525.Az

Sevgi, zəriflik, ümid və sair... - Rəvan Cavid yazır


 

Sevgi, zəriflik, ümid və sair... - <b style="color:red">Rəvan Cavid yazır</b>

Bir az müqəddəs düşünək, necə yaratmaq istəyərdik kainatı? Dənizləri, adaları necə paylayardıq? Tanrıya buna görə qibtə etməyə dəyər.

Mükəmməl bir harmoniya, qüsursuz bir sənət əsəri yaratdığına görə. Görünür, bu müqəddəs vəzifəni tək başına davam etdirmək istəmədiyindən o məchul yaranışın nəticəsini - qadını buralara, hər şeyin sakit və həvəssiz zamandan yorulduğu yerlərə göndərdi. Qadın xilasdı bu mənada. Bəşəriyyətin, nəhayət, öz düşüncələrindən, içində qıvrılan tərəddüdlərindən, sükutundan və lüzumsuz narahatlığından xilası. Qadın yaradıcıdır. Günahı çoxdan bağışlanmış alilikdir. Dünya özünə nüfuz qazanana qədər o, hər şeyin başlanğıcı, bütün mövhumların anası sayılırdı. Zaman-zaman unudulan, bəzən yox edilməyə məhkum edilən, hüquqları və azadlıqları sərhədlənən, texnologiyanın torunda ilişib qalan “ev məhbusu”na çevrildi. Bütün zamanların ən şiddətli ağrılarını da çəkdilər. Dediyimiz və inandığımız kimi, məhz göylərin bir parçası olduğu üçün sonda yenə öz azadlığına qovuşa bilirdi. Unudulmaq istəyinin arxasındakı bütün felləri o yaşadı.

Sevgi və şəfqətin, mərhəmət və məhəbbətin də ilki onlardan - qadınlardan özünə maya tapdı. Xəfiflik və zərifliyin saçlarında, əllərində, gözlərində sənətə çevrilən yaradılışı ilə qadın olub-olmamasını bilmədiyimiz Tanrı özünün ən gözəl əsərini yaradıb bəlkə. Biz qaranlıqdan və işıqdan yaranmışıq. Qadın bu dualizmin işıq tərəfində bizi gözləyən və bizi yenidən qaranlığa qədər ötürən simaların cəmidir. Zamanın harasında dayandığını bilmirik, çünki biz orada olmamışıq. İblislə onun gizli dialoqundakı məsumluğun yaşayan yeganə isbatlarıyıq. Şüurumuzdakı bütün incə detallar, düşüncəmizə yansıyan bütün təbəssümlər onun xislətindəki alma tumlarından payımıza düşənlərdi. O, bizi əlində və yaranışında olan hər şeylə müjdələyərkən tarix də ona öz təqvimindən bir gün ayırmağı fürsət bildi. Yaradılışının gəldiyi naməlum yerin sükutunu milyon illər öz əzəmətinə çevirən qadın tarixdə öz əsas missiyasının adını müqəddəsləşdirə bildi. Ana adının qaldıra biləcəyi bütün məna yüklərini bəlkəsiz aliləşdirdi.

Onu diri-diri basdırmağa cəsarət edən bəşər bir gün öz nankorluğunun fərqinə vardı. Fövqalədə bir heyranlığa ehtiyacı olmayan qadının qayğıları sevgi və təsəllilərdən başqa heç nə olmayanda, bu heç nələrin fərqinə varanda öz hüquqlarını istəməyə başladı. Burada artıq o, Tanrı ilə bizim aramızdakı yol deyildi. İndi o, özü ilə yaranışdan can verdiyi kainatla arasında bir yol açmağa çalışdı. Ayağa qalxan milyonlar sənayeləşən dünyanın zərifliyini və pozulan harmoniyasının, qarışan rənglərinin mükəmməlliyini özünə qaytarmaq üçün idi. Yəni onların özləri üçün istədikləri hər şey elə bizim üçün verilənlərin tamamı idi.  Onlar bircə gün mətbəxdən, fabriklərdən, beşikli otaqlardan küçələrə çıxdılar və bütün yolların onların olduğunu bizə yox, özlərinə yenidən xatırlatmaq üçün bir az yeriməyə başladılar. Bu tarix onların yenidən dünyaya, dünyanın içindən dünyaya gəldikləri gündür. Yəqinlərlə dolu olan mürəkkəbliklərini və şübhələrdən heç vaxt xilas edə bilməyəcəkləri yaranışlarını şəhərlərə, adamlara göstərmək üçün bu günü iki qırmızı dairəyə aldılar.

