525.Az

Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklif edilir


 

BELƏ BİR QƏRARIN QƏBULUNA MİLLİ MƏCLİSİN DEPUTATLARI, SAHƏ ÜZRƏ EKSPERTLƏR MÜSBƏT YANAŞIR, PROBLEMİN HƏLLİNƏ VACİB MƏSƏLƏ KİMİ BAXIRLAR

Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklif edilir<b style="color:red"></b>

Azərbaycanda həyata keçirilən iqtisadi istilahatlar nəticəsində son dövrlər büdcə gəlirlərin artması, maliyyə imkanların genişlənməsi sosial sahəyə daha çox diqqətin göstərilməsinə təkan verib.

Prezident İlham Əliyevin son çıxışlarında atılan addımların heç bir halda dövləti tam qane etmədiyini bəyan etməsi, bu istiqamətdə tədbirlərin davamlı olaraq həyata keçirilicəyinə dair anonslar verməsi qarşıdakı aylarda da növbəti humanist addımların atılacağına dair cəmiyyətdə nikbin əhval-ruhiyyə yaradıb.

Əhalini qayğılandıran məsələlərdən biri də qaz və elektrik enerjisinə tətbiq olunan limitlərlə bağlıdır. Xüsusilə qış aylarında evlərin qızdırılması üçün qaz və elektrik enerjisi ilə işləyən istilik sistemlərindən istifadə edilir ki, bu da limiti keçən vətəndaşların kommunal xidmət ödənişlərinin artmasına, ailə büdcələrində əlavə xərclərə səbəb olur. Paytaxtda və regionlarda yaşayan aztəminatlı ailələr isə ümumiyyətlə bahalı istilik sistemlərindən istifadə edə bilmir, əl üsulu ilə hazırlanmış sobalarla evlərini müəyyən qədər qızdırmağa çalışırlar. Meşəətrafı bölgə sakinləri isə çıxış yolunu ağaclardan odun kimi istifadə etməkdə görürlər. Nəticədə bu, meşə təsərrüfatları, ekoloji vəziyyətə də mənfi təsirlərini göstərir. Çıxış yolu isə təbii qazdan güzəştli qiymətlə istifadə üçün qoyulan limitin ləğv edilməsi və əhalin aşağı qiymətlə təbii qazdan, elektrik enerjisindən istifadəsidir. Təbii qazdan istifadə ilə bağlı qiyməti 10 qəpik olan 1700 kubmetrlik limit bitəndən sonra 1 kubmetr qazdan istifadə 20 qəpikdən, elektrik enerjisinə görə isə 7 qəpik olan aylıq 300 kVts-lıq limit bitəndən sonra 1 kVts üçün 11 qəpik hesablanmasa, vətəndaşlar əlavə xərclərdən azad olunar, həmin vəsaiti başqa vacib məsələlərin həllinə yönəldə bilərlər.

Belə bir qərarın qəbuluna Milli Məclisin deputatları, sahə üzrə ekspertlər müsbət yanaşır, problemin həllinə vacib məsələ kimi baxırlar.

Bu barədə “Musavat.com”a fikirlərini bildirən Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, vətəndaşın həyat şəraitinin yaxşılaşdırılması üçün belə bir qərar verilə bilər: “Hökumət çalışmalıdır ki, vətəndaşın həyat səviyyəsi yüksək olsun. Əgər gəlirlər normal olarsa, o zaman odun yandırmağa ehtiyac qalmaz. Ancaq vətəndaşın gəlir səviyyəsi aşağıdır. Son dövrlər nə qədər əmək haqları və pensiyalar qaldırılsa da, dünya standartları ilə müqayisədə yaşam şərtləri regionda çox bərbaddır. İnsanlar çox vaxt  sıradan tələbatlarını ödəməyə pul əldə edə bilmirlər. Ona görə də, belə bir güzəştli addımın olması faydalı olardı. Çünki hazırda çox insan bu yüksək qiymətlərdən və limitin az olmasından əziyyət çəkirlər. Mən özüm də limitlərin aradan qaldırılması məsələsini Mili Məclisdə qaldırmağa çalışacağam. Bu, həm maraqlı təklifdir, həm də vətəndaşın marağına uyğun olan təklifdir. Hökumətin də buna imkanları yetərlidir. Belə bir iradə də var, son vaxtlar sosial qərarlar ardıcıl olaraq verilir. Bu kontekstdə müəyyən bir nəticəyə varmaq olar”.

