525.Az

Azərbaycanda aparılan gender siyasəti


 

GENDER BALANSININ TƏMİN OLUNMASI İSTİQAMƏTİNDƏ UĞURLU NƏTİCƏLƏR ƏLDƏ EDİLİB

Azərbaycanda aparılan gender siyasəti<b style="color:red"></b>

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Bu gün dünyanın hər yerində qadın hüquqlarının təminatı uğrunda geniş bir hərəkat var. Azərbaycan xalqı da tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duyub, ana adını uca tutub, qadına dərin hörmət, ehtiram və məhəbbətlə yanaşıb. Xalqımızın qəlbən tapındığı islam dinində də qadına, qıza və anaya yüksək ehtiram və hörmət ifadə edilib. Müqəddəs kitabımız "Qurani-Kərim"də və hədislərdə qadınların hüquqlarına hörmətlə yanaşmaq kişilərin qarşısında mənəvi öhdəlik kimi qoyulub. Məhəmməd Peyğəmbər (s.ə.s.) hədislərin birində buyurur: "Qadınlarla xoş rəftar edənlərdən Allahın xoşu gəlir, çünki onlar sizin ananız, qızınız və xalanızdır".

Azərbaycan qadını mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilib, xalqın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəvi sifətlərlə səciyyələnən kamil qadın obrazlarının bədii təsviri verilir. Mənəviyyatımızın təməl kitabı olan "Kitabi-Dədə Qorqud" boylarının qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir.

Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verir.

Tarixən olduğu kimi, müasir dövrdə də Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə və beynəlxalq münasibətlərdə yeni uğurların əldə olunmasında kişilərlə yanaşı, qadınlarımızda yüksək təşəbbüskarlıq və fəallıq göstərirlər. Cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. 

GENDER BƏRABƏRLİYİNƏ HÜQUQİ ZƏMİN 

Ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda qadın layiq olduğu uca mövqeyə yüksəlib. Ulu öndər milli maraq və mənafelər çərçivəsində qadınlarla bağlı dövlət siyasətini təmin edərək Azərbaycan qadınının şərəfli adının daim uca tutulmasına çalışıb. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması, "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" sərəncamları, 2000-ci ildə "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman Heydər Əliyevin Azərbaycanda gender bərabərliyinin təminatçısı olduğunu təsdiq edir. 2006-cı ildə ölkəmizdə qəbul edilən "Gender bərabərliyinin təminatı haqqında" qanuna görə, Azərbaycanda cinsi mənsubiyyətə görə ayrı-seçkilik qadağan olunub. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunub. Müxtəlif nazirliklər və icra hakimiyyəti orqanlarında qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan cavabdeh şəxslər təyin edilib. Bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində mühüm işlər görülüb. H.Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımlar, görülən işlər ölkəmizdə demokratik cəmiyyətin qurulmasına misilsiz töhfələr verib. 

Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanda gender məsələləri ilə bağlı dövlət siyasəti qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Ulu öndərin bu siyasi xətti hazırda prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.   

QADIN HÜQUQLARININ ETİBARLI HAMİSİ  

Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Onun şəxsində Azərbaycan qadınının YUNESKO və İSESKO kimi mötəbər qurumlarda etibarlı nümayəndəsi, nəcib və xeyirxah elçisi vardır. Bu gün qadınlar təkcə xeyirxah və insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində böyük işlər görürlər. Bu nöqteyi-nəzərdən Mehriba Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin, bir sözlə, ölkə həqiqətlərinin dünyada təbliği və tanıdılması ilə məhdudlaşmır, eyni zamanda, dünya mədəni irsinin qorunmasına, bəşəriyyəti ciddi narahat edən qlobal problemlərin həllində mövqelərin yaxınlaşdırılmasına xidmət edir. Mehriban Əliyeva hər zaman Azərbaycan qadınlarının cəmiyyətin ictimai-siyasi və mədəni həyatında daim mühüm rola və mövqeyə malik olduqlarını xüsusi vurğulayır. 

KİŞİLƏRLƏ BƏRABƏR HÜQUQLARA MALİK QADINLAR  

Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlar ölkənin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər. Bu gün əhalinin ümumi sayının 50,2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Azərbaycanın demək olar ki, əksər rayonlarında İcra Hakimiyyəti başçılarının müavinləri qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,2 faizə çatıb, sahibkarlar arasında isə qadınların iştirakçılığı 20 faizə çatıb. Hazırda bədən tərbiyəsi və idmanla məşğul olanların 40 faizi qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, qadınlar təşkil edirdisə, 2015-ci il parlament seçkilərində qadın millət vəkillərinin sayı artaraq 16,8 faizə yüksəlib. 2009-cu ildəki seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınlar 26,7 faiz olub. 2014-cü ildə isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 35 faiz təşkil edib.

Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanda dövlət quruculuğu, ictimai fəaliyyət sahəsində qadınlar və kişilərin bərabər hüquqa malik olduğunu, bərabər imkanlar əldə etdiyini deyir. Onun sözlərinə görə, bu gün qadınların ictimai-siyasi həyatda fəal iştirakı üçün onlar hüquqlarla təmin edilir.

Hazırda cəmiyyətdə iştirak və dövlət quruculuğu təmsilçiliyində qadınlarla kişilər arasında fərq yoxdur. B.Muradova bildirib ki, bu gün qadınlarımız idarəetmə, hüquq, məhkəmə sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Azərbaycan qadınları ölkəmizin ərazi bütövlüyünün qorunması işinə də öz töhfələrini verirlər. Milli Qəhrəman adını almış Azərbaycan qadınları bu məsələdə də kişilərdən geri qalmadıqlarını sübut ediblər: "Azərbaycan qadınları ölkəmizin ərazi bütövlüyünü qorumaqda canlarını qurban verməkdən belə çəkinmirlər. Qadın-kişi bərabərliyi budur".  

QADIN FƏALLIĞI İCTİMAİ TƏRƏQQİ DEMƏKDİR 

Baş nazirin müavini Əli Əhmədov deyir ki, qadın fəallığı ictimai tərəqqinin ən vacib indikatorlarından biridir: "Harada qadın fəallığı varsa, orada ictimai tərəqqi var. Azərbaycan qadını bütün sahələrdə ictimai fəallığını nümayiş etdirir, ictimai rəydə iştirak edir. Azərbaycan qadınlarının məşğulluq səviyyəsi bir sıra sahələrdə yüksəkdir. Təhsil, səhiyyə sahəsində qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən üstündürlər. Biz bütün sahələrdə qadın və kişilərin bərabər təmsil olunmasını istəyirik və bunu təşviq edirik".  

MÜSTƏQİL AZƏRBAYCAN QADINLARI YÜKSƏK POSTLARDA 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, ölkəmizin Birinci vitse-prezidentinin qadın olması çox mühüm göstəricidir. İkincisi, nazir müavinləri olan qadınların sayı artıb. Bu gün Azərbaycanın demək olar ki, hər bir rayonunda icra hakimiyyəti başçısının müavini vəzifəsinə hökmən qadın təyin edilir. Bu, Azərbaycanın siyasətidir: "Bu gün müstəqil Azərbaycanın qadınları parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar. Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakına maraq artıb. Qadınlarımız müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunur, ölkəmizin maraqlarını müdafiə edirlər. Alim qadınlarımız dünya elminə töhfələr verirlər. Beynəlxalq təşkilatlar Azərbaycanda gender bərabərliyini xüsusi qeyd edirlər. Əvvəllər qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər olsa da, hazırda iqtisadiyyat, idarəetmə, texniki ixtisas qrupları üzrə təhsil alan qızlarımızın və bu sahədə elmlə məşğul olan qadınlarımızın sayı artır. Bu, doğurdan da çox sevindirici haldır".

Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər. Tarixin müxtəlif mərhələlərində bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də var.  

CƏMİYYƏTDƏ QADINLARIN ƏVƏZSİZ ROLU 

Millət vəkili Qənirə Paşayeva cəmiyyətin bugünkü həyatında qadınların əvəzsiz rolu olduğu qənaətindədir. Q.Paşayevanın fikrincə, hazırda Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir, ancaq bununla yanaşı, qadınların cəmiyyətin və dövlətin bütün sahələrində rolunun daha da artmasına və genişlənməsinə böyük ehtiyac var: "Xüsusilə bölgələrdə gender bərabərliyi istiqamətində maarifləndirmə, təbliğat-təşviqat işlərinin daha da genişləndirilməsi vacibdir. Qadınlar həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunduğu ölkələrdə bununla bağlı daha ciddi işlər görülür. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, onlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkələr və cəmiyyətlər isə uğursuzluğa düçardır. Sevindirici haldır ki, Azərbaycanda bu istiqamətdə konkret və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, onlara qarşı hər cür zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması dövlətin prioritetləri sırasındadır".

Sevinc QARAYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





12.03.2019    çap et  çap et