525.Az

Kitabla dolu ömürlər və ya hər kitabxana bir xəzinə kimi


 

Kitabla dolu ömürlər və ya hər kitabxana bir xəzinə kimi<b style="color:red"></b>

Yazının hər iki qəhrəmanı Kitabı, mütaliə etməyi həyatının bir parçası hesab edir. Onlar ikisi də Laçından didərgin düşüb.
 
Qəribədir ki, hər ikisi məlum və ya müəyyən səbəbdən ali təhsil ala bilməyiblər. Amma çox əminliklə deyə bilərəm ki, onlar ikisi də ziyalıdır. İnanmayanlar oxusunlar... 

KİTAB HƏYATIN ÖZÜDÜR 

Haqqında söhbət açacağım oxucu Səkinə Baxşəliyeva ilə tanış olduqdan sonra onu çox düşündüm. Amma taleyin, həyatın sərtliyinə rəğmən kitab oxumağı unutmayan məktəbdə xadimə işləyən bu qadın mənə çox doğma, əziz gəldi. Deyim ki, kitab oxumayan valideyndən, cavandan, qocadan, hətta oxumağı vacib və məcburi olan bəzi müəllimlərdən belə daha maraqlı... Elə bu maraqla da onunla dostlaşmağa başladım...

Bir gün uşaqların oxuduğu məktəbə gedəndə özümlə "525-ci qəzet"dən, "Ədəbiyyat qəzeti"ndən nümunələr götürmüşdüm ki, oxumaq üçün tanış müəllimlərə verim. Səhəri gün heç adını da bilmədiyim xadimə qadın məni görəndə yazınızı oxumuşam, dedi... Sonra qızımın sinifində rastlaşdım onunla. Qısa söhbətdən məlum oldu ki, Səkinə xanım əsl kitab həvəskarıdı... Həyat onu nə qədər sıxsa, yolunu başqa yerdən salsa da, o, yenə qəlbinin ziyasına, nuruna, oxumaq həvəsinə sadiq biridir. Səkinə xanım başına gələnləri danışdı... Dedi ki, orta məktəbi əla qiymətlərlə başa vurub. Amma neyləsin ki, Qarabağ müharibəsi onun ali təhsil almasını imkansız edib. Ona görə ki, Bakıya gəlməsi üçün bu laçınlı qız Şuşa yolunu rus tankı ilə keçməliymiş. Buna isə ailəsi, xüsusilə də qardaşı icazə verməyib. Belə bir vəziyyətdə o, kənddəki Mədəniyyət evində "kütləvi işçi" kimi işə başlayıb. Cəvahir adlı rəfiqəsi ilə birgə Səkinə xanım kənddə ən çox kitab oxumaqda, necə deyərlər, şan-şöhrət qazanıb. Kitab almağa heç vaxt xəsislik etməyib. Deyir ki, o vaxt "23 fevral"da sinif yoldaşlarına kitab hədiyyə edərmişlər. Kitab hədiyyəsi beləcə qarşılıqlı olarmış...

O, Böyük Füzuli və Nizami başda olmaqla o vaxtın sevilən müəllifləri olan V.Babanlı, Ə.Vəliyev, İ.Əfəndiyev, S.Rüstəm, S.Vurğun və başqalarının əsərlərini həvəslə oxuduğunu söyləyir. Acı həyatdan, müharibədən və kiatablardan çox şeyi öyrənib Səkinə xanım... O, kitabı həyatdan ayrı təsəvvür etmir, düşünür ki, kitab elə həyatın özüdür...

Laçında gördüyü gözəl mənzərələrə heç yerdə rast gəlməyən Səkinə xanım doğulduğu Qarıkahası kəndini ən son məcburiyyətlə tərk edənlərdən olub. Didərginliyin ilk illərində tezliklə evlərinə qayıdacağı düşüncəsi və kənddə kitabxanada çalışacağı ümidi ilə qəlbi heç yerə isinməyib. Amma fələk onun saydığını saymayıb. Bir gün qəriblikdə ona toy havası çalınıb. Sonra başı uşaqlara qarışıb. Amma heç bir qayğı, dərd onu sevimli kitablarından ayıra bilməyib.

