525.Az

Səhəri azanla açılan şəhər... - Fotolar


 

Səhəri azanla açılan şəhər... - <b style="color:red">Fotolar </b>

Saatlar 1:00-ı göstərir, qəflətən işıqlar yanır. Kapitan eniş xəbərdarlığı edir. Təyyarə bələdçiləri yatanları oyatmaq və kəmərlərini bağlamağı unudan sərnişinlərə xatırlatma etmək üçün onlara yaxınlaşırlar.

Həmişə olduğu kimi, yenə yolda yatmadığımdan ətrafdakıları müşahidə edir, hərdən aşağıya boylanıram. Gah dənizin, gah da şəhərin üstü ilə dövrə vururuq. Qaranlığın içindən yanan işıqlar göz oxşayır. Yüksəklikdən baxanda adama elə gəlir ki, şəhər bir az əvvəl yanıb qurtarıb, yerində işım-işım işıldayan qıpqırmızı köz qalıb. Ola bilər ki, bənzətmə sərtdir. Amma bu cür öldürücü gözəlliyə başqa ifadə tapa bilmədim. 

İstanbul gecələri... 

Çamadanımı götürüb, qalacağım otelə tərəf yollanıram. Gecə yarısı olmağına baxmayaraq, şəhərdə bir tıxac var, gəl görəsən. Hə, bax, indi hiss edirsən ki, artıq İstanbuldasan. Cümə günü olduğu üçün əyləncə məkanları dolub daşırdı. Şəhərdəki izdiham adamın gözünü qaraldırdı.  İstiqamətim “İstiklal caddesi”nə idi. Taksimin ara küçələrindən keçəndə sıxlıq daha çox müşahidə olunur. Yan-yana düzülən gecə klublarından gələn qulaqbatırıcı səslərin bir-birinə qarışdığı küçəyə dönəndə isə gözümü dörd açıb sağa-sola boylanıram. Demək, İstanbul gecələri dedikləri bu imiş - özümü sanki beynimdə çoxdan ilişib qalmış bir vacib məsələyə cavab tapmış kimi hiss edirəm. İçib sərxoş olub yerdə sürünənlər, yoldan keçənləri klublardakı əyləncəyə dəvət etmək üçün, az qala, qolundan dartıb içəri salmaq istəyənlər, şişirdilmiş dolu dodaqları, süni saçları, eybəcər bədən quruluşları, barmaqlarının arasında siqaret, yöndəmsiz geyimli qadınlar özlərini küçədən keçənlərə təklif edirlər. Rədd cavabı aldıqda digərlərinin qarşısını atılırlar. Get-gedə gələn səslər daha da dözülməz olur. O dərəcədə ki, əyləşdiyim avtomobili belə hərəkətdə olduğu halda silkələyir. Öz-özümə fikirləşirəm ki, ilahi, bu cür səslə hansı əyləncədən, dinclikdən, zövqdən söhbət gedə bilər? Son illərdə bu cür haylı-küylü yerlərə nəinki gedə, heç həndəvərindən də keçə bilmirəm. İsrarla sakitliyə, sükuta can atıram. Yəqin elə buna görə həmin insanların da narahat olduğunu, amma məcburiyyətdən yolun ortasına səpələndiklərini düşünürəm! Getdikcə yanıldığıma əmin oluram. Çünki pulu olmadığı üçün içəri keçə bilməyənlər bir şüşə içki alıb başlarına çəkə-çəkə, bir-birinə qoşulub ortalıqdaca oynayırdılar. Çöldəki mənzərəni gördükdən sonra içərinin nə vəziyyətdə olduğunu ağlıma gətirmək istəmirdim.

Düşünə-düşünə qarmaqarışıq, dar, izdihamlı küçədən keçib ünvana çatıram. Saata baxıram, artıq 2:00-dan xeyli keçib. Hayı-küyü səngiməyən ərazidə yerləşən otelimdə birtəhər yuxuya gedib, erkəndən oyanıram. 

On əsrdən çox yaşı olan şirniyyatla incəbelli bardaqda çay... 

Türkiyəyə nə vaxt getsəm, mütləq mühalləbiciyə baş çəkirəm. Bu şirniyyatın o qədər çox növü var ki, fikirləşirəm, görəsən, nə qədər yesəm hamısının dadına baxıb qurtarmış olaram? Ankara ilə bağlı yazılarımın birində “muhalləbi” adını çəkmişdim. O boyda yazıda Rəşad Məcidin diqqətini məhz həmin şirniyyat cəlb etmiş və xeyli müzakirə aparmışdıq. Elə bir az da onun marağından yola çıxaraq bu dəfə məqsədli şəkildə muhalləbicilərə baş çəkdim. Dadmadıqlarımı daddım, necə hazırlandığını, tarixini öyrəndim. Bu şirniyyat növünün on əsrdən çox yaşı var. İmperatorluq dönəmində Osmanlı sarayındakı bayramlarda, ziyafətlərdə bişirilən xüsusi təamlar sırasında imiş. Həmin vaxtlar ətli, düyülü hazırlansa da, sonralar tərkibini dəyişib, çeşidini çoxaldıblar. Hazırda əncirli, damla saqqızlı, portağallı, şokoladlı, qozlu və s. növləri var. Zaman keçdikcə səyyar satıcıların gəlir qaynağına çevrilib. Elə onların sayəsində elit təbəqənin bu nəfis təamı əhalinin vazkeçilməzi olub. XI əsrdə Mahmud Kaşğarı tərəfindən yazılan “Divani Lüğət-it Türk”də bu şirniyyat növünün adı keçib. 

