525.Az

Yazıçı-publisist İnqilab Həsənli dünyasını dəyişib


 

Yazıçı-publisist İnqilab Həsənli dünyasını dəyişib <b style="color:red"></b>

Yazıçı-publisist, ötən əsrin 70-80-ci illərində Aəzrbaycan  jurnalistikasının tanınmış imzalarından olmuş  İnqilab Həsənli (Tərtərli) martın 5-də axşam dünyasını dəyişdi.

İnqilab Həsənli 1947-ci ildə Tərtər rayonunda dünyaya gəlmişdi. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində təhsil almış İ.Həsənli uzun illər Azərbaycan radiosunun Uşaq və gənclər redaksiyasında "Ulduz" proqramının redaktoru olmuş, bir müddət "Sovet kəndi" qəzetində çalışmışdı. Bədii yaradıcılıqla da məşğul olan İnqilab Həsənli bir sıra hekayələri ilə müxtəlif illərdə dövrü mətbuatda çıxış etmişdi.

Uzun illər ədəbi mühitdən, fəal bədii yaradıcılıqdan uzaq düşsə də, İnqilab Həsənlinin yazıları vaxtaşırı "525-ci qəzet"də dərc olunurdu. Hələ 2013-cü ildə şair və publisist, unudulmaz Tofiq Abdin qəzetimizdə müntəzəm nəşr olunan "Oralarda kimlər var?" silsiləsində ondan geniş müsahibə almışdı. Bu suallardan biri də İnqilab Həsənlinin yazı-pozu aləmindən uzaq düşməsi ilə bağlı idi: "...Dörd övladım var, dördü də qızdır və onların uşaqlıq illəri, yeniyetməlik çağları elə dövrə düşdü ki, qələmlə çörək qazanmaq sadəcə olaraq mümkün deyildi. Odur ki, doxsanıncı illərin əvvəllərində kiçik sahibkarlıqla məşğul olmağa başladım. Və çox şükürlər olsun ki, ailəmi ayaqda tutmağı bacardım... Əlbəttə, birdən-birə qələm yerə qoyub pul dalınca qaçmağım heç də asan başa gəlməyib mənə. Gündüzlər birtəhər başımı qatsam da, gecələr yuxum ərşə çəkilirdi; yaza bilmədiyim mövzular, deyə bilmədiyim sözlər içimi göyür-göyür göynədirdi..."

2017-ci ildə - İ.Həsənlinin 70 illik yubileyi ərəfəsində isə tanınmış ədəbiyyatşünas-tənqidçi Məti Osmanoğlu "525"də onun haqqında yazdığı "Kim nə miqdar olsa..." məqaləsi ilə çıxış etmişdi. Bundan əlavə, onun qəzetimizdə müxtəlif illərdə bədii yazıları, hekayələri dərc olunmuşdu...

...Ötən əsrin 70-80-ci illər Azərbaycan jurnalistikasının örnək simalarından olan İnqilab Həsənli dünən Bakıda torpağa tapşırıldı.

Allah rəhmət eləsin!

"525"

 





07.03.2019    çap et  çap et