525.Az

Yaddaşlarda əbədi yaşayan sənətkar - İsmayıl Şıxlı


 

Yaddaşlarda əbədi yaşayan sənətkar - <b style="color:red">İsmayıl Şıxlı </b>

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği 

2019-cu ilin martın 22-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi tamam olur.

Bu münasibətlə prezident İlham Əliyev İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

***

İsmayıl Şıxlı... Uşaqdan-böyüyə hər kəsin yaxşı tanıdığı, sevərək oxuduğu yazıçı qələmə aldığı əsərləri, bədii yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti ilə öz adını Azərbaycan ədəbiyyatı tarixinə əbədi həkk etdirməyi bacarıb. O, ədəbiyyata yalnız qələmi, sözü ilə deyil, həmçinin, canıyla, qanıyla da xidmət edib. Şeirlə gəldiyi söz sənətində bir nasir kimi davam etməklə qalmayıb, eləcə də, publisist, tənqidçi, araşdırmaçı ədəbiyyatşünas kimi bu elmin inkişafına öz töhfələrini verib, bir pedaqoq kimi öz biliklərini tələbələrinə ötürərək gələcəkdə sanballı, istedadlı və savadlı ədəbiyyatşünasların yetişməsində zəhmətlər çəkib.

Uzun illəri əhatə edən bu çoxşaxəli fəaliyyətinin nəticəsidir ki, Azərbaycan höküməti bütün dövrlərdə onun əsl qiymətini verib, öz fədakar ziyalısına, istedadlı yazıçısına hər zaman sahib çıxıb, onu dövlət səviyyəsində dəyərləndirib. Onun titulları, fəxri adları çoxdur, lap çoxdur. Ancaq onların arasında biri var ki, elə onun özü İsmayıl Şıxlı yaradıcılığını geniş şəkildə əhatə edir. Bu, 1984-cü ildə layiq görüldüyü "Xalq yazıçısı" adıdır. Bunu dövlət bir titul kimi sevimli yazıçısına verib. Ancaq İsmayıl Şıxlının ömür yolu ona sözün əsl mənasında Xalqın yazıçısı deyilməsi haqqını hər birimizə verir.

***

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini Kosalar kəndində başa vuran İsmayıl 1933-cü ildə Qazax pedaqoji məktəbinə daxil olur. Bu mühit onu qələmlə, ədəbiyyatla daha yaxından tanış edir, ürəyinə bitib-tükənməz söz sevgisini salır. Yazıçı müsahibələrinin birində bu faktı belə təsdiqləyir: "Qazax seminariyasına qəbul olub, qələm tərəfə baxmamaq, gizlicə ona sarılmamaq mümkün deyil. Elə bil ki, oranın ab-havası özü adamı dingildədir, canından, qanından söz-söhbət, od-alov qoparmaq istəyir. Ədəbi ocağa bənzəyən hər addımda Firudin bəy Köçərlinin, Əli Hüseynin, Səməd Vurğunun, Osman Sarıvəllinin adı çəkilən bir yerdə hünərin var lal-pitik ol. Üstəlik, ədəbiyyat müəllimlərimizdən S.Vurğunun, O.Sarıvəllinin dostları Mirqasım, Əli, Sarı Hüseyn kimi müəllimlər gənc ürəklərimizi körük kimi basırdılar".

Buradakı üç illik təhsilini başa vurduqdan sonra (1936) bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləyir. Onun ədəbiyyata, sözə bağlılığı, uşaqlıq sevgisi yolunu Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsindən salır. Ədəbi yaradıcılıq yolu da məhz burada, APİ-də tələbə ikən başlayır. İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunur. Özünün də sonralar xatırladığı kimi, ilk şeirinin çapı onun həm sevincli, həm də kədərli günü idi. Çünki gənc İsmayıl bir daha şeir yazmayacağını ürəyinin dərinliyində ağrılı hüznlə dərk edirdi: "Həmin gün mən həm sevinir, həm də kədərlənirdim. Sevinirdim - nəhayət, şeirim çıxdı; kədərlənirdim- heyf ki, bir də şeir yazmayacağam...

... Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra şeirin mənim yemim olmadığını başa düşdüm.

İsmayıl Qəhrəman oğlunun cəmi bircə - "Quşlar" şeiri çap üzü görüb. Şeir həvəsini durna kimi uçurub, köçürüb başqa bir yola göz qoyub".

