525.Az

Görünməzi göstərən rejissor - Şahanə Müşfiq


 

NURİ BİLGƏ CEYLAN YARADICILIĞI HAQQINDA ÜÇÜNCÜ YAZI

Görünməzi göstərən rejissor - <b style="color:red">Şahanə Müşfiq </b>

“Uzaq”dan gələn var 

Nuri Bilgə Ceylanın avtobioqrafik səciyyə daşıyan silsiləsinin son filmi “Uzaq”dır. 2002-ci ildə çəkilən “Uzaq” filmi bir neçə xüsusiyyətinə görə Ceylan yaradıcılığında xüsusi yer tutur. Rejissorun ilk böyük uğuru bu filmlə bağlıdırsa, həmçinin, “Uzaq” əvvəlki filmlərdən tanıdığımız aktyor Mehmet Əmin Torpağın son filmi olur. Belə ki, 56-cı Kann kinofestivalında münsiflər heyətinin “Qran-pri” mükafatını qazanan filmin baş rol oyunçuları Mehmet Əmin Torpaq və Müzəffər Özdəmir “Ən yaxşı aktyor” mükafatını bölüşürlər. Ancaq gənc aktyor bu mükafata layiq görüldüyünü bilmədən avtomobil qəzasında dünyasını dəyişir (2002).

Haqqında söhbət açdığımız film də ayrı-ayrı insan talelərini fərqli bucaqlardan ekrana gətirir. Rejissor göstərir ki, bir evin içərisində yaşayıb başqa dünyaların sakini olmaq da mümkündür. Kiçik bir qəsəbədə yaşayan və çalışdığı fabrikin bağlanması ilə işsiz-gücsüz qalan Yusif (Mehmet Əmin Torpaq) İstanbulda yaşayan qohumu Mahmudun (Müzəffər Özdəmir) yanına iş tapmaq ümidilə gəlir. Mahmud isə rejissorluq arzusunu içində boğmaqla, mənzilində yaratdığı fotolaboratoriyasında üzlük fabrikinin məhsullarının reklamı ilə kifayətlənən tənha adamdır. O, bu tənhalıqla artıq bütünləşmiş haldadır. Özünü rahat olduğuna, həyatını məhz bu cür arzuladığına inandırıb. İşi-gücü qurduğu siçan tələsini güdmək, televizorda erotik filmlərə baxmaq olan bu adam rahatlığının pozulmasını qətiyyən istəmir. Ona görə də kənddən ona pənah gətirən Yusifə qonaqpərvərlik göstərdiyini deyə bilmərik. Onun Yusifə qarşı aqressiyasının başqa bir səbəbi də unutmağa, qaçmağa çalışdığı keçmişini bu gənc adamda görməyidir. O, Mahmuda keçmişdə çəkdiyi sıxıntıları xatırladır. Hiss olunur ki, o, bir rejissor kimi gəncliyində böyük xəyalları olmuş, dünyanı dəyişə biləcəyinə inanmış, amma bunları bacarmayanda ümidsizliyə qapılıb taleyin ona yazdığı qismətə boyun əyərək tənhalığına sığınmış, anasının belə zənglərinə cavab verməyib səs yazısını dinləyən adamdır. Gəmilərdən birində işə düzəlib dəniz səyahətlərinə çıxmaqla pul, macəra axtaran hərdəmxəyal Yusiflə Mahmud arasındakı qarşıdurma elə ilk zamanlardan başlayır və film boyunca inkişaf edir. Hətta iş o yerə çatır ki, Mahmud qonağını oğurluqda günahlandırır. Saf, təmiz, yalnız pul qazanmaq, anasına, ailəsinə yardım etmək, bacısı övladını sevindirmək arzusunda olan, qohumu Mahmudun hər cür qadağasına, soyuqluğuna anlayışla yanaşan, ona bir böyük qardaş kimi hörmət bəsləyən Yusif isə artıq bu təhqirə dözmür. Onun evi tərk etməsiylə Mahmudun tənhalığı yenidən “özünə qayıdır”. Bəs o, bundan məmnundurmu? Rejissorun həqiqi gücü də burda özünü göstərir. O, adi jestlərlə, mimikalarla, detallarla obrazların psixoloji durumunu, ruhi aləmini, həyatlarının görünməyən tərəflərini göstərməyi bacarır.

Nuri Bilgənin öncəki filmlərində haqqında danışdığımız A.Tarkovski təsiri “Uzaq” filmində özünün əsasını tapır. Mahmudun izlədiyi “Stalker” və “Güzgü” filmlərindən görüntülər “Uzaq”ın avtobioqrafik səciyyəsini daha da qüvvətləndirir. 

“İqlimlər”də yaşananlar 

Havalar qədər insanlar da dəyişkəndir. Hər bölgənin özünə aid iqlimi olduğu kimi, hər insanın da öz ruhunun iqlimi var. Bəzən sabit, bəzən dəyişkən, amma bütün hallarda qeyri-adi...

