525.Az

Mayın sonunadək bütün kompensasiyalar tam ödəniləcək


 

"ÖLKƏDƏ SİSTEMLİ ŞƏKİLDƏ APARILAN İSLAHATLARIN DAVAMI OLAN BU MÜHÜM TƏDBİRİN İCRASI DÖVLƏT-ÖZƏL SEKTOR MÜNASİBƏTLƏRİNİN VƏ BİZNES MÜHİTİNİN İNKİŞAFINDA ƏHƏMİYYƏTLİ ROL OYNAYACAQ"

Mayın sonunadək bütün kompensasiyalar tam ödəniləcək<b style="color:red"></b>

Prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərman 800 mindən çox vətəndaşın devalvasiya və digər səbəblərdən banklarla yaranmış problemlərinin həllinə imkan verib.

Konkret olaraq, dövlət başçısının müvafiq qərarı ilə 400 mindən çox vətəndaş xarici valyutada götürdüyü kredit borcunun devalvasiya yükündən azad olunur, təxminən bu qədər vətəndaşın isə 360 günədək gecikdirilmiş milli valyutadakı kredit borcuna ciddi güzəşt mexanizmləri tətbiq edilir. Müvafiq fərmanla 2015-ci ilin dekabrın 21-dək bankdan xarici valyuta ilə götürdüyü krediti sonrakı dövr ərzində bağlayan vətəndaşların ödədiyi əlavə vəsait də geri qaytarılacaq.

Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyator istifadəyə verib. "pk.fimsa.az/az/calculator" keçidinə daxil olmaqla kompensasiya məbləğlərinizi hesablamaq mümkündür.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, martın 15-dək problemli krediti olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi ilə bağlı qaydalar təsdiq ediləcək.

"Azərtac"ın məlumatına görə, o bildirib ki, daha sonra 1 ay müddətində - aprelin 15-dək isə problemli kreditlərinin həlli ilə bağlı Prezident İlham Əliyevin imzaladığı "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın əhatə dairəsinə düşən vətəndaşların siyahısı tam hazır olacaq: "Vətəndaşlara ödəniləcək kompensasiyanın məbləği də tam müəyənləşəcək və Maliyyə Bazarlarına Nəzarət Palatasının internet səhifəsində yerləşdiriləcək. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə ona düşəcək kompensasiyanın məbləğini öyrənə biləcək".

"Hər kəs banka dəvət olunacaq. Mayın sonunadək bütün kompensasiyalar tam ödəniləcək. Amma heç bir halda vətəndaşlar banklara ödənişləri dayandırmamalıdır", - deyə V.Qasımlı əlavə edib.

Maliyyə naziri Samir Şərifov isə jurnalistlərə müsahibəsində deyib ki, Maliyyə Nazirliyində vətəndaşların problemli kreditlərlə bağlı müraciətlərini cavablandırmaq üçün "Qaynar xətt" yaradılacaq.

Nazir qeyd edib ki, Maliyyə Nazirliyinin mövcud internet portalında bu məsələ ilə bağlı xüsusi bölmə yaradılıb. Prezidentin fərmanında ödənişlərlə məşğul olmaq Maliyyə Nazirliyinə tapşırılıb və təşkilatlar qarşısında 45 gün müddət qoyulub. Bu 45 gün müddət başa çatdıqdan sonra nazirliyin sözügedən məsələ ilə bağlı "Qaynar xətt"i yaradılacaq. Vətəndaşlar öz sual və müraciətlərinə bu "Qaynar xətt"ə zəng edərək cavab tapa bilərlər.

Cəmiyyətin müxtəlif təbəqələrində sevinclə qarşılanan bu fərman prezidentin həyata keçirdiyi sosial tədbirlərin məcmusunun tərkib hissəsi kimi qiymətləndirilir.

Təsadüfi deyil ki, martın 1-də Azərbaycanın bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşən dövlət başçısı çıxışında bu məsələyə geniş yer verib, həyata keçirilən sosial paketin əhəmiyyətindən danışıb. 

Dövlət başçısı qeyd edib ki, iqtisadi sahədə aparılan islahatlar gözəl nəticələr verir: "Bu ilin birinci ayının göstəriciləri bunu deməyə əsas verir. İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa edilib. Əminəm ki, bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacaq. Bilirsiniz, dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhran bizim ölkəmizdən də yan keçmədi və 2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İlk növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə verib. Təsəvvür edin ki, qısa müddət ərzində ölkənin gəlirləri təxminən 4 dəfə aşağı düşür. Bu nə deməkdir? O deməkdir ki, biz öz xərclərimizi 4 dəfə azaltmalı idik, çox qısa bir müddət ərzində çox ciddi addımlar atmalı idik, heç bir ölkə buna hazır deyildi, o cümlədən də biz. Biz bunu etiraf edirik və əlbəttə ki, bu böhranlı vəziyyət ölkəmizə böyük zərbə vurdu. O vaxt bizim əsas məqsədimiz vətəndaşların sosial müdafiəsini gücləndirmək və bu iqtisadi böhrandan az itkilərlə çıxmaq idi. Hesab edirəm ki, biz buna nail ola bilmişik. 2017-ci il iqtisadi sabitləşmə ili olub. Keçən il biz artıq iqtisadi inkişafa qədəm qoyduq. Bu il isə artıq inkişaf daha da böyük ölçülərlə özünü göstərir".

