...

İnsanın mənəviyyatsızlığı vicdanın ölümündən başlanır. Vicdanın ölümüylə ləyaqət hissi tükənir və son anda mənəviyyatsızlıq hakim kəsilir. Ona görə də M.Araz fəlsəfəsində də əsas hədəf odur ki, “özün öz yoluna özül olmazsan...” onda

 

Noxtası quşquna bağlı yol gedən...

Sonrası? – Beləcə adət, öyrəniş!..

Sonrası? – ləyaqət gedər əlindən,

Sonrası? – alçalış,

Sonrası? – hər iş...

 

kimi qeyri-insani həyat yaşamağa məcburdur.

Mənəviyyat məsələsi, geniş aspektdə şairin poemalarında da daha kəskin şəkildə qoyulur. Xüsusilə “Paslı qılınc”, “Üç oğul anası”, “Mən də insan oldum”, “Atamın kitabı” kimi poemalarında Zaman, Həyat, Dünya anlayışlarının insan mənəviyyatına təsiri və bu təsirin insanın fərdi və sosial həyatındakı inkişafı ön plana çəkilir ki, bu da ayrıca bir tədqiqat işinin mövzusu ola bilər.

...Akademik İsa Həbibbəyli Məmməd Araz sənətinin böyüklük və ucalığından danışarkən haqlı olaraq bu qənaətə gəlir ki, “...Məmməd Araz sənəti əsrin birinci yarısındakı Səməd Vurğun məktəbi ilə sonrakı dövrün şeir üslubu və ənənələri arasında çox etibarlı və möhkəm varislik körpüsüdür. Poeziyamızın artıq bir neçə nəsli böyük sənət meydanına həmin poetik körpüdən keçərək gəlmişdir”. Akdemik İsa Həbibbəyli fikrinə şərik olmaqla bərabər, demək istəyirik ki, M.Araz yaradıcılığı təkcə nəsillər arasında sənət körpüsü yox, sözün gerçək mənasında həm də böyük mənəviyyat körpüsüdür ki, bu körpünün bünövrə daşı Azərbaycan xalqının min illik tarixi yaddaşından süzülüb gəlir.

 





17.09.2013    çap et  çap et