2006-cı ildə Nuri Bilgə Ceylan izləyiciləri daha bir filmlə sevindilər. Bu filmlə onları öyrəşdikləri Ceylan deyil, tamam ayrı rejissor salamlayırdı. Artıq avtobioqrafik filmlər dörd il öncədə qalmış, tamam ayrı insanların, ayrı həyatların ssenariləri yazılmışdı. Ancaq bu tendensiyanı sonlandıran “İqlimlər” filminin özəlliyi bununla yekunlaşmırdı. Film Nuri Bilgənin yaradıcılığında ilk və hələlik son dəfə aktyor kimi kamera önünə çıxdığı (İsa) ekran əsəridir. Həm də həyat yoldaşı Ebru Ceylanla birgə (Bahar).

Bu filmdə rejissor tarix üçün köhnə (amma bir o qədər də aktual), özü üçün isə yeni bir mövzuya toxunur. Tamaşaçılar bu dəfə Nuri Bilgə Ceylanın gözü ilə sevgiyə baxırlar.

İsa və Bahar eyni həyatı, eyni evi bölüşən iki fərqli ruha sahib insanlardır. Çalxantılı, təlatümlü ruhlara malik bu insanlar eyni iqlimdə qovuşa bilmədiklərindən birgə xoşbəxt olmağı da bacarmırlar. Sevgiləri xətrinə dözüb durduqları həyat bir yerdən sonra məhbəsi xatırladır. Birinin buludu o birinin günəşini isladır, küləyi budaqlarını qırır. Bir yerdən sonra sevgi yada düşmür, iki insan bir-birindən qaçışın yollarını axtarır.

Burada rejissor kişi və qadın dünyasını ən incə detallarına qədər açıb göstərir. Özünün canlandırdığı İsa xarakteriylə kişilərin ən zəif yönlərini dürüstlüklə açarkən, qadınlara qarşı da haqsızlıq etmir. Baharın sevgisinə sədaqəti, sevgisini itirməmək üçün çırpınışları İsanın ruhundakı fırtına ilə sovrulur. Sevdiyi adamın onu görmədiyini görən Bahar səssiz-səmirsiz uzaqlaşmağı üstün tutur. Əvvəllərdə bu, İsanı narahat etmir. Hətta özünü azad, qayğısız hiss edir. Başqa qadının qollarına tələsir. Amma heç kimdə Baharın istiliyini tapmır. Bahar adı kimi bahar enerjisini İsanın qış ruhundan aparmışdı artıq. İsa da əvvəldən bəri ruhunda var olan tənhalığın dadını hər zərrəsində hiss etməyə başlayırdı bu zamanlarda. Və kişini narahat edən ən böyük məsələ: sevdiyi qadın ondan ayrılandan sonra film çəkilişlərinə qatılır, işinə davam edir. Qısacası, onsuz da yaşaya bilir. Bu xəbəri öyrənən İsa kişilərin xarakterinə xas təəccüb, narahatlıq və peşmanlıq keçirir. Nəyi və kimi itirdiyinin ancaq onda fərqinə varır, sevdiyi qadına tələsir. Sevdiyi qadın isə artıq İsanın qoyub getdiyi Bahar deyildi. Onun da təbiətinə qarlar yağmış, ruhu keçmiş sevgilisinə qarşı buz bağlamışdı.

“Uzaq” filmi ilə Kann festivalında “Qran-pri” qazanan rejissor “İqlimlər”lə də festivala damğasını vurmağı bacarır və film 2006-cı ildə Kann festivalından “FİPRESCİ” mükafatı ilə ayrılır.  

“Üç meymun”un oyunu 

Tamaşaçısını hər filmi ilə təəccübləndirməyi bacaran rejissor bu dəfə tamam başqa ampluada cəmi bir il sonra bəyaz ekranda göründü. İnsan psixologiyasını, ruhunu ən incə detallarına qədər işləməyi sevən Ceylanın budəfəki mövzusu bir ailə dramı idi. Türklərin karlığın, korluğun, lallığın simvolu kimi adlandırdıqları “Üç meymun” ifadəsini filmin sərlövhəsinə çıxaran rejissor, izləyicini psixologizmin çox dərin qatlarına səyahətə çıxaracağının bir siqnalını vermişdi artıq.

İş adamı, millət vəkilliyinə namizəd Sərvət bəy (Ercan Kesal) avtomobili ilə öldürdüyü adamın cinayət məsuliyyətindən qurtulmaq üçün günahı kasıb sürücüsü Əyyubun (Yavuz Bingül) üzərinə atmaqla elə ilk səhnələrdən şər qüvvə olduğunu göstərir. Sonrakı bütün hadisələr də bu şər qüvvənin ətrafında, daha doğrusu, bəzən birbaşa, bəzən isə dolayı müdaxiləsilə baş verir. İşləmədiyi cinayət ucbatından həbsdə yatan Əyyubun ailəsi çox çətin vəziyyətdədir. Oğlu İsmayıl (Əhməd Rıfat Şungar), aşpaz işləyən arvadı Həcərin (Xədicə Aslan) maaşı isə azdır. İsmayılın iş üçün əl atdığı hər yer boşa çıxır. Əlac bir maşın alıb məktəbli uşaqları aparıb-gətirməyə qalıb. Maşın üçün pulu isə evin bəyini həbsə atdıran Sərvət bəydən istəməkdən başqa çarə yoxdur. Əlacsızlıq insanı çox şeyə vadar edər, bilirik. Amma burada nə yazıq ki, hər şeyə vadar edir. Öz günahını Əyyubun üzərinə ataraq, bir ailəni başsız qoyan harın iş adamı, bu kasıb ailəyə ikinci, ən böyük zərbəsini vurur: namusuna göz dikir. Oğlu üçün maşın pulu vermək müqabilində ailənin xanımı Həcərə yataq münasibəti təklif edir. Doqquz aydır ərindən ayrı qalan, sevgiyə, qayğıya ac qadın, Sərvətin diqqəti, qayğısı, nəvazişi qarşısında əriyir. Bununla bir ailənin psixoloji çöküşü başlayır. 

