525.Az

Üç yaşına qədər olan uşaqların müavinəti artırıla bilər


 

Üç yaşına qədər olan uşaqların müavinəti artırıla bilər <b style="color:red"></b>

Dünən Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

İclasın gündəliyinə 5 məsələ daxil edilib. Adıçəkilən komitənin sədri Hadi Rəcəbli gündəliyə daxil edilən məsələlər barədə məlumat verərək bildirib ki, buraya kənd təsərrüfatı kooperasiyası, turizm, elektrik stansiyaları, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəşt, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi, dövlət rüsumu, həmçinin, Əmək, Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanun layihələri və digər qanunvericilik aktları daxildir. Komitə sədri bildirib ki, qanun layihələrinin bir çoxu üç oxunuşda müzakirələrdən keçiriləcək. "Bunlar mühüm dəyişikliklərdir".  

Hadi Rəcəbli: "Çox iyrənc elektron müharibə gedir..." 

Komitə sədri sonra deyib ki, hələ Yeni İl təbrikində və Nazirlər Kabinetinin iclasında ölkə prezidenti İlham Əliyev 2019-cu ili sosial islahatlar ili kimi elan edib: "Özünüz də görürsünüz ki, son iki ay ərzində ölkədə sosial müdafiə istiqamətində hansı inqilabi proseslər yaşanır. Əmək haqlarının, pensiyaların, sosial müavinətlərin, təqaüdlərin artırılması, həmçinin, problemli kreditlər məsələsinin və digər məsələlərin həlli məhz bu tarixi, inqilabi proseslərin tərkib hissəsidir. Azərbaycan vətəndaşları da bu siyasəti ürəkdən bəyənir və dəstəkləyir. Onu da deyim ki, bu məsələlər məhz zaman-zaman bizim komitədə dilə gətirilib. Çünki bizim komitə birbaşa bu məsələlərlə bağlı olan bir komitədir. Çox sevindirici haldır ki, bizim zaman-zaman dediyimiz məsələlər də artıq bir-bir həllini tapır. Yəni dövlət başçısı səviyyəsində bu məsələlərə ciddi diqqət yetirilir və zamanı çatanda nəzərə alınır, reallaşdırılır. Amma təəssüfedici məqam odur ki, bizim dediklərimiz bəzi medaia orqanlarda təhrif edilir, başqa səmtə yozulur. Çox iyrənc elektron müharibə gedir. Bu, düzgün hal deyil". H.Rəcəbli həmçinin deyib ki, yaxın zamanlarda 3 yaşına qədər olan uşaqlara sosial müavinətlərin artırılması məsələsinə qayıdıla bilər: "Artıq tapşırıq verilib, müvafiq qurumlar bu məsələ üzərində işləyirlər". 

Elmira Axundova: "Allaha yalvarıram ki, külək əssin" 

"Bakıda ekoloji durum çox ağır vəziyyətdədir. Mən qabaqlar küləyi, Bakı küləyini xoşlamırdım, indi Allaha yalvarıram ki, külək əssin. Yoxsa "qara hava"dan, iydən, qoxudan durmaq mümkün deyil, mümkün olmaz. Mən "Ağ şəhər" deyilən ərazinin yaxınlığında yaşayıram. Amma oraya qara nə varsa, hamısı axıb gəlir. İndi Allahıma şükür edirəm ki, nə yaxşı Bakı küləyi var, yoxsa yaşamaq, hava almaq dözülməz olardı". Bunu isə müzakirələr zamanı millət vəkili, Xalq yazıçısı Elmira Axundova deyib. O, xüsusilə, şadlıq evlərini sərt tənqid edib: "Axı, bu haqda nə qədər demək, yazmaq olar? Hər gün mətbuat yazır, deyir, amma şadlıq evləri "qara işləri"ndən qalmırlar, "qara hava"larını, tüstülərini buraxırlar, ekologiyanı çirkləndirirlər, insanları zəhərləyirlər. Hesab edirəm ki, artıq onlarla bağlı daha sərt tədbirlər görülməlidir. Yaxud Dənizkənarı Parkı götürək. Orada iydən, qoxudan, mazut iyindən durmaq olmur. Bu, hər zaman belə olub, indi də belədir. Artıq həmin parkın da vəziyyətinin yaxşılaşdırılması, ekoloji tələblərə cavab verməsi üçün ciddi işlərin görülməsi lazımdır". 

