525.Az

8 Mart günü qadın yazarlar kitablarını imzaladılar - Foto


 

8 Mart günü qadın yazarlar kitablarını imzaladılar - <b style="color:red">Foto</b>

Martın 8-də “Parafraz Nəşrlərinin” Beynəlxalq Qadınlar günü münasibətilə təşkil etdiyi iki qadın yazar - Şahanə Müşfiq və Sevinc Elsevərin İmza günü və şeir gecəsi baş tutub.

Kitabevim.az-da keçirilən tədbirdə yazıçılar, ictimaiyyət nümayəndələri, oxucular və jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan gecənin təşkilatçısı, yazıçı, jurnalist Cavid Qədir qadınları bayram münasibətilə təbrik edərək, hər iki yazarın yaradıcılığı haqqında məlumat verib. Deyib ki, nə qədər müasir zamanda yaşasaq da, qadınların cəmiyyət tərəfindən gördüyü təzyiqlər, məhdudiyyətlər qaçınılmazdır. Belə cəmiyyətdə üstəlik əlinə qələm götürüb yazmaq, adını ədəbi mühitdə tanıtmaq böyük cəsarət tələb edir. Həm Şahanə Müşfiq, həm də Sevinc Elsevər yaradıcılıqlarında qadınların üzləşdiyi problemlər, gender bərabərliyi, qadın azadlığı kimi məsələlərə kifayət qədər toxunurlar.

Çıxış edən yazıçı Kənan Hacı da hər iki yazarın yaradıcılıqlarının məziyyətlərindən söz açıb, onları çağdaş ədəbiyyatda istedadlı və casarətli qələm sahibi kimi dəyərləndirib.

Daha sonra çıxış edənlərdən Aynur Cavid, Ruslan Dost Əli, Ülkər Piriyeva, Şəfa Piriyeva, Şöhlət Abbas, Taleh Mansur, Emin Səbuhi və başqaları Şahanə Müşfiq və Sevinc Elsevəri həm bayram, həm də imza günü münasibətilə təbrik edib, onlara gələcək yaradıcılıqlarında uğurlar arzu ediblər.

Tədbir boyunca hər iki müəllif öz şeirlərini səsləndiriblər. Şair, qiraətçi Ülkər Piriyeva Şahanə Müşfiqin “Tənhalığın simfoniyası” şeirini oxuyub.

Sonda iştirakçılara təşəkkürlərini bildirən müəlliflər “Şahanənin nağılı” (Ş.Müşfiq) və “Çörək rəngli əllər” (S.Elsevər) kitablarını qonaqlar üçün imzalayıblar.

 





11.03.2019    çap et  çap et