Qadın həm də ümiddir. Sonun başlanğıca çatdığı nöqtədir. O, davam edən hər şeyin səbəbkarıdır. Biz bütün ağrılarımızı, ümidlərimizi, içimizdə gizlətdiyimiz həqiqətlərimizi, sevgiləri ona borcluyuq. Qadının özünü sübuta ehtiyacı yoxdu. Ona istər bioloji, istər sosioloji ehtiyacımız var və qalacaq. Çünki bu ehtiyacın təməlində bizi öz yaranışımıza bağlayan bütün amillər var. Tarixin və başqa məchulların bizim üçün yazdığı və işlədiyi həyatı qadın bizə təqdim edir. Biz onun izləyiciləriyik, yəni həm də özümüzün. Haradan gəldiyimiz onun gözlərində və səsində var. Buna görə, bu tarix həm də bizim lap əvvələ qayıdış tariximizdir. Qoca Şərqin, elitar Qərbin, nağıllar aləmindən hələ də bu dünyaya ayaq basmağa cəsarət etməyəm digərlərinin gəldikləri və bəlkə də gedəcəyi yerə yenidən qayıdış üçün sayılan ilk gün idi, ilk gün olaraq da qalır səkkiz mart.

“Yeməyini yeməsən, evdən çıxmaq yoxdu!”, ya da “Darıxmışam...” cümlələrindəki səmimiyyətin içindədir onun məzmunu. Gülüşünün ən qəhərli halında, kipriklərinin arxasındadı. Bəzən özünü unudan, bəzən də ən çox özünə qayğı istəyən iqlimlərindədi. Bəşər bütün məsumiyyəti ilə onu və onun yaratdığı, lap elə onun olan övladlarını üzərində gəzdirmək üçün var. Tanrı onun misalında daha gözəldi. Bu qədər tərifə layiq olmasını çəkdiyi ağrılar təsdiq edər yəqin.

Bir az da qadınlar üçün və qadınların dünyası üçün arzularımı danışım.

Qərarların və ədalətin, ən ali həqiqətin həmişə qadının yanında olmasını, dünyanın bütün rənglərində, bütün himnlərində onların azadlıq və xoşbəxtliyini tərənnüm edən çalarların və səslərin yaşamasını, mahiyyətlərinin sadəcə məişət tablosunda görünməməsini, bütün ictimai-sosial, siyasi proseslərin mərkəzində dayanmasını, öz analıq missiyasını həm də yeni ruh, yeni intellekt şəklində icra etməsini, bütün sahələrin ən fəal, ən güclü fərdlərindən olmağını, hüquq və vəzifələrinin təyininində özlərinin iştirakını arzulayıram. Digər bütün məhfumlar və şeylər onların azad yaşadığı, gülə-gülə yaşadığı, qayğısız və sevgiylə yaşadığı cəmiyyətlərdə olacaq. Əgər bir toplumun qadın fərdləri rahat və ideal yaşaya bilirsə, yüksək təhsil ala bilirsə, yüksək mədəniyyətə sahib olursa, sənətin və elmin üfiqi altında ümidlə gəzə bilirsə, o toplum artıq inkişaf etmişdir. Qadının yüksək mövqedə durduğu bəşəriyyət özü də alidir.

Dünya mavi rəngdədir və adamların hamısının qanadı olacaq. Hər kəsin içində qoruyub saxladığı arzuları bir gün öz səmasını və öz şəhərini tapır. Yerin cazibə qüvvəsinə tabe olan səadət kimi onu da qoruyub bir ömür dənizə atacağıq. Kaş yaşamaq dua etməkdən və sevməkdən ibarət olaydı. Hər kəs salamlaşandan sonra öz dualarının necə eşidildiyindən, öz sevgilərini necə onları xoşbəxt etməsindən danışardı. Məncə, bu dünyanın elə bir halı olub. Və o, qadınların sevgi və gülüşlərində göylərdən mirasdı.

 





11.03.2019    çap et  çap et