525.Az

Sözündən tanıdığım şair


 

Sözündən tanıdığım şair<b style="color:red"></b>

“Asim Yadigar şeirlərində ictimai və milli ideallara sənətin gözü ilə baxan, vətəndaşlıq ruhu ilə şair mövqeyini vəhdətdə ifadə etməyi əsas vəzifə hesab edən yaradıcı simalardandır”.
Akademik İsa Həbibbəyli

İllərlə səsini eşitməsəm də, üzünü görməsəm də, şeirlərini oxumasam da, amma səsindən, sözündən tanıdığım bir şair var. 47 il bundan öncə bir institutda, bir fakültədə oxuyurduq. Ədəbi dərnəklərdə görüşürdük. Təzə yazdığımız şeirləri dinləyib müzakirə edirdik. Səsini, üslubunu, ifadə tərzini, şeirlərindəki poetik yükün çəkisini yaddaşıma həkk eləmişdim. Elə o vaxtdan da gözü, könlü tox olan şairin səsi kimi sözü də, şeirləri də mənə çox doğmadır, məhrəmdir.

Az tapdım az yedim, çox tapdımsa çox,
Haram qatmamışam halal varıma.
Özüm haram tikə yeməmişəm, yox,
Haram yedirmərəm balalarıma.

Namuslu əməyi, zəhməti ilə yaşayan, yaşantılarını, duyğularını özünəməxsus ifadə formasında oxucusuna çatdıra bilən, övladlarını da bu ruhda böyüdən şair - gənclik dostum Asim Yadigar haqqında danışıram.
Mənəvi dünyasının böyüklüyünü heç kəsin qarşısında kiçiltməyən, vüqarı, mərdliyi, mətanəti ilə yüksəklərdə dayanan şair öz yerini yaxşı bilir. Asim Yadigar Allah dərgahında peyğəmbərlərdən sonra şairlərin məqamının ucalığını qoruyub saxlayan ziyalılardandır. Nəfsini qoruduğu kimi, könlünün odunu, alovunu da gələcək nəsillərə təhvil verməyi bacarır.

Hər şeydən nəfsimi qorumuşam mən,
Ocağam - közümü qorumuşam mən.
Adımı, özümü qorumuşam mən,
Mən böyük adamam, atam balası.

Bu o şair Asim Yadigardır ki, səsiylə, sözüylə qəlblərdə yuva qurub, Vətəninə, xalqına sədaqətini, sevgisini hər an, hər dəqiqə ortalığa qoya bilir. Bəzən də özü-özünü danlayıb fəaliyyətinin axsadığını özünə bağışlamır, səsiylə, sözüylə döyüşə girir. Onun səsi cəbhələri yara-yara irəliləyir, sinəsi güllələrdən deşik-deşik olsa da, yarasını da sarıyanlar tapılır. Bu müqəddəs döyüşdə şairin səsi, sözü qalibdir, məğlubedilməzdir.

Qınında korşalan qılınc kimisən,
Deyə bilməmisən sözünü hələ.
Ümmana can atan yüklü gəmisən.
Sahildə döyürsən gözünü hələ -
Səni göndərirəm döyüşə, səsim.

Səsini, sözünü döyüşə göndərəndə şair ürəyinin pıçıltılarını eşidir. Təndirin alovunda bişməyib fikirləri çiy qalanda ürəyi sancan şair mənəvi aclığının fərqində olur. Bu hissi ürəyi mədəsində olanlar çətin ki anlasın. O adamların ürəyi acır ki, Vətənin taleyini, dərdini özününküləşdirə bilir, əsir düşən qız-gəlinləri, uşaqları, şəhid olan igidləri hər an, hər dəqiqə xatırlayır, bu dərdləri hay salıb dünyaya çatdırmaq istəyir. Düşüncəsini silaha, sözlərini gülləyə çevrilən şairin ürəyi ancaq qələbə qazanılacağı təqdirdə təcginlik tapa bilər.

Fikrin təndir alovunda qızarmır pul-pul,
Duyğu - dənə həsrət qalan sacdı ürəyim.
Bircə anlıq boşaldımı - elə bilirəm
Neçə aydı, neçə gündü acdı ürəyim.

