525.Az

Orqan transplantasiyası ilə bağlı dinləmələr keçirildi


 

MUSA QULİYEV: "QANUN LAYİHƏSİNDƏ QOHUM OLMAYAN ŞƏXSLƏRİN DƏ DONOR OLA BİLMƏSİ TƏKLİF EDİLİR"

Orqan transplantasiyası ilə bağlı dinləmələr keçirildi<b style="color:red"></b>

"Dünyada hər il təxminən 120 min orqan transplantasiyası həyata keçirilir".
 
Bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov dünən adıçəkilən komitənin orqan transplantasiyası ilə bağlı təşkil etdiyi dinləmələrdə çıxışı zamanı deyib. O xatırladıb ki, dünyada orqan transplantasiyasının tarixi təxminən 50 ili əhatə edir: "Artıq bir neçə ildir ki, Azərbaycanda da orqan-ürək, böyrək, ciyər transplantasiyası həyata keçirilir. Ancaq istər dünyada, istər Azərbaycanda orqan transplantasiyasına daha çox ehtiyac duyulur. Yəni mövcud rəqəm arzulanan rəqəmlərlə, göstəricilərlə üst-üstə düşmür". Komitə sədri eyni zamanda, Azərbaycanda bu yöndə qanunun mövcud olduğunu bildirib və əlavə edib ki, artıq bu qanun yeni dövrün reallıqlarına cavab vermir: "Ona görə də biz yeni qanun layihəsi üzərində çalışırıq. Qanun layihəsinin adı ilə də bağlı müəyyən təkliflər, fikir ayrılıqları var. Mən fikrimi kiməsə qəbul etdirmək fikrində deyiləm, burada demokratikliyin tərəfdarıyam. Ancaq hesab edirəm, "toxumaları" sözü də qanunun adında olmalıdır. Bu, mənim mövqeyimdir".

Komitənin sədr müavini, yeni qanun layihəsinin müəlliflərindən biri Musa Quliyev sənədin 5 fəsil və 36 maddədən ibarət olduğunu bildirib: "Biz bu yöndə yeni qanuna ehtiyac gördük. Çünki köhnə qanun üzərində korrektlər aparmaqla, dəyişikliklər etməklə istənilən nəticə, effekt alınmır. Ona görə hesab etdik ki, yeni qanun layihəsi hazırlanmalıdır və artıq uzun müddətdir ki, onun üzərində də işlər, təkmilləşdirmələr davam etdirilir. Biz elə bir qanun olmasını və onun elə bir səviyydə icraya yönəlməsini istəyirik ki, orqan transplantasiyası ilə qara fikirlərə, qara niyyətlərə yer, imkan qalmasın". Komitə sədrinin müavini deyib ki, xüsusilə meyitdən orqan transplantasiyası, köçürülməsi məsələsində ciddi maarifləndirməyə ehtiyac var: "Bu məsələdə ilk öncə cəmiyyətin tanınmış, öndə gedən adamları qabağa düşməli, bu məsələnin izahatını aparmalıdırlar. Çünki bu izahat, təbliğat, maarifləndirmə işləri aparılmasa, meyitdən orqan köçürülməsi (təbii ki, yaxın qohumların razılığı əsasında) məsələsi baş tutmayacaq".

M.Quliyev həmçinin xatırladıb ki, qanun layihəsində qohum olmayan şəxslərin də donor ola bilməsi təklif edilir. Deputat bildirib ki, yeni qanun layihəsində donorların, resipiyentlərin reyestrinin aparılması, eyni zamanda, resipiyentlərin gözləmə vərəqəsinin olması nəzərdə tutulur ki, bu gözləmənin də elektron qaydada aparılması təklif edilir. M.Quliyev əlavə edib ki, layihədə canlı donorlardan orqanların götürülməsi məsələsi öz əksini tapıb: "Resipiyentlər qohum ola bilərmi, yaxud qohum olmamalıdırlar? İndiki qanunvericlikdə yalnız qohumlardan donorluğa icazə verilir. Amma dünya təcrübəsində kiminsə könüllü şəkildə donor olmasına icazə verilir. Biz buna görə hüquqi maneə törətməməliyik. Ona görə də hesab edirik ki, resipiyent qohum ola da bilər, olmaya da". Komitə sədrinin müavini qeyd edib ki, şəxs sağlığında orqanlarının transplantasiya üçün istifadəsinə icazə verirsə, o, dünyasını dəyişdikdən sonra qohumlardan icazə almadan, bu icazə olmadıqda isə onun yaxınlarının icazəsi ilə transplantasiya icra edilə bilər: "Meyitdən orqan nəqlinə olduqca ehtiyatlı yanaşmaq lazımdır". M.Quliyev sonra deyib ki, icbari tibbi sığorta paketinə də orqan transplantasiyası xidmətinin ya tam şəkildə, ya da onun xərclərinin müəyyən hissəsinin daxil olması nəzərdə tutulur: "Azərbaycanda insan orqanlarının alqı-satqısı və reklamı qadağandır".

Komitənin üzvü, BDU-nun professoru Kamilə Əliyeva da qanunun adının "orqan və toxumları" formasında olmasının daha məqsədəmüvafiq olduğunu bildirib: "Əvvəla qeyd edim ki, orqan transplantasiyası məsələsi əvvəllər bizim üçün bir möcüzə, bir yuxu, bir röya kimi görünürdü. Biz bunu təsəvvür edə bilmirdik. Amma artıq biz Azərbaycanda da neçə illərdir ki, orqan transplantasiyasının aparıldığını görürük, bunun şahidiyik. Odur ki, bununla bağlı yeni qanunun olması da çox vacibdir. Eyni zamanda hesab edirəm ki, qanun layihəsinin adında "toxumları" sözünün də getməsi məqsədəuyğun olardı".

Kamil HƏMZƏOĞLU

 





13.03.2019    çap et  çap et