Həbsdə olan ərinə Sərvətlə xəyanət edən qadın özündən xəbərsiz artıq onu sevməyə, ona bağlanmağa başlayıb. Bunu Əyyub həbsdən çıxan zamanda görürük. Ondan ayrılan, onu saymayan Sərvətin ayaqlarına düşüb yalvardığı an Həcərin mənəvi məhvinin bariz təzahürüdür. Burada tək bir qadın qüruru deyil, insanlıq, sevgi adına olan bütün hisslər tapdanır. Həcərin günah yuvasına çevrilən qəlbi üstəlik, sevdiyi adam tərəfindən ən alçaq şəkildə təhqir də olunur.

Anasını Sərvətlə eyni yataqda görüb əsəbləşən, amma hisslərini boğub heç birinə heç nə etməyən İsmayıl anasının təhqir olunduğu anda qatilə çevrilir. Bir oğulun anasına, atasına, bir gəncin hadisələrə baxışı, psixoloji durumu İsmayılın timsalında təqdim olunur. Qatil olmaq elə də asan deyil. Xüsusən, İsmayıl kimi bir az qorxaq, cəsarətsiz, sakit təbiətli insanlar üçün. O, hətta anasının atasına xəyanət etdiyi o anlarda belə hisslərini cilovlamağı bacarır, mətbəx bıçağına baxsa da, ağlından dəhşətli fikirlər keçsə də, özünü ələ alır. Səssizcə evdən çıxıb getməyi, sonra isə anasına iki sillə vuraraq hesab soruşmağı daha məqsədə uyğun sayır.

Amma anasının bir kişinin ayaqlarına qapanaraq sevgi dilənməsi, yalvarması onun qanına toxunur. Anasını kirli bir əski parçası kimi ayağı ilə kənara itələyən adamı bağışlamır.

Əyyub da hər şeyin fərqindədir. Arvadının xəyanətini də bilir, oğlunun ruh halını da. Sonda oğlunun qatil olmağını da öyrənir. Amma bu filmdə hər kəs “üç meymunu oynayır”. Kimsə kimsəylə üz-üzə gəlmək, həqiqətləri gözlərinin içinə hayqırmaq, günahını üzünə vurmaq cəsarətini özündə tapmır. Ona görə də oğlunun Sərvəti öldürdüyünü öyrənən Əyyub vaxtilə ona edilənin eynisini edir: kafedə yatıb-duran, kasıb və biçarə Bayramı (Cafer Köse) oğlunun əvəzinə həbsə göndərir. Özünün çıxdığı oda başqa bir günahsızı atır.

“Üç meymun” bir atanın çarəsizliyi, bir kişinin çöküşü, bir qadının sevgisizliyi, bir gəncin yıxılan ümidləri, bir ailənin məhvi haqqında psixoloji dramdır. Burada bu ailənin timsalında bütöv bir cəmiyyət əhatə olunur. Şərqin ta qədimdən gələn ailə dəyərlərinin getdikcə məhv olduğu, başqa maraqların, həvəslərin ön plana çəkildiyi, ucuz əyləncələrin tarix boyu cəmiyyət tərəfindən müqəddəslik dərəcəsinə qaldırılan duyğuları eybəcər şəkildə əvəzlədiyi zamanda Nuri Bilgə Ceylanın ssenarisini Ercan Kesalla birgə yazdığı, 2008-ci ildə Kann kinofestivalında “Ən yaxşı rejissor işi” mükafatını qazanan “Üç meymun” filmi insanlığın ölümünə, mənəviyyatın itirilməsinə qarşı çalınan həyəcan təbili təsiri bağışlayır. Bu, həyəcan təbilinin səsi təkcə Türkiyəni deyil, bütün dünyanı əhatə edir. Dünyanın bu səsə verəcəyi reaksiyanı yəqin ki, gələcək göstərəcək.

Nuri Bilgə Ceylan isə arxasına keçdiyi kamera sayəsində bizim görmədiklərimizi, ya da görməzdən gəldiklərimizi israrla göstərməyə, qulaqlarımızı qapadığımız həqiqətləri gözümüzün içinə hayqırmağa davam etməkdədir...

 





08.03.2019    çap et  çap et