Bir xeyli sonra çalışmaq lazım gələndə özünü çəkmədən sadə bir könüllə o, məktəbdə xadimə kimi işə başlayıb. "Mən çalışmaq, ətrafımda bir işə yaramaq istəmişəm həmişə..." söylədi... Halbuki onun arzuları xarakterinə uyğun olub. Yəni doğrunu, haqqı sevən biri kimi qanunların keşiyində durmaq istəyib. Bakıya gəldikdən sonra ağrı-acılardan ayrılıb ali təhsil almadığı üçün özündən narazılığını hiss elədim. Doğrusu, bu hiss mənə doğmadı. Çünki mən də, o ağır illərdə ən böyük arzumu unutmuşdum və bir neçə ildən sonra özümə gəldim... Amma bu gün ürəyinin dərinliyində arzularını gömən, çox təmkinli, səbirli və təmiz qəlbinin işığından üzünə düşən təbəssümü ilə məni heyrətləndirdi Səkinə xanım...

Qəzəlləri çox sevir. Onu da öyrəndim ki, son vaxtlar Əntiqə Qonaqın "Vətən, səndən keçmək olmaz" adlı kitabını oxuduqları içində daha çox bəyənib... Səkinə xanımın ən böyük arzusu Laçına qovuşmaqdı...   

"525-ci QƏZET"İN DOSTU 

İkinci qəhrəmanımın da kitablarla dolu bir dünyası var. Xalıqverdi Mustafayevi (X.Laçınlı) illərdi tanıyıram. O, bir şair olsa da, yazmaqdan çox oxumağa üstünlük verib həmişə. Bəlkə ona görə 64 yaşına gəlib çatsa da, hələ balaca bir şeir kitabı çap etdirməyib. Amma yox, səbəb təkcə bu deyil. Doğma yurdundan didərgin düşən bu insan qayğıların içində ömür sürüb. Hələ bu azmış kimi, həyat yoldaşı da səkkiz il əvvəl dünyasını dəyişərək onu beş uşaqla baş-başa qoyub. Dəfələrlə ürəyindən müalicə olunub və yenə səhhətində problemləri var. İki oğlunu evləndirib. Deyirlər, kitab da övlad kimidir. Amma görünür, X.Laçınlı hələ o "övlad"ını böyüdüb ərsəyə gətirməyə vaxt, imkan tapa bilməyib... 

X.Laçınlı da ali təhsil ala bilməyib. O vaxt gah sənədlərində problem olub, gah da başqa qayğılar buna imkan verməyib. Amma həmişə əlində kitab, masasında jurnal, qəzet olub. Hər həftə "525-ci qəzet"in şənbə nömrəsini alır və həvəslə oxuyur. Onun ədəbiyyatla bağlı olan qəzetlərlə dostluğu hələ doğma Laçından başlayıb. "Azərbaycan", "Ulduz" jurnalları da ona o vaxtdan doğmadır. X.Laçınlı mütaliəyə, kitablara o qədər dəyər verirmiş ki, kənddə poçt vasitəsilə Bakıdan yeni kitablar alırmış. Elində-obasında onu bu cür tanıyıb, ziyalı bir insan kimi hörmət bəsləyirmişlər. Onun doğma Laçında 2 mindən çox kitabı olan şəxsi kitabxanası varmış. Və bir gün müharibənin qızğın vaxtlarında sevimli kitabları gözlərinin önündəcə ata-baba evləri ilə birgə yanıb külə dönür...