Bəzən də şairi rahatsız edən, duyğularını qarışdıran millətin birləşmək şüarı söyləyən ayrı-ayrı övladlarının bütövləşə-vahidləşə bilməməsidir. Vətənin ağır günlərində bir yumruğa dönüb düşmənin başında partlamalıykən, torpağın qorunmasını təmin edə bilməməyimiz, babalardan bizə miras qalan yurd yerlərinin düşmən caynağında inləməsini, para-para bölünməsini şair həzm edə bilmir. Türk torpaqlarında mənfur erməni daşnaklarının, işğalçı bir ordunun at oynatmasını babalarımızın ruhu bizə bağışlamayacaq. Şairi düşündürən suallardan biri də budur; niyə biz beləyik?!. Türkün bu dünyada düşməni çoxdur. Bu sadə həqiqəti bilə-bilə türklərin bir vəhdət halında birləşə bilməməsi ən böyük dərddir.

Soxulub yurduma nə qədər tülkü,
Təngiyir nəfəsim, bürküdür, bürkü.
Dünya bir görməyir Türk oğlu Türkü,
Vətən para-para, el bölük-bölük,
Bir olaq deyirik...
Bir olammırıq!

Vətənin ağır günündə şairin yurd, el, oba sevgisi hisslərinin üstünə çıxır. Babalardan qalma bir məsəl var: “Donuz yalvarmaqnan tayadan çıxmaz”. Şair də qət edir ki, danışıq masasında nə qədər vaxt keçirsən də, işğalçı zəbt etdiyi torpaqları boşaltmayacaq. Son çarə hər kəsin silaha sarılıb döyüşə girməsidir. Odur ki, şair yazır:

Yad ayaqlar altında inildəyir torpağım,
Gözümün önündəcə evlər, eşiklər yanır.
Tüstüsü ərşə qalxan, tüstüsü göyü dələn
Yanan kəndlərlə birgə ürəyim alovlanır.
Yağılarda əsirdir yurdun qızı, gəlini.

Bu dərdi yer götürməz, bu dərdi göy götürməz.
Qeyrət toxumu əkək deyirəm bu torpağa,
Torpaq halallıq sevir, torpaq haram bitirməz.
Bu dərdə dözmür ürək, daha tükənibdi səbir,
Hücum əmri ver mənə, hücum əmri, komandir!

Könül dünyası Vətən sevgisi, yurd məhəbbəti, insan mənəviyyatı ilə dolu olan şairin vətəndaşlıq mövqeyi açıq-aşıkardır. Bu məhəbbətin mayasında musiqimizin səsi, incəsənətimiz rəngləri, dağların vüqarı, Arazın dərdi, Kürün lal axışı, Xəzərin dev dalğalarının hayqırtısı, Qıratın kişnərtisi var. Azərbaycanın bütün bu dərdlərinin ifadəsi muğamda öz əksini tapıbdır.

Muğam çalınanda susur bu aləm,
Səslərə qarışıb inləyirəm mən.
Muğam çalınanda elə bilirəm
Min illik dərdimi dinləyirəm mən.

Həm də “sevgimiz, qəmimiz - könül varımız” bu səsdə öz yerini tapıbdı. O səs bizi çox böyük həqiqətlərin dərinliyinə aparır. İşıq gələn tərəfə getməyi qəbul etmək həyatı anlamaqdır. Hər işıqlı günün bir qaranlıq gecəsi olduğu kimi, hər qaranlıq gecənin də aydın səhəri var.

Gecəli - gündüzlü dünyamız kimi
Qəmin, sevincin də iki üzü var.
Ağlayan ömürlük ağlamayacaq.
Hər gülən kəs də bir gün ağlayar.

Şair işıqlı-qaranlıqlı dünyada nikbinliyini itirmir, bu qədər dərdin, kədərin içində ümid yeri tapır, işıq tapır, dünyanın işığının qaranlığından daha əzəmətli olduğunu oxucusuna aşılaya bilir.

Bu dünyadı - sevinci var, qəmi var.
İnsan adlı biçiləsi zəmi var.
Gülən gözün dərya boyda nəmi var,
Fikir vermə, sevin bir az, gül bir az.

