525.Az

Rəşad Məciddən mediaya çağırış: "Kriminal avtoritetləri bütə çevirməyin, onlardan az yazın"


 

"BELƏ ÇAĞIRIŞLARIN CƏMİYYƏTDƏ DÖNÜŞ YARATMASI ÜÇÜN DƏYİRMİ MASALARIN TƏŞKİLİ, FİKİR MÜBADİLƏLƏRİNİN APARILMASI, MAARİFLƏNDİRİCİ TƏDBİRLƏRİN HƏYATA KEÇİRİLMƏSİ ZƏRURİDİR"

Rəşad Məciddən mediaya çağırış: "Kriminal avtoritetləri bütə çevirməyin, onlardan az yazın"<b style="color:red"></b>

Bugünlərdə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid öz Feysbuk səhifəsində mediada kriminal avtoritetlərin təbliğinə qarşı çağırış edib.

R.Məcid mətbuatda bu mövzuda yazıların tirajlanmasını doğru hesab etmədiyini bildirib:

"Media kriminal avtoritetlərin hər addımından yazmamalıdır! Onları həqiqətən avtoritetə, bütə çevirməməlidir! Sovet vaxtı bu adamlardan yazmaq yasaq olunmuşdu, qadağa var idi. Düz də edirdilər. İndi yasaq yoxdur, amma media öz məsuliyyətini dərk etməlidir. Bu sarıdan yeni media və saytlar daha çox seçilirlər; kriminal aləmdən daha çox yazır, avtoritetlərin, az qala, hər addımından şou düzəldir, nəticədə isə belə həyat tərzinin təbliğatçısı rolunu oynamış olurlar. Media təbliğ etdikcə, belə adamlar gənclərin şüurunda böyük güc, qüdrət sahibinə çevrilir, pərəstiş obyekti olurlar! Bu proses cəmiyyəti təhlükəli məcraya sürükləyir! Media öz sosial məsuliyyətini anlamasa, bu, pis nəticələrə gətirib çıxaracaq!"

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "525"ə açıqlamasında həmkarının bu çağırışını dəstəklədiyini, kriminal avtoritetlərin həyat tərzi ilə bağlı məlumatların mediada işıqlandırılmasının doğru addım olmadığını vurğulayıb. A.Quliyev bildirib ki, cəmiyyətə həmişə yaxşı nümunələr göstərməyə ehtiyac var: "Mətbuat, televiziya, internet məkanı elə bir tribunadır ki, burada istənilən hadisəni faktı nümunə, örnək kimi cəmiyyətə təqdim etmək olar. Lakin bəziləri sui-istifadə hallarına yol verərək ziyanlı nümunələrin təbliğatçısına çevrilirlər".

Baş redaktor qeyd edib ki, yerli və xarici filmlərdə həbsxana həyatının çox obrazlı şəkildə təqdim olunması, cinayətkarların həyatının zahiri bər-bəzəyinin nümunə kimi göstərilməsi olduqca ziyanlıdır, cəmiyyətimizi yanlış istiqamətə aparır.

Psixoloq Elnur Rüstəmov da hesab edir ki, bu cür mövzuların mediada tirajlanması doğru deyil: "Çünki yanlış anlaşılma olur. Bunun təsirinə daha çox yeniyetmələr düşür. Onlar oxumaq, öyrənmək istəmədikləri üçün başqa cür fərqlənməyə meylli olurlar. Təhsildən yayınan yeniyetmələrdə bəzən cinayət aləmində olanlara rəğbət hissi yaranır. Həmin uşaqlar cinayət aləmi ilə bağlı internet üzərindən yayılan məlumatlara maraq göstərir, nəticədə təsir dairəsinə düşür, kriminal avtoritetlərin hərəkətlərini təkrarlamağa, özlərini onlara oxşatmağa çalışırlar. Bu da ailədə, ətrafda olan insanlarla böyük problemlərin yaranmasına gətirib çıxarır. Onların böyük bir qismi yanlış olaraq düşünür ki, həbsxanaya düşən hər kəs sabah kriminal aləmin ən yuxarı pilləsində dayanacaqlar. Əslində isə bu, belə deyil".

Hər bir insanın öz həyat prinsipləri olduğunu deyən E.Rüstəmov qeyd edib ki, fərdlər öz həyatını bu prinsiplər üzərindən yaşayırlar: "Hər bir insanın öz prinsipləri, oturuşmuş düşüncəsi, həyata baxış bucağı olmalıdır. Cəmiyyətdə nüfuz sahibi olmaq üçün bilik, savad yiyəsi olmaq kifayətdir. Bu nüfuzu insanlara xoş rəftar, səmimi münasibətlə də əldə etmək mümkündür.

İnternet sərbəst məkandır, məhdudlaşdırma aparmaq qeyri-mümkündür. Sadəcə, maarifləndirmə yolu ilə bu istiqamətdə müsbət nəticələr əldə etmək mümkündür. Bunun üçün cəmiyyətə təhsil, təlim-tərbiyə ilə bağlı yaxşı alternativlər təqdim etmək lazımdır. Nəticədə həmin gənclər bu alternativləri görər, özləri üçün nümunə götürərlər".

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd edib ki, cinayət aləmi ilə bağlı mətbuatda tirajlanan yazılar əhalinin, xüsusi ilə gənclərin dəyərlər yönümünə ciddi zərbə vurub: "Belə yazılar dağıdıcı xarakterlidir. Bununla həmin şəxslər düşmənin arzuladığı işi görürlər".

