525.Az

Birgə yaşam qaydaları haqqında birgə düşünək


 

Birgə yaşam qaydaları haqqında birgə düşünək<b style="color:red"></b>

Niyə birgə yaşam qaydaları? 

“Cəmiyyətdə yaşayıb ondan ayrı düşmək olmaz!” Bu klassik deyimi müxtəlif şəxslərin adına yazırlar. Kimin deməsindən asılı olmayaraq onda böyük həqiqət var. O qədər böyük ki, hər bir insan, həyatının müəyyən mərhələsində özü bu qənaətə gələ bilər. Cəmiyyətdə yaşamaq başqa bir danılmaz həqiqəti də ortaya çıxarır - harada insan varsa, orada anlaşılmazlıq və toqquşmalar (həm hərfi, həm də məcazi mənalarda) qaçılmazdır. Biz o qədər fərqli və müxtəlifik ki, bu tək olan dünyanı hərə az qala fərdi qaydada görür, anlayır. Üstəlik, dünyaya baxışlarıımızı kültürdən gələn inanclar və ənənələr formalaşdırır. Birgə yaşam qaydaları insanlararası fərqləri silməyə deyil, bütün bu müxtəlifliklərdən doğan anlaşılmazlıqları minimuma endirən mexanizmlərin işlənib toplumda yayqın hala çevrilməsinə hədəflənir.  

Uşaqlıq - o “uzaq, yaşıl ada” 

İnsanlar yaşa dolduqca uşaqlıq çağlarından uzaqlaşırlar. Amma sadəcə zamanca. Məzmunca biz hamımız “oralıyıq” və ömrümüz boyu belə olaraq da qalırıq. Həyat haqqında ilkin təsəvvürlərin kökü də uşaqlıq illərinə dayanır. O dövrdə görüb-eşitdiklərimiz həyatımızın yönünü cızmaqda müstəsna rol oynayır. Bizim kültürdə (və oxşarlarında) bəzi ailələrdə uşaqlara əlahiddə üstünlük verilir (əlbəttə, bu hamıya aid deyil), onların arzu və istəkləri bir göz qırpımında yerinə yetirilir. Bu aşırı diqqət və nəvaziş uşaqlara özlərini bir növ “balaca kral/kraliçə” kimi hiss etmək imkanı verir. Bəzi kültürlərdə isə (buraya bizimki də daxil edilə bilər) oğlan uşaqlarına xüsusi önəm vermək, ən qorxulusu isə, bunu onların özünə hiss etdirmək, hətta verbal surətdə eşitdirmək (sən üstünsən, sənin səlahiyyət və azadlıqların çoxdur) kimi meyllər önyarğıların yaranmasına səbəb ola bilir. Beləliklə, o uşaqlarda insanlararası münasibətlər haqqında ilkin təsəvvürlər formalaşır - hər şey mənim istədiyim kimi olmalıdır, ürəyimdən keçənlər o dəqiqə həyata keçməlidir və s. Uşaqlıq illərində özlərini “kral” kimi hiss edən balacalar daha sonralar topluma çıxarkən cəmiyyətə inteqrasiya olmaqda müəyyən problemlərlə üzləşir, bəziləri isə çox əziyyət çəkirlər. Bəzən biz böyüklər bunu öz davranışlarımızda aydın müşahidə edə bilərik. Küçədə yolu keçərkən (“Bu niyə belə yavaş-yavaş gedir, mən tələsirəm axı?”, “Bu niyə gəlib düz mənim qabağımda dayandı? “, “Bu hardan çıxdı yolumun üstünə, niyə çəkilmir, mən gecikirəm axı?”), növbələrdə gözləyərkən və ya gözləmək istəməzkən, başqaları haqqında fikir yürüdərkən (“mən nə düşünürəmsə, düz düşünürəm”) və digər situasiyalarda nə qədər “mən, mən” dediyimizin fərqindəyikmi? Bu cür düşüncə tərzinə dayanan kültürlərdə anlaşılmazlıq və çarpmalar daha tez-tez qeydə alına bilər, xüsusilə nəzərə alsaq ki, insanlararası münasibətləri tənzimləməyi hədəfləyən “birgə yaşam qaydaları” kimi inkişaf etmiş ölkələrdə geniş tətbiq olunan anlayışlar post-Sovet respublikalarında (və bir sıra başqa  ölkələrdə) hələ yeni-yeni diqqət çəkməkdə və tanınmaqdadır. İdeologiya, qapalı rejim və total təbliğatın gücü sayəsində cəmiyyətdə “eyni düşünmə modeli” formalaşdırmış Sovet sistemi, toplumu yalnız vahid kollektiv kimi görür, fərdlərin müxtəlifliyini və fərqliliyini nəinki nəzərə almır, hətta onun mövcud olmaması üçün bütün mümkün vasitələrdən (bəzən isə çox qeyri-humanist üsullardan) istifadə edirdi. Burada onu da nəzərə çatdırmadan keçməyək ki, “eyni düşünmə modeli” birgəlik, bərabərlik anlayışından çox fərqlidir.  