Onun tələbəlik illəri (1937-1941) Azərbaycan da daxil olmaqla demək olar ki, bütün dünyanın ən çətin zamanlarına düşür. Azərbaycanda repressiyanın tüğyan etdiyi, hər qapıdan, hər ailədən qurbanların  səbəbsizcə "gedər-gəlməzə" göndərildiyi zamanlarda bir də dünya müharibə deyilən alovun ortasında çalxalanmağa başlayır. Universitetin son ilində dövlət imtahanı ərəfəsində bir gün Böyük Vətən Müharibəsinin başlanması xəbəri tələbələrin arasına bomba kimi düşür. O gənclərin içində gələcəyin Xalq yazıçısı İsmayıl da vardı. İndi isə o, tələbə idi və ən yaxın zamanda vətəninin keşiyində dayanacaq əsgər olacaqdı: "Nahar vaxtı idi, yataqxanadakı yeməkxanaya toplaşmışdıq. Deyib-gülür, zarafatlaşır, toyu olanları, nişan taxılanları təbrik edirdik. Divardan asılmış radionun səsinə də əhəmiyyət vermirdik. Şəmistan adlı bir yoldaşım mənə yaxınlaşdı. Səsi titrəyə-titrəyə qulağıma pıçıldadı ki, müharibə başlayıb. İnanmadım, axı almanlarla müqavilə bağlamışdıq. On il bir-birimizə hücum etməməyə söz vermişdik. Belə namərdlik ola bilməzdi... Birdən hiss etdim ki, yeməkxanaya sükut çökdü. Qaşıqlar əldə, xörəklər qabaqda qaldı. Molotov danışırdı..."

İkinci Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) vuruşan İsmayıl Şıxlının həm həyatında, həm də yaradıcılığında cəbhə xatirələrinin mühüm təsiri oldu. O, özü də dediyi kimi, cəbhədə insanlığı, həyatı, dostluğu, varı, yoxu, istini, soyuğu, çətinliklərə, üstünə yağan güllələrə, üzünə gülümsəyən ölümə rəğmən ümid etməyi, vuruşmağı, sabahı gözləməyi öyrəndi. Öyrəndiklərini həm həyatında tətbiq etdi, həm də qələmə alıb milyonlara da öyrətdi.

Müharibənin başladığı gün kimi bitdiyi gün- o böyük Qələbə anı da İsmayıl Şıxlının yaddaşında əbədi iz qoymuşdu: "Katerin radiosundan Levitanın səsini eşitdim: "Düşmən danışıqsız olaraq təslim edilmişdir. May ayının 9-u Qələbə günü hesab olunur". Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Dan yeri qızarırdı. Ətrafa sükut çökmüşdü..."

Müharibədən sonra tərxisin ardından yenidən pedaqoji fəaliyyətinə qayıdan İ.Şıxlı altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyir. Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışır. "Azərbaycan" jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olub. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1991-ci ildə isə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.

***

Dediyimiz kimi, ilk mətbu əsəri şeir olsa da, ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə gəlir.

Bundan sonra XX əsrin 50-ci illərindən etibarən ədəbi mühitdə və mətuatda İsmayıl Şıxlı imzası tez-tez görünməyə başlayır. Nəsrin onun önündə açdığı geniş üfüqlər öz yazıçılıq məharətini, istedadını göstərmək üçün ona xeyli imkanlar yaratdı. Tanınmış yazıçı Mehdi Hüseynlə söhbətlərindən birində onun yalnız gördüklərini, bildiklərini yazmaqla bağlı tövsiyəsi ədəbiyyat yoluna çıraq oldu. Gənc yazıçı bu məsləhəti əsas tutaraq bir-birinin ardınca "Konserv qutuları", "Həkimin nağılı", "Səhəri gözləyirdik", "Kerç sularında", "Haralısan, ay oğlan?", "Raykom katibi", "Daşkəsən" oçerklərini, "Ayrılan yollar", "Dəli Kür", "Ölən dünyam" romanlarını yazdı.