X.Laçınlının məskunlaşdığı Xırdalan şəhərindəki balaca evində 400-dən çox kitabı var. Hələ kimsədən eşitməmişdim ki, oxuduğu əsərlərdən aldığı zövqü bu cür ifadə etsin: "S.H.Sadıqzadənin hekayələri bal dadıb mənim üçün..." R.N.Güntəkinin "Çalıquşu" romanı onun sevimli kitablarından olub. Yazıçı Anarın əsərlərini çox sevdiyini söylədi. M.S.Ordubadi, Y.V.Çəmənzəmənli, B.Vahabzadə, S.Vurğun, H.Arif, C.London, Drayzer, Dikkens, Balzak, Heminquey, R.Taqor və başqa onlarla müəlliflərin əsərləri onun qəlbini işıqlandırıb. X.Laçınlı fəlsəfəni çox sevir. Deyir ki, bizə "Qoca şərq" deyilib. Şərqin müdrik kəlamı, sözü, fəlsəfəsi heç vaxt bitib-tükənməz...

İllərdi onun məskunlaşdığı balaca evi, həyəti söz adamlarının ziyarət yerinə çevrilib. Onun evini "Yazıçılar Birliyinin filialı" adlandırırlar. Məlahət Yusifqızı, Hafiz Rüstəm, Nurəddin Mirzəxanlı, Nazir Rüstəm, Sənan Çıraq, Rəna Mərzili, Mehman Göytəpəli, Cəfər Mehman, Səmayə Güləliqızı, gənc yazar Günay Ümid və başqaları həmişə onlara gəlir, ədəbi mühitdən, kitablardan danışırlar...

X.Laçınlı M.Ş.Vazehin ölkəmizdən uzaqlarda olan "külliyyat sandığı"nın açılması xəbərini bir gün sevdiyi qəzetlərin səhifələrində görmək istədiyini söylədi. O, "Əli və Nino" əsərinin Y.V.Çəmənzəmənlinin olduğunu təsdiq edən faktları arzuladığını (O, belə düşünür... mən elə bilirdəm ki, bu əsəri Qurban Səid yazıb), ümumiyyətlə, ədəbiyyatımızda qaranlıq məqamlara aydınlıq gətirən maraqlı məlumatları gözlədiyini dedi....

... Düşündüm ki, özüylə bağlı heç bir təmannada bulunmayan bu istedadlı insan görəsən, öz şeirlərindən "525-ci qəzet"in səhifələrində görsəydi necə sevinərdi? Odur ki, şeirlərinin içindən "Xocalı harayı" na rast gələndə dayandım...

Xocalı harayı 

Duman gəlir, sis gəlir,
Dərd sanki bəhsə gəlir,
Xocalıdan səs gəlir.
Qisasımı al, deyir. 

Sökülən daş harayı,
Tökülən yaş harayı
Kəsilən baş harayı
Qisasımı al, deyir. 

Qapıları bağlanan
Sinələri dağlanan
Oğlu girov saxlanan
Qisasımı al, deyir. 

Qan qoxuyur qəlpələr
Göydən yerə qan ələr,
Süngülənən körpələr
Qisasımı al, deyir.

Oğlu ölən analar,
Qara geyən sonalar,
O atasız balalar
Qisasımı al, deyir.

Bu yazı da fevral ayında yazılır. Fevral deyəndə qəlbində, gözündə bir dünya yıxılır, ürəyi dara çəkilir adamın... X.Laçınlı da bu şeiri ilə dərdimizi bir az da təzələdi...

... Bəzən biz uğuru vəzifə əldə etməkdə, necə deyərlər, tanınmış biri olmaqda görürük. Serial qəhrəmanları kimi sadə yox, adi adamların gözlərini qamaşdırmağı özümüzə fəxr bilirik. Amma bu yolun sonu nədir, biz hansı xeyirli işlərimizlə ölkəmizə, insanlarımıza daha faydalı ola bilərik kimi suallar da var axı... Və Səkinə xanım, X.Laçınlı kimi insanlar da var həyatda... Sadə, təmkinli, hər halıyla öz dünyası və onu daha maraqlı edən kitablarla baş-başa qalan nurlu adamlar...

Mina RƏŞİD 

 





07.03.2019    çap et  çap et