Axşamı günahlarla düşən, səhəri azanla açılan şəhər... 

Növbəti gün hava tutqun idi. Üç saat boş vaxtımı həm yeriyib düşünməklə, həm də Sultan Əhməd məscidinə baş çəkməklə dəyərləndirmək istədim. “Qalata qülləsi”nin yaxınlığından keçmişkən fürsətdən istifadə edib, oranı da ziyarət etmək eşqinə düşdüm. Giriş üçün növbəyə düzülən və sonuncu adamın nə qədər uzaqlıqda dayandığını görə bilməyəndə fikrimi dəyişib, yoluma davam etdim. Sağda, solda o qədər məscid var ki, bu çoxluq qarşısında heyrətlənməyə bilmirsən. Əvvəlki gecəni yada salırsan. Adama elə gəlir ki, hər addımda bu qədər məscidin tikilməsi o cür gecələrin üstünü örtmək üçün nəzərdə tutulub. Təzadlarla dolu şəhəri düşünəndə əmin olursan ki, buranın axşamları günahlarla düşür, səhərləri isə bir-birinə qarışan azan səsi ilə açılır.

Xeyli məsafə qət etdikdən sonra “Sultan Əhməd”in minarələri görünməyə başlayır. Qayda üzrə başımı örtüb, içəri daxil oluram. Memarlıq, arxitektura, dizayn möhtəşəmdir. Baxdıqca baxır, doymaq bilmirsən. Amma... burada hər millətdən o qədər insan var ki, ağız deyəni qulaq eşitmir və addım atmağa yer tapmırsan. Bu tünlüyü görüb, əsas müşahidələri aparıb çıxıram. Uzaqdan növbəti memarlıq məni özünə maqnit kimi çəkir. Hə, odur - 360-cı ildə Roma imperatoru Konstantin tərəfindən tikilib kilsə kimi istifadəyə verilən “Ayasofya”. Ərsəyə gəlməyində qızıl, gümüş, şüşə, bişmiş torpaq, rəngli daşlardan istifadə edilib. 1453-cü ilə qədər kilsə kimi fəaliyyət göstərib. Fatih Sultan Mehmetin fəthindən sonra məscidə çevrilib. Taxta gələn bütün sultanlar bu memarlıqda yeniliklər ediblər. Mustafa Kamal Atatürkün əmri ilə muzeyə çevrilib və 1935-ci ildən yerli və əcnəbi ziyarətçilərə açıq elan edilib. Məmnuniyyətlə içəri daxil olmaq istəyirdim. Bunun üçün əcnəbi ziyarətçilərin sırasında dayanmalı idim. Növbənin uzun, insanların hədsiz çox olduğunu görəndə fikrimi dəyişdim. Bilet pasport qeydiyyatı ilə satıldığı üçün bir nəfərin girişi xeyli vaxt aparırdı. Mənim isə o qədər vaxtım yox idi. 

İlk sevgi şeirinin saxlandığı muzey 

Artıq yavaş-yavaş çiskin başlamışdı. Hiss edirdin ki, bir azdan bir yağış yağacaq, tut ucundan göyə çıx. Gəldiyim kimi piyada geri qayıtmaq üçün küçələrin biri ilə davam etdim. Gözüm “Topqapı” yazısına sataşdı, tez yönümü saray istiqamətinə dəyişdim. İri gövdəli ağacların və hər tərəfindən qədim dövrdən qaldığı açıq-aşkar görünən daşların yanından keçib, ilk girişdən sola döndüm. Bilet alıb içəri keçdim. Təbii ki, Topqapı Sarayını ziyarət adı ilə gəlmişdim. Pilləkənlərdən qalxdım, baxdım ki, burada Osmanlıya aid bir çöp də yoxdur. Yenidən geri qayıdıb üstünü oxudum, sən demə, bura Şərq Əsərləri Muzeyi imiş. Düşündüm ki, nə fərqi var, muzey muzeydir də, gəlmişkən tanış olum. Burada Mesopotomiya, Misir və Ərəbistan yarımadasının islamdan öncəki dönəminə aid əsərlər sərgilənir. Çoxu XIX əsrdən başlayaraq Birinci Dünya müharibəsinə qədərki vaxtda arxeoloji qazıntılar aparılaraq çıxardılıb və həmin zaman adıçəkilən yerlərin hakimi olan Osmanlı İmperatorluğunun paytaxtına - İstanbula gətirilib. Muzeylə bağlı ayrıntılar çoxdur. Amma xüsusi diqqət çəkəni deyim. Eradan əvvəl XVIII əsrə - Babil dönəminə aid ilk sevgi şeiri məhz bu muzeydə qorunub saxlanır. Şeirdəki misralar isə belədir:

Sen beni sevdiğin için
Lütfet bana okşayışlarını,
Beyim tanrım, beyim koruyucum... 