Prezidentin sözlərinə görə, iqtisadi islahatlar imkan verib ki, sosial sahədə çox ciddi addımlar atılsın: "Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanıb. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır. Digər sosialyönümlü addımlar, imzaladığım fərman 800 min insanı əhatə edir. Bu fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr var. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmayıb. Yəni bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir".

Dövlət başçısının problemli kreditlərlə bağlı fərmanını şərh edən AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Aqil Eyvazov qeyd edib ki, fevralın 25-də Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə dövlət başçısı əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi qərarların qəbul olunacağı anonsunu vermişdi. O, "Azərtac"a bildirib ki, bundan sonra ölkə başçısının müvafiq fərman və sərəncamları ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılmasının şahidi olduq. Bu tədbirlərin davamı olaraq, xarici valyutada kredit götürən vətəndaşlarımızı, onların ailə üzvlərini ciddi narahat edən problemli kreditlərlə bağlı dövlət başçısının fevralın 28-də imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı 2015-ci ildən bəri ən çox gözlənilən qərarlardan biri idi.

Ekspert bildirib ki, ölkə başçısı atdığı bu humanist addımı ilə son iki ildə vətəndaşları ciddi şəkildə narahat edən problemli kreditlər məsələsinə birdəfəlik aydınlıq gətirib: "Son iki ildə manatın məzənnəsinin ABŞ dolları və avro qarşısında zəifləməsi fonunda banklardan xarici valyutada kredit götürən vətəndaşlarımız kreditlərin ödənilməsi ilə bağlı kifayət qədər ciddi problemlərlə üzləşmişdi. Bütün bunlar əhalinin yaşayış səviyyəsinə, eləcə də, bank sektorunun, işgüzar münasibətlərin inkişafına öz mənfi təsirini göstərmişdi. Fərmanda böyük məbləğdə dövlət vəsaiti hesabına, əsasən vətəndaşlarımızın, eyni zamanda, kredit təşkilatlarının da maraqlarının, hər iki tərəfin qarşılaşdıqları problemlərin həllinin təmin olunması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Onu da vurğulamaq lazımdır ki, vətəndaşların devalvasiya nəticəsində əlavə ödəmiş olduğu vəsaitlərin geri qaytarılması sayəsində onların əlində müəyyən məbləğdə vəsait formalaşacaq ki, bu pul kütləsinin istehlak ehtiyaclarının ödənilməsi və ya sərmayə şəklində dövriyyəyə daxil olması mal dövriyyəsinin, iqtisadi aktivliyin artmasına səbəb olacaq. Ölkədə sistemli şəkildə aparılan islahatların davamı olan bu mühüm tədbirin icrası həm vətəndaşlarımızın sosial rifah halının yaxşılaşmasına, dövlətə inamının artmasına ciddi təsir göstərəcək, eyni zamanda, dövlət-özəl sektor münasibətlərinin və biznes mühitinin inkişafında əhəmiyyətli rol oynayacaq".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru, iqtisadçı alim Vüqar Bayramov isə fərmanla bağlı vətəndaşlarda yaranan bir sıra suallara aydınlıq gətirib: "Bir şəxs bir neçə bankdan kredit götürübsə, bu zaman devalvasiya baş verən zaman əgər cəmi əsas kredit məbləği 10 min dollardan azdırsa, o zaman kompensasiya hesablanacaq. Məsələn, vətəndaşımız bir bankdan 3 min dollardan, digərindən 6 min dollar kredit götürüb və bu zaman həmin məbləğlər cəmlənəcək və 9 min dollara kompensasiya ödəniləcək".

V.Bayramov bildirib ki, dollar krediti üzrə borcu kredit götürən deyil, zamin ödəyibsə, fərmana əsasən, belə hallara fərdi qaydada baxılacaq: "Məsələn, 10 min dollar kredit borcu olub, amma kredit götürən borcu ödəməkdən imtina edib və məhkəmə qərarı ilə borc zaminin əmək haqqısından tutulub. Bu zaman fərdi qaydada zamin müraciət edib məsələyə baxılmasına nail ola biləcək".

Ekspert əlavə edib ki, fərmana əsasən, ləğv olunmuş banklardan kredit götürən vətəndaşlar da kompensasiya alacaqlar: "Bu prosesə Əmanətlərin Sığortlanması Fondu məsuldur. Fəaliyyətdə olan bank müştərilərində olduğu kimi, ləğv olunmuş bankların müştəriləri ilə də əlaqə saxlanılacaq".

Ceyhun ABASOV

 





07.03.2019    çap et  çap et