525.Az

Tanıyaq və tanıdaq: Fəranək Fərid İpəyin şeirləri


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Fəranək Fərid İpəyin şeirləri </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların
yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru                                    

Fəranək FƏRİD İPƏK

1961-ci ildə Təbrizdə dünyaya göz açıb. İbtidai və orta məktəbi Təbrizdə bitirib. Ali təhsilini iki ixtisas üzrə - "laboratoriya elmləri" və "ingilis dili dilmanclığı" bölməsində başa çatdırıb. 1985-ci ildən etibarən ictimai-mədəni və qadın hüquqları sahələrində aktiv fəaliyyətə qoşulub. Ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid sahələrində əsərləri ilə öz parlaq səhifəsini yazıb. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. 2004-cü ildən dərc olunmağa başlayan "Dilmanc" jurnalında qadınlarla bağlı özəl sayların baş redaktoru vəzifəsində işləyib. "Yuxuda ayılmaq" və "Cızıq" adlı iki şeir toplusu çap edilib.

Xatın

Yasdığımda boğuluram
Və içdiyim bir içim suda.
Göz ilə işıq, bir araya gəlmədi,
Bu çənli şəhərimin qalasında.
Oxşayıram, Babək qalasının xatınına oxşayıram.
Sən gələn gün qırmızı donumu geyəcəyəm
Və uzun-uzun saçlarım,
Ayağıvın altına sərəcəyəm.
Qaralığından qorxma,
Sən gələnədək ağaracaqlar.
Üzüvə heç toz qondurma!
Bütün körpələri əmizdirmişəm
Şərab küplərin yerə quylamışam
Söz salxımların ürəyimdən aslamışam
Ağlasam da, gizlicə ağlamışam.
Baxsan görərsən, yenidən gəlin olub
Qalanın qıvrım pillələrindən
Yenərək səmaya boylanıram,
Qollarımı elə boynuva sala bilərəm ki!..

Röyalar

Tapılmamış tapdalandı                  
Ya itdi tapılmadı?
Səni itən röyalar,
Bu lələsiz yurdumuzda.
Nə qoyub nə axtarırsan
Lələ-var-yurd-yoxumuzda?!                                            

Dolan-ba-dolan küçələrinə
Doluşmadıq ki,
Divarlarına düşən kölgəmiz
Ölçülüb
Boy atdığımıza görə
Əynimizə
              Bir don tikilsin!
Saatının əli qolundan uzun qaldı
Biz onun qollarından asılı
         Bu şəhərin meydanında.
Qarğışlar yığvası oldu
         Qaranquşlar yuvası!
Durnaları qayıdanda
Bizim çiyinlərimiz
dal-budağını çökmüşdü
Röyalar ətrini belə uçmuşdu.

Açıq qucağında, sıxmadı ki dağı bizi;
Hansı dağından tufağımız dağıldı bəs?
Qaragiləsinin gözündə yatdı bu şəhər,
Oyaqlar, iç-içə otaqlarda itdi bu səfər,
Röyalar gözlərdən silindi bir təhər.
Gələnlər, özlərini boş gəldilər
Gedənlər, gözləri dolub getdilər
Get ay çıxandan sonra gəl!
Röya çağının tam
                     Arxayınlığında.
Qara qışın ilbəil qalınlığı
                 Əynimin qatı paltarlarında,
                 Röyalar sinəmin lap alt qatında!

Sən sınsan

Ya sən sınsan
Dünyanın yuxulu qabları
Bir daha gərək gərnəşə;
Sənin tikələrin
                   Yenidən
                          Onlara yerləşə...
Bax!
Aynanın sınıqlarında
Parçalanmış təkrara
Təzələnmiş adamlara!

Sınmaq da sınamalı imiş
                     Barmaqlarım kəsilsə belə;
Bütün yaralar bitişdi bəlkə
                        Öpüşlərinlə!
Sulaşır, ayna
Ayınlaşır, su
Sən isə aydınlaşırsan
                      Üçüzdə
                      Mən işıqlığa çıxıram!
Gəlin aparırlar

Ev-eşik adına
                Aparıldım
                Eşiksiz evə, keşik!
Gözəlləşdikcə gözlərim sulanır
Qamaşır gözlərim, qaşlarım alınanda
Ürəyimin bəndi qırılır
                 Üzümə bənd salınanda
Boyunbağı alınır, mən alınanda!

Kəfəndən deyilir
                 Gəlinliyimi geyəndə,
Boğazım göynəyir
                 Barmaq dolu bal yeyəndə!
Üzümdə qızarır
               Qızlığın qırmızı almacığı
Başıma ələnir
               Qəndin qondarma şirinliyi.
Barmağıma həlqə taxılır
Qoluma dəstbənd
- keçmişdən anılan "qolbağı" -
Yollandırırlar:
                  Əli xınalı
                            Beli bağlı.
Bir - iynə, bir - iynə
        Tikildim təxtə
               "Bəxt" deyə -deyə;
Aparıldım o gecə
                 Ev-eşiyimə.

Uşaqlaşıram, analaşıram, yaşlanıram

Ötən illərin xəzəllərin
Silib-süpürməyə qədər
Saçlarımla uzanıram
Dəlicəsinə sürdüyüm hayatın
Dönümlərində -
                         Buruqlarında
Oynamağa qədər
Uşaqlanıram
Qızlanıram;
                 Qızmarlanıram.
Səni andıqda
Qucağıma almağa qədər
                               Analanıram.

Bütün qıfılbənd darqınlıqlardan
Səni aradan götürüb
                    Qaçmağa qədər
                                 Qoçaqlanıram.
Gecikirəm, zaman tələsdirsə də,
Gecikdirirəm,
Alacağım nəfəsi də;
İnamsızcasına,
                Yaşlanıram.
Yerə qoyanda sevgilim səni!
Yumaqlanıb
                  Çiynindən qalıram!

 





07.03.2019    çap et  çap et