Dövlət peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslərin təhsil haqqını dövlət ödəyəcək 

İclas zamanı o da məlum olub ki, ölkədə əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqını dövlət ödəyəcək. Belə ki, bununla bağlı "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişiklik edilir. Qeyd edilib ki, qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə təkilf olunan dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bununla yanaşı, H. Rəcəbli bildirib ki, əlilliyin müəyyənləşdirilməsi məsələsi üzərində də işlər davam etdirilir: "Bir ildir ki, bu məsələ üzərində fikir mübadilələri, müzakirələr gedir. Çox müxtəlif variantlar irəli sürülür. Yəni hesab edirik ki, bu məsələ ilə bağlı daha ciddi və daha təkmil qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Hazırda da müvafiq qurumlar, nazairliklər bu işlərlə məşğuldurlar. Amma çox istəyirik ki, bizim dediklərimiz təhrif olunmasın. Bizi artıq təhqirdən də, təhrifdən də, izahat verməkdən də yorulmuşuq. Hər bir məsələ cəmiyyətə olduğu kimi, çatdırılmalıdır". 

Jalə Əliyeva: "Ağa qara deməkdən usanın!" 

Adıçəkilən komitənin üzvü Jalə Əliyeva öz növbəsində deyib ki, Yaxın Şərqdə, Avropada, Qafqazda baş verənlərlə Azərbaycanı müqayisə etsək, nə qədər stabil ölkədə yaşadığımızı görərik: "Ölkəni sevmək, görülən işlərə qiymət vermək lazımdır". J.Əliyeva bildirib ki, son ay yarımda görülən işlər dünyanın heç bir ölkəsində yoxdur. "Hər birinizə səslənirik. Yetər artıq. Ağa qara deməkdən usanın! Ölkəmin hər hansı insanına atılan daş, təhqir məni yaralayır. Ölkəni, dövləti sevmək lazımdır. Son ay yarımda atılan addımlar  dünyanın heç bir inkişaf etmiş ölkəsində  yoxdur. Dünyanın heç bir ölkəsində bu qədər sərəncam imzalanmır, qanunlar qəbul olunmur. Son bir ayda 100-ə yaxın sərəncam imzalanıb. Hər birinin arxasında Azərbaycan insanı dayanır" - deyə, J. Əliyeva sözlərinə əlavə edib. 

İlham Məmmədov jurnalistlərə müraciət etdi... 

Millət vəkili İlham Məmmədov da sosial şəbəkələrdə və bəzi media orqanlarında təhqirlərin, təhriflərin, ölkə, dövlət və dövlət rəhbərliyinin ünvanına qarayaxmaların baş alıb getdiyini bildirib: "Bunlar yolverilməz və qəbuledilməzdir. İnsanların heysiyyatı, şəxsiyyəti, şərəfi ilə oynamaq olmaz. Ölkəmizdə bu qədər işlər görülür, hansı ki, dünyanın heç birində yoxdur. Amma bir qrup insan var ki, bunu görümür və görmək istəmir. Bir kəlmə olsun belə bunlardan danışmırlar. Amma bir balaca problem, nəsə olan kimi, dərhal onu şişirdir, təhqirlərə, qarayaxmalara başlayırlar. Ən pisi də odur ki, dövlətin üzərinə düşür, dövlətə çamur atırlar. Çox istərdik ki, bunlara son qoyulsun, təhqirlər, təhriflər, qarayaxmalar yığışdırılsın".

Kamil HƏMZƏOĞLU

 





13.03.2019    çap et  çap et