Bəs birgə yaşama və düşünmə qaydalarını özündə ehtiva edən adət-ənənələr? 

Hər bir kültürdə insanlararası münasibətləri tənzimləyən, müxtəlif xarakterli toqquşmaları azaltmağa yönəlik başqa mexanizmlər də mövcuddur. Adət-ənənələri buna misal gətirmək olar. Lakin nəzərə almalıyıq ki, bu nəhəng sistemdəki yanaşmalar adətən dəyişmir, çevikliyi və yüksək uyğunlaşma dərəcəsi ilə seçilmir, tam əksinə, adət-ənənələrin sabitliyi və dəyişməzliyi onların əsas üstünlüyü sayılır. Beynəlxalq informasiya mübadiləsinin geniş vüsət aldığı bir dövrdə yeni, fərqli, çeşidli məlumatların yayılması da adət-ənənələr kimi klassik yanaşmaların səmərəliliyinə təsir edir. Bu halda cəmiyyətdəki anlaşılmazlıq və çarpmaların azaldılmasında onların kifayət etməməsi fikri ilə razılaşmalı oluruq. Əlbəttə, adət-ənənələrin gücü və təsiri yetərli olsaydı, birgə yaşam qaydaları haqqında əlavə mexanizmlərin axtarışına da ehtiyac qalmazdı. Qeyd edək ki, bir sıra ölkələrdə əvvəlki əsrlərdə başlasa da, son onilliklərdə bütün dünyada xüsusilə güclənmiş urbanizasiya - şəhərlərə axın - prosesi insanlararası anlaşılmazlıq və toqquşmaları artıran amillər arasındadır. Harada sıxlıq çoxdursa, orada anlaşılmazlıq və güvənsizlik də güclüdür. 

İctimai nəqliyyat - birgə gediş və birgə yaşam “rəmzi” 

Ölkəmizdə ictimai nəqliyyat müxtəlif xarakterli toqquşmaların ən çox rast gəlindiyi yerdir deyə bilərik. Bu mənada avtobuslar xüsusi “fəallığı” ilə seçilir. Bu “fəallığın” əsas səbəbi kimi sıxlığı, bir-birini tanımayan şəxslərin, eləcə də müxtəlif yaş qruplarından olan sərnişinlərin bir yerə toplanmasını, buna bağlı olaraq həm də özünü doğruldan və doğrultmayan gözləntiləri göstərmək olar.