Başdan ayağa oxuyanda fikirləşirsən ki, bu misraları yazan eqoist olub. “Məni sev, məni oxşa, ancaq məni, ancaq mənə”, arada “Tanrım, bəyim” deyərək qarşısındakının gözündə özünü şirin satır.

Ərazidəki bir neçə muzeyi gəzdikdən sonra bələdçidən Topqapı Sarayını soruşdum. Yanlış gəldiyimi, sola dönüb, düz getməli, ziyarətin saat 16:00-a qədər olduğunu dedi. Baxdım ki, bir saat vaxtım var, həyəcanlı şəkildə yanından ayrılıb bağlanmamış yetişmək istəyirdim ki, əlavə etdi: “Təəssüf ki, getməyiniz əbəsdir, çünki Saray ikinci günlər fəaliyyət göstərmir”.

Bu cümlə ürəyimcə olmuşdu. Çünki açıq olduğunu, amma ziyarət etmədiyimi bilsəm, fikrim orda qalacaqdı. Mənim isə növbəti yeri dolaşmağa gücüm qalmamışdı, xəstəhal və yorğun idim. Artıq geri qayıtmaq istəyirdim. Bu dəm gözlədiyim mesaj gəldi. Əyyub Sultan Bələdiyyəsinin Kültür müdiri Davut Akgül idi, məni gözlədiyini dedi. Getdim, bir az söhbət etdik. Məşhur Əyyub Sultan Məscidi haqqında məlumat verdi. Bulağından axan suyun müqəddəs sayıldığını, həndəvərində əsrlər əvvəldən qalan nəhəng çinar ağaclarının Osmanlının mirası olduğunu dedi. Burada öyrəndim ki, məscid 1458-ci ildə inşa edilib. Elə məscid qədər də maraq kəsb edən türbə isə Məhəmməd peyğəmbərin bayraqdarlığını edən, 90 yaşı olmağına rəğmən İstanbulun fəthini gözləri ilə görmək üçün törənə qatılmaq adı ilə yola çıxan Xalid İbn Zeyd Əbu Eyyub El-Ensariyə aiddir. Səfər ərəfəsində xəstələnərək vəfat edib. Burada dəfn olunub. Ərazini dəyərli edən digər faktlardan biri isə Osmanlı padşahlarının ənənəvi olaraq, Əyyub Sultan Məscidində qılınc qurşanma mərasimlərini keçirməsidir. Hətta bəzi sultanlar savaşa getməzdən əvvəl mütləq gəlib burada dua edib, sonra yola çıxarmışlar. 

Orxan Pamuk, boza və... 

Davud bəy bir qədər bilgi verdikdən sonra, “Ən yaxşısı gedək, gözlərinlə gör” - deyir. Məscidə doğru yollananda gözüm Orxan Pamukun romanlarından ağlımda qalan və dəfələrlə İstanbula gəldiyim halda heç cür tapıb içə bilmədiyim bozaya sataşır. İti addımlarla bozaçıya tərəf götürülürəm. Balaca plastik stəkanlara doldurulub, üzərinə darçın əlavə edilən qablardan birini başıma çəkirəm. Birdən yadıma düşür ki, axı bir az əvvəl tək deyildim. Üzümü çevirirəm ki, Davud bəy gülə-gülə gəlir. Hiss edirəm ki, bozanın həyəcanına çox qapılmışam. Bir qədər sonra güclü yağış başlayır. Bir neçə dəqiqə gəzmək fürsətimiz olur. Getdikcə şiddətlənən yağışın qarşısında tab gətirmək mümkünsüzləşir. Davud bəylə növbəti gün görüşmək üçün vədələşib sağollaşırıq. Taksiyə əyləşib, otelə üz tuturam. Yolboyu yaranan tıxac, güclü yağış, saçlarımın dibinə qədər islanmağım, heç taqətdən düşmüş ayaqlarım da vecimə deyil. Beynimdə muzeylərin görüntüsü, burnumda tarixin qoxusu, ağzımda bozanın dadı ilə yavaş-yavaş gedirəm. Axşamkı görüşə hazırlaşmalıyam...

 





08.03.2019    çap et  çap et