Ə.Qəşəmoğlunin sözlərinə görə, əhalinin davraşınlarına 3 amil çox güclü təsir edir: mühit, informasiya və insanların üstünlük verdiyi dəyərlər. O bildirib ki, mətbuatda cinayət aləmi ilə bağlı yazılar bu 3 faktorun hər birinə mənfi təsir edir: "Əvvəla bu cür informasiyaların yayılması yeniyetmə və gənclərin, bəzən də yaşlı adamların xarakterinə təsirlərini göstərir. Həmin şəxslər üçün kriminal aləmin normaları, dəyərləri daha cəlbedici olur. Bu, insanlarda dəyərlər sisteminin birbaşa dəyişməsində mühüm rol oynayır. Nəticədə, sadalanan faktorlar mühitə təsir edir. Yəni həmin informasiyanın təsiri altına düşən adamların davranışı dəyişir və mühiti bir az da pisləşdirirlər. Nəticədə vəziyyət günü-dünən daha da gərginləşir".

Sosialoq bildirib ki, min illərdir bütün dini kitablar, peyğəmbərlər, müdrik adamlar cəmiyyətdə mənəvi dəyərlərə üstünlük verməyə çağırışlar ediblər: "Çünki mənəvi dəyərlər öndə olanda cəmiyyət özü-özünü tənzimləyə bilir. Digər dəyərlər öndə olanda isə cəmiyyətdə gərginliyə səbəb olur".

Ə.Qəşəmoğlu hesab edir ki, cəmiyyətə nümunə kimi peşə fəaliyyətində uğurlara imza atmış simaları - elm adamlarını, rəssamları, bəstəkarları, yazıçıları və digərlərini təqdim etmək lazımdır: "Bizim dövrümüzdə Rəsul Rza, Səməd Vurğun, Həsən Abdullayev, Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov, Mikayıl Abddulayev kimi şəxsiyyətlər cəmiyyətə nümunə kimi təqdim olunurdular. Bu, dövrün gəncləri üçün istiqamətverici rol oynayırdı. İndi isə müəllim, yazıçı, şair və digər peşələrlə bağlı neqativ məlumatlara, irad xarakterli fikirlərə rast gəlmək mümkündür. İnsanı işıqlı tərəfə çəkən peşə sahiblərini tənqid edir, lağ obyektinə çevirməyə çalışırlar. Bu, çox təhlükəli tendensiyadır".

Bu istiqamətdə edilən çağırışların əhəmiyyətinə toxunan sosioloq qeyd edib ki, müvafiq addımların da atılması ehtiyac var: "Bu cür çağırışların cəmiyyətdə müsbətə doğru dönüş yaratması üçün dəyirmi masaların təşkili, fikir mübadilələrinin aparılması, maarifləndirici tədbirlərin həyata keçirilməsi ciddi əhəmiyyət kəsb edir. Cəmiyyətə müsbət impulslar vermək lazımdır, prosesləri başlı-başına buraxmaq olmaz. Azərbaycan ərazisi və əhalisinin sayı baxımından elə də böyük ölkə deyil. Rəsmi statistik rəqəmlərə görə, ölkənin 10 milyonluq əhalisi var. Ölkədən köçənləri, qocaları, körpə uşaqları çıxsaq, 3-4 milyonluq aktiv əhali qalır. Həmin aktiv insanları müsbətə doğru istiqamətləndirmək çətin məsələ deyil. Ona görə də, arzu edirəm ki, Rəşad Məcidin çağırışı bu sahədə böyük bir dönüşə gətirib çıxarsın".

Sevindirici haldır ki, son dövrlər bu istiqamətdə çağırışlar müsbət nəticələr verir. Əgər ötən ilədək Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, yeniyetmələrin törətdiyi cinayət hadisələri ilə bağlı artım tendensiyası özünü göstərirdisə, bu ilin statistik rəqəmləri azalmadan xəbər verir. Hesabata görə, ötən il Azərbaycanda yeniyetmə cinayətlərinin sayı aşağı düşüb. 2018-ci ildə Azərbaycanda daxili işlər orqanları azyaşlıların törətdiyi 600-dən artıq cinayəti qeydiyyata alıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən il bu göstərici dəqiq rəqəmlərlə 679 faktdan ibarət olub. 2017-ci illə müqayisədə bu, 95 fakt azdır (ötən il 774 cinayət). Ümumilikdə uşaq cinayətləri 12,6 faiz azalıb.

Daxili İşlər Nazirliyinin mütəxəssisləri uşaq cinayətlərinin sayının azalmasını yeniyetmələr və bütövlükdə uğursuz ailələr arasında profilaktik tədbirlərin gücləndirilməsi ilə əlaqələndiriblər.

Bununla yanaşı, həbs cəzasına məhkum edilmiş yeniyetmələrin sayında da 15 faiz azalma müşahidə edilib.

Təbii ki, təqdim olunan rəqəmlər azalmadan xəbər versə də, bu, cəmiyyət üçün tam məqbul göstərici sayıla bilməz. Ona görə də, bu istiqamətdə çağırışlarin dəstəklənməsi, maarifləndirmə tədbirlərinin daha geniş səpkidə həyata keçirilməsi cəmiyyətin sağlamlaşdırılması, gənc nəslin milli ruhda yetişdirilməsi, vətənpərvərlik hisslərinin təbliği üçün zəruri əhəmiyyət kəsb edir.

Ceyhun ABASOV

 





13.03.2019    çap et  çap et