525.Az

Axırımız necə olacaq? - İlqar Kamil


 

Axırımız necə olacaq? - <b style="color:red">İlqar Kamil </b>

İllər əvvəldi, dostumun qonağıyam, ailəsiylə problemləri var; anlaşmırlar, yola getmirlər, kəsəsi, ayrılmaq üzrədirlər.

Dostum narahatdı, nə edəcəyini bilmir, af-uf edib durur, gah özünü, gah da xanımını günahlandırır. Dərd budur ki, problemin qaynağını da bilmir. Mənə, vaxtıyla xanımına yazdığı sevgi məktublarından danışır, nişanlı dövrlərini anladır, “o məni sevirdi” deyir, - “indi isə...” ardını gətirə bilmir, qəhərlənir... sonra qəfil dikəlib, xanımı duymasın deyə xısın-xısın pıçıldayır: “Canıvı yeyərəm, qardaşım, bizə bir psixoloq gözüylə bax gör nədi məsələ, axı biz bir-birimizi sevirdik, niyə belə olduq, niyə bu günə düşdük?”

Sonra təklifinin ayıb olduğunu düşünərək düzəliş eləyir: “Əşşi, boş ver, onsuz da iş işdən keçib artıq”.

Bir söz demirəm, nə deyim ki?..

Axşam birlikdə gəzintiyə çıxırıq, 3 yaşlı oğulları da bizimlədir, yan-böyrümüzdə ora-bura qaçır, atılır-düşür, yorulur. Xanım uşağı qucağına götürür. Davam edirik, gəzirik, dolaşırıq: uşaq hələ də xanımın qucağındadır. Hiss edirəm, bərk yorulub, “ver mən götürüm, bacı” deyib, uşağı ondan almaq istəyirəm, amma etmirəm, axı əri var - böyrümüzdə əlini sallayıb dəvə ləngəriylə, vecsiz-vecsiz yeriyən əri.

Evə qayıdırıq. Qapının ağzına çatanda əyilib əsəblə dostumun qulağına pıçıldayıram: “Deyəsən, problemin kökünü tapdım”. “Necə, nə, nədir ki?” - deyib çaşqın baxışlarla gözlərimə zillənir. Gözlərimlə işarə edib qucaqı uşaqlı xanımını göstərirəm: “Sən yanında ola-ola yolboyu yükünü özü daşıyan qadın səni niyə sevsin, niyə istəsin ki?”

İnan, əzizim, inan. Qadının bu dünyada ən böyük ehtiyacı nədir? Güvənli bir çiyin! Elə bir çiyin ki, qadın ona başını yaslarkən dağa söykənib düşünsün, qorxusu keçsin, gözü xumarlansın, əsnəsin... hətta yuxulayıb yatsın. Qadın üçün ən rahat yastıqdır kişi çiyni.

Necat İşlərin baş rolda oynadığı bir film var, “İkimizin yerinə”. Müəlliminə aşiq olan şıltaq bir qızın hekayətini danışır, üstəlik, elə filmin özü də şıltaqdır, məsumdur, şeir kimidir. Budur, müəllimlə qız yan-yana əyləşiblər, deyib, gülüb, danışırlar. Birdən müəllim qayıdır ki, “indi, elə indi bu saat ürəyindən keçən ən gözəl şeyi et”. Müəllimin beynindən nələr keçir, bir Allah bilir. Qızsa əvvəl xumar-xumar gülür, sonra ehmalca başını onun çiyninə söykəyir, sadəcə bu!

Elə bil qayaya kəpənək qondu.

İndi o qızdan soruşsan ki, ətrafın kişiylə doludur, niyə məhz bu öyrətmən? Yəqin, cavabı belə olacaq: Onun elə güvənli çiyinləri var ki...”

Olsun, buyur sən o yandan başla ki, qadın azadlığı, belə, helə, filan və sair... Mənsə düşünürəm ki, yalnız çərçivələri olan azadlıq gözəldir - başqa cürü sərgərdanlıq! Məsələn, mənim aləmimdə, ailə həyatı qurmuş qadının yoldaşının qollarındakı (əhatə dairəsindəki) azadlığı daha qəşəngdir, nəinki hansısa subay qızın titrək, ürkək sərbəstliyi. Əlbəttə, kişi kişidirsə, qadın ona gələrək kölələşmir, əksinə, arın-arxayın, qorxusuz-hürküsüz... nəticə etibarı ilə, olduqca ləzzətli bir azadlığa qovuşur.

Və mənə görə əsl xoşbəxt ailə modeli məhz belədir: qadın sevdiyi kişinin yanında heç nədən, heç kimdən qorxmur, hətta kişinin özündən belə!

Kişisinin əsəbi-zəhmindən (insanlıq halıdır, hərdən olur) elə kişisinin özünə sığınan qadın - necə də möhtəşəm qadındır və qadını üçün bu şəraiti, bu güvəni və bu hüzüru yaradan kişi - necə də gerçək bir bəydir!

Sevgi, zəriflik, ümid və sair...

 





09.03.2019    çap et  çap et