Yaxşı xatırlayıram, İstanbula ilk səfərimdə məni heyrətə salan müşahidələrdən biri də insanların metrodakı davranışları idi. Daha dəqiq desəm, eskalatorda dayanmaq mədəniyyətləri. Qatardan düşüb yuxarı - şəhərə çıxmaq istəyən şəxslər eskalatora iki cərgə ilə yaxınlaşırdılar. Ancaq bir neçə cəhddən sonra bu qruplaşmanın mahiyyətini anladım. Bu cərgələrdən biri eskalatora minərkən tərpənməyib yerində dura-dura yuxarı qalxacaq sərnişinlər idi ki, onlar türklərin təbirincə desək, “yürüyən” pilləkənlərin sağında durmalı idilər. Digər cərgə isə eskalatora minib, amma yerində dayanmayaraq adi pilləkəndə olduğu kimi, ayaqla yuxarı çıxacaq insan qrupu idi. İşin maraqlı tərəfi bu idi ki, siz hansı üsulla yuxarı qalxacağınıza əvvəlcədən - eskalatora yaxınlaşmazdan öncə qərar verib lazımi cərgəni seçməli idiniz. Əgər bir şəxs eskalatora səhvən ayaqla yuxarı çıxacaq insan qrupu tərəfindən (daha dəqiq desək, eskalatorun sol tərəfi) ayaq basıbsa, onun orada tərpənmədən dayanmaq şansı yox idi. Təqdirəlayiq haldır ki, artıq bir neçə ildir  Bakı metrosunda da bu təcrübə tətbiq olunmaqdadır. Əvvəllər nəzarətçinin “Eskalatorun sağ tərəfində dayanın, sol tərəfi keçib gedənlər üçün boş saxlayın” çağırışına baxmayaraq, sərnişinlər qaydaya əməl etmir, çox vaxt sol tərəfdə dayanmaqla ayaqla qalxmaq istəyənlərə mane olurdular. İki sərnişinin bir sırada dayanması isə vəziyyəti xeyli qəlizləşdirirdi. Ancaq vəziyyət getdikcə yaxşılığa doğru dəyişməkdədir. Eskalatorla qalxan insanların düzgün mövqe seçməklə bağlı səslənən çağırışa daha çox əməl etdiklərini görmək təqdirəlayiq haldır. Ən əsası - insanların bu hərəkəti səsləndirilən çağırışa kor-koranə deyil, şüurunun “səsini” dinləyərək və digər sakinlərə hörmət əlaməti olaraq seçmələri xüsusilə sevindiricidir.  

“Sağ, yoxsa sol?” və ya bir az da xarici təcrübədən 

Təsəvvür edin, ayaqla harasa gedirsiniz. Qəflətən bir şəxslə üz-üzə gəlirsiniz. Məsafə daraldıqca anlayırsınız ki, biriniz kənara çəkilib yol verməsəniz, heç birinizin keçib getmək şansı yoxdur. Çox vaxt üz-üzə gələn insanlar duruxub addımlarını yavaşıdır, sonra isə hər ikisi yana, amma eyni tərəfə çəkilirlər. Vəziyyətin dəyişmədiyini görüb yenə də əks tərəfə çəkilirlər (məsələn, ilk cəhddə sağa çəkilmişdilərsə, bu dəfə sola doğru hərəkət edirlər), amma bu dəfə də hər ikisi eyni tərəfə. Beləliklə də, tərəflər yenə də eyni vəziyyətdə qalırlar. Əlbəttə, sonunda problem bir yolla həllini tapır və o şəxslər, nəhayət ki, keçib yollarına davam edə bilirlər. Adətən belə hallardan sonra insanlarda xəfif də olsa, bir gərginlik hissi yaranır. Təbii ki, vaxt itkisi amili də öz rolunu oynayır. Doğrudur, bəzən bunu təbəssümlə qarşılayıb gərginliyi azaldan şəxslər də olur. Tanış səhnədirmi? Əminəm ki, hamı bu suala müsbət cavab verəcək, çünki az qala istisnasız olaraq hər birimiz analoji situasiya ilə üzləşmişik, həm də dəfələrlə.