Asim Yadigar nikbin əhval-ruhiyyə ilə “səni gördüm, yenə könlüm açıldı” dediyi, ömrü boyu həsrətində olduğu Təbrizə gəlir. Bir tərəfdən sevinir, bu qədim türk şəhəri, mənəviyyatımızın paytaxtını görə bildiyinə görə Allaha şükürlər edir, digər tərəfdən də xəyala dalır, Şuşanı xatırlayır. Vətəndaş olaraq taleyinə ayrılıqlar düşən şair şükür edirsə, digər tərəfdən Tanrının ondan üz döndərdiyini düşünüb şikayətlənir. Ziddiyyətlər içində çırpınan şair parçalanmış vətəndə özünü quru torpağa, cansız daşa bənzədir.

Təbriz arzum, təmiz eşqim, diləyim,
Şuşa mənim yaralanmış ürəyim.
Mən vətənsiz axı nəyəm, kiməm, kim?
Quru torpaq, cansız daşam, Təbrizim!

Təbəddülatlar içərisində çırpınan şair həm nikbindir, həm dərdli. Dərdlidir ona görə ki, yurdu, torpağının bir hissəsi düşmən işğalındadır. Nikbindir ona görə ki, başının üstündə Günəş yanır, “zülmət gecələri gündüz eyləyir”. Nikbindir ona görə ki, “təzə xallar düşər, nəğmələr düşər baharda qızların ürəklərinə”. Nikbindir ona görə ki, “baxışlar arı tək sancılar, qonar qızların çiçəkli köynəklərinə”.

Bahar sevgi fəslidir. Günəşi isidəndə rahatlıq tapırsan, yandıranda əzab çəkirsən. Sevgi də Günəş kimi, od kimidir. İsitməyi də var, yandırmağı da... ancaq Günəş batanda, od sönəndə yandırmaq xüsusiyyətini itirirsə, sevgi sönəndə külü də adamı yandırıb yaxır.

Səsində, gözündə alov var, od var,
Hissimi, duyğumu alovlandırar.
Sevgi od kimidir - yananda közü,
Sönəndə adamı külü yandırar.

Asim Yadigar 2007-ci ildən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədridir, Ali Məclisin deputatı, Əməkdar mədəniyyət işçisidir. Şeirləri Rusiya, İran, Türkiyə Respublikalarında qəzet və jurnallarda çap olunub. “Bir nurlu heykəl yarat” başlığı altında toplanan şeirləri Umummilli Liderimiz Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunub.

Heykəltəraş qardaşım, qəlbinin atəşinə
O insanın qəlbinin alovundan alov qat.
O insanın adına, əməlinə yaraşan
Əzəmətli, möhtəşəm bir nurlu heykəl yarat.

Asim Yadigar öz qəlbinin alovunda, odunda bişirdiyi, hissi, həyəcanı ilə yoğurduğu söz heykəlini Azərbaycanın Umummilli Lideri Heydər Əliyevin adına-sanına layiq şəkildə yaradıb ürəklərə köçürə bildi.
Asim Yadigar üç mənzum, üç nəsrlə yazılmış dram əsərinin, on səkkiz poemanın müəllifidir. Əsərləri 4 cilddə çapa hazırlanır. “Seçilmiş əsərləri”nin birinci cildi artıq oxuculara təqdim olunub. Həmin kitaba akademik İsa Həbibbəyli “Vətəndaşlıq mövqeyi, plyus lirizm” adlı 30 səhifəlik ön söz yazaraq şairin yaradıcılığını geniş təhlil edib.

Şair dostum Asim Yadigarın yaradıcılığı geniş əhatəli olduğundan bir məqalədə tam təəssürat yaratmaq imkanı yoxdur. Qısaca olaraq onun vətəndaş mövqeyini, sevgisini anlatmağa çalışdıq.

Geniş həcmli poema və mənzum dramları ilə Müstəqillik dövrü Azərbaycan poeziyasını zənginləşdirən şair Asim Yadigarın 65 yaşı tamam oldu. Şair dostuma uzun ömür, can sağlığı, bundan sonrakı yaradıcılığında daha böyük uğurlar arzulayıram.

Nizami MURADOĞLU
Filologiya elmləri doktoru

 





11.03.2019    çap et  çap et