525.Az

İstanbulda məşhur Azərbaycan rəssamının sərgisi açılıb - Foto


 

İstanbulda məşhur Azərbaycan rəssamının sərgisi açılıb - <b style="color:red">Foto</b>

Azərbaycanın tanınmış incəsənət ustası, Xalq rəssamı, Əməkdar elm xadimi, Əlibəy Hüseynzadə adına İncəsənət Universitetinin kafedra müdiri, UNESCO nəzdindəki Dünya İncəsənət Akademiyasının həqiqi üzvü və Akademiyanın Azərbaycan nümayəndəliyinin rəhbəri, professor Arif Əzizin İstanbulda fərdi sərgisi açılıb.

TEAS Press ilə İstanbulun ən böyük rayonlarından biri olan Üsküdar bələdiyyəsinin birlikdə hazırladıqları layihə əsasında martın 6-da “Galeri Nev-Nevmekan Sahil” qalereyasında açılıb. Arif Əzizin yaradıcılığının müxtəlif dövrlərinə aid əsərlərin nümayiş etdirildiyi “Ağ körpü” adlı sərgiyə Türkiyənin sənət ictimaiyyəti, yerli və əcnəbi media yaxından maraq göstərib. Sərginin açılış mərasimində çıxış edən Üsküdar bələdiyyəsinin sədri Hilmi Türkmən, İstanbulun tarixi bölgələrindən birində dünya miqyasında tanınmış rəssam Arif Əzizin “Ağ körpü” adlı rəsm sərgisini açmaqdan məmnun olduqlarını bildirib. “Çox dəyərli sənətkarımız Arif Əzizin həyatını, sənətkar kimi dünyaya baxışını öyrəndikcə və əsərlərini tanıdıqca vətəndaşlarımızın da bizim kimi bu əsərlərdən böyük zövq alacağına inanırıq. “Ağ körpü” sərgisi bizim dünya ilə əlaqələrimizi yaradacaq, gücləndirəcək, inkişaf etdirəcək və bizi sənətə daha çox bağlayacaqdır”- deyə sözlərinə davam edən Üsküdar bələdiyyəsinin sədri Hilmi Türkmən rəssam Arif Əzizin sərgisinin Türkiyənin bütün guşələrindəki sənətsevərlərin və bölgəyə gələn əcnəbi turistlərin marağına səbəb olacağına inandığını bildirib.

“Ağ körpü” adlı fərdi sərgisinin açılış mərasimində çıxış edən professor Arif Əziz bu əhatəli tədbiri təşkil edənlərə minnətdarlığını bildirib. “Bu gün səhər 8 mart dünya qadınlar gününə həsr edilmiş başqa bir sərgidə bəzi əsərlərim nümayiş etdirildi. 60 illik yaradıcılıq həyatımda “ağ rəng” həmişə əsərlərimin əsas simvolu olub. Məhz bu rəng vasitəsilə mən əsərlərimdəki sülh, dostluq, qardaşlıq, əmin-amanlıq, insan haqları, əməyə hörmət kimi bəşəri məsələləri dünya ictimaiyyətinə çatdırmağa çalışmışam. İki qitədə yerləşən İstanbuldakı növbəti sərgimdə də dünyaya “ağ” rəng vasitəsilə daha dərin mesajlar verdiyimə inanıram. Türk sənətsevərlər mənim əsərlərimə əvvəldən də bələd olduqlarına görə, onlarla “dil tapmağımın” bu dəfə daha asan olduğuna inanıram”- deyə sözlərinə davam edən Arif Əziz, sərginin keçirildiyi günlərdə bilik və təcrübəsini gənc sənətsevərlərlə bölüşməyi planlaşdırdığını deyib. Arif Əziz bu sərgisində Bakıdan gətirilən 133 tablosunun nümayiş etdirildiyini sözlərinə əlavə edib.

Rəssam Arif Əzizin “Ağ körpü” adlı sərgisi aprelin 12-nə qədər davam edəcək.

Qeyd edək ki, dünyaca məşhur rəssam, professor Arif Əziz 1943-cü ildə Bakıda anadan olub. Rəssamlıq sahəsindəki ilk təhsilini 1957-1962-ci illər arasında Ə.Əzimzadə adına Rəssamlıq məktəbində alan Arif Əziz, 1966-1971-ci illər arasında Moskva İncəsənət və Sənaye Akademiyasında ali təhsil aldı. Arif Əziz Akademiyada təhsil alan ilk Azərbaycalılardan biri olub. 1971-ci ildə elm-təhsil sahəsində fəaliyyət göstərməyə başlayan Arif Əziz Əlibəy Hüseynzadə adına İncəsənət Universitetində müəllim, kafedra müdiri, prorektor vəzifələrində işləyib. Bu fəaliyyətinə görə Arif Əzizə universitetin Elmi Şurası tərəfindən professor elmi titulu verilib. İncəsənət sahəsindəki fəaliyyətinə görə, Azərbaycanın Xalq rəssamı adına layiq görülən Arif Əziz elmi-pedaqoji fəaliyyətinə görə Əməkdar elm xadimi adı ilə mükafatlandırılmışdır.

Azərbaycan Rəssamlar Birliyinin, Reklamçılar İttifaqı və Dizaynerlər İttifaqının üzvü olan professor Arif Əziz incəsənət sahəsindəki xidmətlərinə görə, SSRİ-nin Şərəf nişanı və Azərbaycanın Şöhrət ordeniylə təltif edilib.

A.Ağazadə
İstanbul

 





11.03.2019    çap et  çap et