“Ana Vətən” Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bildirib ki, belə bir qərar xalq tərəfindən çox böyük rəğbətlə qarşılanar: “Vaxtilə bu məsələ müzakirə olunanda mən təklif etmişdim ki, artırılmasa, daha yaxşı olar. Çünki rayonlarda, kəndlərdə qaza qənaət edən kombi sistemi yoxdur. Evləri qızdırmaq üçün daha çox sobalardan istifadə olunur,  nəticədə qaz çox istehlak olunur. Limiti keçdikdən sonra isə qiymət ikiqat hesablanır. Bir sıra hallarda isə vətəndaşlar bu vəsaitin ödənməsində çətinliklə üzləşirlər. Yaxşı olardı ki, Tarif Şurası dövlət başçısının humanist siyasətini və Azərbaycan xalqının həyat şəraitinin yüksəldilməsi istiqamətindəki addımlarına söykənərək belə bir qərar versin. Bu xalq tərəfindən çox böyük rəğbətlə qarşılanar”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd edib ki, enerji böyük istehlak təbəqəsi üçün əlçatan olmalıdır: “Əgər əlçatan deyilsə, o zaman ya enerjidən istifadə azalır, istehlakçılar alternativ enerji növləri axtarırlar. Hökumət hər zaman bu məsələyə diqqət etməlidir. Çünki enerji daşıyıcılarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Hökumətin birinci vəzifəsidir ki, daim monitorinq eləsin və şəhərlərdə, bölgələrdə, kəndlərdə əhalinin yaşam səviyyəsində, maddi vəziyyətinə uyğun olaraq çevik qiymət siyasəti yürütsün. Əks təqdirdə, insanlar bölgələrdə ağacları qırıb yandırmağa başlayacaqlar. Hökumət bir tərəfdən gəlir əldə edirsə, digər tərəfdən onun təbiətinə, başqa  resurslarına ziyan dəyir. Ona görə, bu məsələdə qızıl orta tapılmalıdır. Azərbaycanda bu qiymət  məsələsi o zaman ortaya atıldı ki, 2016-cı ilin son rübündə ölkəmiz təbii qazı idxal etməyə başladı. Bunun nəticəsində ötən ilin dövlət büdcəsindən Dövlət Neft Şirkətinə 250 milyon manat  vəsait ayrıldı. Əgər indi Azərbaycan bu qazı idxal etmirsə, ən azı bu limitin həcmini artırsın”.

Deputat Musa Qasımlı isə “525”ə bildirib ki, Prezident İlham Əliyevin sosial islahatlar paketi bilavasitə Azərbaycan vətəndaşının qayğılarının azaldılmasına, bərabər imkanlar yaradılmasına, sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Ona görə də deputat elektrik enerjisi və təbii qaz istifadəsinə qoyulan limitin ləğv olunacağına inanır: “Bu məsələ çox aktualdır. Rayon yerlərində bəzən vətəndaşlar limiti keçdikləri üçün meşələrə üz tutur və nəticədə ağaclar qırılır. Meşələrdə ağacların qırılması bulaqların, çayların suyunun azalmasına da təsir göstərir. Bu, bütövlükdə həm iqtisadi, həm də ekoloji cəhətdən ziyanlıdır. Ona görə də yaxın vaxtlarda ölkə prezidentinin həmin limitləri ləğv edəcəyinə inanıram”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru Vüqar Bayramov da hesab edir ki, qaz və elektrik enerjisinin istifadəsinə tətbiq olunan limitlərə yenidən baxılması və tariflərin dəyişdirilməsi məqsədəuyğun olardı: “Vətəndaşların istehlak etdiyi qaz və elektrik enerjisinə tətbiq olunan limitlərin artırılması və ya tariflərin daha aşağı salınması lazımdır. Nəzərə alınmalıdır ki, kommunal xərclər aztəminatlı vətəndaşlarımız üçün əsas xərclərdən biridir. Məsələyə yenidən baxılması və müvafiq qərarın qəbulu isə ölkə vətəndaşlarının xərclərinin azaldılmasına imkan verəcək. Bu, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından vacibdir. Vətəndaşlar kommunal xərclər üçün ayırdığı vəsaitin bir hissəsinə qənaet edə, digər problemlərinin həllinə yönəldə bilərlər”. V.Bayramov vurğulayıb ki, bu kontekstdə məsələyə yenidən baxılmalı, islahatlar aparılmalıdır: “Azərbaycanın maliyyə imkanları kifayət qədərdir. Nəticə etibarilə bu, kommunal xidmətlərin tariflərinə yenidən baxılmasına və uyğun tarif və limitlərin tətbiq edilməsinə imkan verir”. 2019-cu ilin ilk iki ayı ərazində sosial istiqamətdə kifayət qədər ciddi addımların atıldığını deyən mərkəz rəhbəri ölkə prezidentinin qeyd etdiyi kimi, qarşıdakı aylarda da islahatyönümlü tədbirlərin həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, bu mənada qaz və elektrik enerjisinə tətbiq olunan limitlərə yenidən baxılması gözləniləndir: “Belə bir addımın atılması vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi üçün yeni imkan yaradacaq”.

Ceyhun ABASOV

 





08.03.2019    çap et  çap et