İndi isə təsəvvür edin ki, bizim adi həyat situasiyası kimi qəbul edib bəlkə də haqqında heç vaxt düşünmədiyimiz bu halı bəzi ölkələr problem kimi görərək onun həll yollarını tapmağa çalışıblar. Böyük Britaniyadan bir nümunə. Burada adamların küçədə gedərkən bir-birinə toxunmaması və ya toqquşmaması üçün belə bir maraqlı mexanizm düşünülüb - üz-üzə gələn insanlar mümkün çarpışmanın qarşısını almaq üçün hələ uzaq məsafədən, yəni bir-birinə lap yaxınlaşmadan azca sağ tərəfə çəkilir. Bir daha vurğulayıram - hər iki tərəf. Bu insanların müxtəlif tərəflərə yönəlməsi (qarşı-qarşıya gələn şəxslərdə hər ikisinin sağ tərəfi) mümkün çarpışma təhlükəsini minimuma endirir, hətta tamamilə aradan qaldırır deyə bilərik. Əlbəttə, sağa çəkilmə şərti bir hərəkətdir. Belə məqamlarda sola çəkilmək də olar. Əsas odur ki, bu məsələdə toplumun əksər üzvləri tərəfindən ümumi bir qərar qəbul edilsin - sağ, yoxsa sol? 

Şəxsi gigiyenanın ictimai əhəmiyyəti 

Birgə yaşam qaydaları insanların şəxsi gigiyena qaydalarına əməl etməsini mütləq hesab edir, xüsusilə də xoşagəlməz qoxuların toplumda yayılmaması üçün hər bir şəxsdən müəyyən önləyici tədbirlərin görülməsinə diqqət çəkir. Niyə deyə soruşsanız, cavabı çox sadədir - topluma çıxacaq hər bir şəxs digərlərinin rahatlığı və onların alacaqları havanın korlanmaması üçün öz məsuliyyəti haqqında düşünməlidir. Xoşagəlməz qoxuların insanların ovqatını korlayacaq gücə malik olduğunu hər birimiz öz həyatımızda dəfələrlə hiss etmişik, xüsusilə yay aylarında ictimai nəqliyyatda olarkən. Bu mənada şəxsi gigyena böyük ictimai əhəmiyyətə malikdir fikri ilə razılaşmalı və toplumda birgəlik zamanlarının xoş keçməsi səylərinə təmizliyimizlə qatılmalıyıq. 

Birgə yaşam qaydaları “dildir”

Birgə yaşam qaydaları anlaşmanı təmin etdiyi üçün o, özəl “dil” sayıla bilər. Bu “dildə danışmaq” üçün mövcud qaydalar və yeniləri, eləcə də xarici təcrübədən götürülmüş (insan olaraq üzləşdiyimiz problemlər bəşəri xarakter daşıyır) effektiv və praktik nümunələr mütəmadi olaraq topluma xatırlanmalıdır. Birgə yaşam qaydaları həm də cəmiyyətin üzvləri arasında bir “anlaşma” və ya “müqavilə”dir. Lakin bu “anlaşma”nın işlək olması üçün onun “müddəa”larının dəqiqliklə işlənib hazırlanmasının, mümkün problemlərin öngörülməsinin böyük əhəmiyyəti var. Şübhəsiz ki, ədəb qaydalarının, bütövlükdə etik prinsiplərin bu “anlaşma”dakı yeri xüsusi vurğulanmalıdır. Çünki etika, sayqılı münasibət insanda “insan oyadan”, yaşamı xoş edən unikal bir qüvvədir.

Toplum səviyyəsində birgə yaşam qaydalarını işlək hala gətirə biləcək qüvvə haqqında düşünərkən ağla ilk növbədə kütləvi informasiya vasitələri gəlir. Cəmiyyət həyatının müxtəlif yönlərinə həsr olunmuş yazı və verilişlər birgə yaşamı asanlaşdıran və xoş edən mexanizmlərin, o sıradan da etik prinsiplərin əhəmiyyətinin anlaşıqlı və maraqlı dildə topluma çatdırılmasına, insanların bu məsələdə həssaslığını və fəal iştirakını təmin edə biləcək üsulların tapılıb həyata keçirilməsinə hədəflənməlidir. Unutmayaq - birgə yaşamı xoş, rahat etməyin əsas şərti birgə düşüncə və fəaliyyətdir. 

 





11.03.2019    çap et  çap et