525.Az

"Probasiya xidmətlərinin yaradılması, qarşıda duran vəzifələr" mövzusunda seminar


 

"AZADLIQDAN MƏHRUMETMƏYƏ ALTERNATİV CƏZALARIN İCRASINDA ELEKTRON NƏZARƏT VASİTƏLƏRİNİN TƏTBİQİ SİSTEMİ YARADILIB"

"Probasiya xidmətlərinin yaradılması, qarşıda duran vəzifələr" mövzusunda seminar <b style="color:red"></b>

Dünən Ədliyyə Nazirliyi ilə Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Probasiya xidmətlərinin yaradılması, qarşıda duran vəzifələr" mövzusunda seminar keçirilib.

Ədliyyə Akademiyasında keçirilən seminarda nazirliyin və Mətbuat Şurasının məsul şəxsləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, jurnalistlər, ASAN könüllüləri, SABAH qrupları və Hüquq fakültəsinin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademiyanın rektor əvəzi Elçin Xəlilov Ədliyyə Nazirliyinin fəaliyyətinin şəffaflıq və aşkarlıq prinsipləri əsasında qurulduğunu, ictimai iştirakçılığa, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlığa böyük önəm verildiyini qeyd edib: "Əhalinin hüquqi maarifləndirilməsi, ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin mütəmadi malumatlandırılmasını Ədliyyə Nazirliyi daim diqqətdə saxlayır, həyata keçirilən islahatlar və yeniliklər mətbuatda geniş işıqlandırılır, nazirliyin fəaliyyət istiqamətləri, vəzifələri barədə kütləvi informasiya vasitələrinin iştirakı ilə brifinqlər, seminar-müşavirələr, digər maarifləndirici tədbirlər təşkil olunur".

Dünya təcrübəsində probasiya sahəsi barədə məlumat verən E.Xəlilov bu xidmətin ilk dəfə 19-cu əsrdə yaradıldığını bildirib: "20-ci əsrin əvvəllərindən probasiya xidmət sahəsi daha da təkmilləşdirilib. Hazırda bir çox ölkələrdə bu xidmət yaradılıb və cəzaların yüngülləşdirilməsi sahəsində öz müsbət nəticələrini verir".

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova isə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən struktur islahatlar Ədliyyə Nazirliyinin də fəaliyyətinin təkmilləşdirilməsinə imkan verib: "Cəmiyyətin Ədliyyə Nazirliyi və tabeliyindəki qurumların fəaliyyəti ilə yaxından tanışlığının təşkili KİV-lə əlaqələrdə prioritet istiqamətdir. Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün qəbul olunan dövlət proqramında da bu məsələ öz əksini tapıb".

Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev isə qeyd edib ki, ədliyyə, hüquqi maarifçilik sahəsində mətbuatın rolu danılmazdır, hətta ön sıradadır: "Çünki mətbuat cəmiyyətlə ünsiyyət vasitəsidir".

Tədbirin əhəmiyyətinə toxunan U.Mirzəyev bu cür tədbirlərin ədliyyə sahəsində cəmiyyətin məlumatlılığının təmin olunması, o cümlədən, hüquqşünaslıq təhsili alan tələblərin, media nümayəndələrinin maarifləndirilməsi baxımından faydalı olacağına inandığını deyib.

Daha sonra Probasiya xidmətinin rəis müavini Musa Hümbətov məruzə ilə çıxış edib. O, 2017-ci ilin fevralın 10-da cəza siyasətinin humanistləşdirilməsinə dair Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılan Probasiya xidmətinin fəaliyyəti barədə məlumat verib: "Qısa müddətdə bu sahədə fəaliyyətin müasir tələblər səviyyəsində təşkili ilə bağlı xeyli işlər görülüb, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi sistemi yaradılıb".

M.Hümbətov qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində ötən il 1000-ə yaxın şəxsin cəzası yüngülləşdirilib: "Həmin şəxslər cəzalarını həbsxanada yox, elektron nəzarətə alınaraq ictimai işlərlə cəlb olunmaqla çəkirlər".

Probasiya xidmətinin rəsi müavini bildirib ki, bugünədək elektron nəzarət vasitələri 1022 nəfər qanun pozmuş şəxsə təhkim edilib: "Hazırda isə bu cür vasitələrin təhkim edildiyi şəxslərin sayı 930-dur. Onlardan 27-si qadındır".

Tədbirdə Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyətinə dair video-çarx nümayiş olunub.

KİV nümayəndələri elektron nəzarət vasitələrinin imkanları və tətbiqi xüsusiyyətləri ilə tanış olublar.

Sonda Probasiya xidmətinin yaranması, inkişafı, bu sahədə əldə olunan nailiyyətlər və xidmətin gələcək perspektivlərinə dair jurnalistlərin sualları cavablandırılıb.

Ceyhun ABASOV

 





12.03.2019    çap et  çap et