Azərbaycan nəsrində hadisəyə çevrilən "Ayrılan yollar" və "Dəli Kür" romanları onun illər sonra da adının yaşamasına, İsmayıl Şıxlı imzasının hallanmasına səbəb oldu. Dövrün ən çətin zamanlarında "Ayrılan yollar" romanı kimi şəxsiyyətə pərəstişi qamçılayan, həqiqətləri sərt şəkildə əks etdirən əsəri yazmaq müəllifindən qeyri-adi cəsarət tələb edirdi. İsmayıl Şıxlı hər şeydən öncə bu cəsarətin yiyəsi idi. O, həqiqətlərin üzünə dik baxmağı yalanlarla uzun və rahat ömür sürməkdən daha üstün tuturdu.

Çapından dərhal sonra böyük rezonansa səbəb olan, tənqidçilərin diqqətini öz üzərinə çəkməyi bacaran "Ayrılan yollar" romanı müəllifinə iki qat cəsarət və özünəinam gətirdi. O, bu inamın sayəsində Azərbaycan ədəbiyyat tarixinin ən önəmli romanlarından birini- "Dəli Kür"ü qələmə aldı.

"Dəli Kür" mürəkkəb strukturu, mövzu əhatəliliyi, ziddiyyətli obrazlar aləmi və rəvan, axıcı dili ilə illərdir öz aktuallığını qoruyub saxlamağı bacarır.

Professor Buludxan Xəlilov yazır: "İsmayıl Şıxlının "Dəli Kür" romanını yazması onun təkcə yazıçı istedadı ilə bağlı deyil, həm də Kürün gücü, onun sahilində yaşayanların buranın ab-havasına uyğun gəlməsi, uşaqlıqdan başlayaraq gördükləri və hafizəsində yaşayan hadisələrə dərin bələdçiliyi və digər səbəblərlə bağlıdır. Məncə, hər şeydən əvvəl əsərə belə bir ad seçməsi dağların döşündən, çaylardan, bulaqlardan qanad alan Kürün əzəməti ilə bağlıdır. Bəndlərə, bərələrə tabe olmayan Kürün yaxşı mənada Dəli təbiəti ilə bağlıdır. İkinci bir tərəfdən uşaqlıqdan ilk gördüyü çaylardan birinin Kür olması onun beynində "Dəli Kür" adlı bir obraza dərin məhəbbət yaradıbdır".

***

Pedaqoji fəaliyyəti dövründə İsmayıl Şıxlı rəsmiləşməmiş, ancaq həmkarlarının və tələbələrinin yaddaşında yaşayan, bütün zamanlarda örnək olacaq "İsmayıl Şıxlı" təqaüdünü də təsis etmişdi. O, bu təqaüd sayəsində öz halal əmək haqqı ilə qayğıya ehtiyacı olan tələbələrinə yardım edirdi. Amma o, bu yardımı elə edirdi ki, bundan tələbələri ancaq illər sonra xəbər tutmuşdular.

APİ-nin Xarici ölkələr ədəbiyyatı kafedrasına rəhbərlik edən İ.Şıxlı müəllimi Əli Sultanlının izilə gedərək bu fənni tələbələrinə sevdirməyi bacarmışdı. O, fənnin daha mükəmməl tədrisi üçün özü də xarici ədəbiyyatdan tərcümələr edir, ədəbiyyat siyahısını daha da zənginləşdirirdi. Həmin dövrdə Ə.Sultanlının mühazirələrindən başqa istinad olmadığından o, 1970-ci ildə "XVIII əsr xarici ədəbiyyat tarixi" adlı dərs vəsaitini (M.Ə.Tahirli, M.B.Həyatzadə ilə birgə), 1974 - cü ildə "XX əsr xarici ədəbiyyat tarixi" adlı kitabını yazdı. Bu kitabda fransız, alman, ingilis, Amerika və Skandinaviya ölkələri ədəbiyyatı (Norveç, İsveç, Danimarka) özünə xüsusi yer aldı.

İ.Şıxlı "XIX əsr xarici ədəbiyyat tarixi"ni rus dilindən tərcümə edərək 1964-cü ildə çap etdirmişdi. Bu kitabda XIX əsrin romantizm və tənqidi realizm kimi iki əsas cərəyanı alman, ingilis, fransız, polyak, macar və digər ədəbiyyatların əsasında təhlil olunur.

Onun yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tuturdu. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın, Türkiyəli yazıçı Əziz Nesinin "Taxtalıköydən məktublar" sərlövhəli satirik hekayələrini ilk dəfə 1980-ci illərdə tərcümə edərək azərbaycanlı oxucuya təqdim etmişdi.

***

O cümlədən, İsmayıl Şıxlı ictimai xadim olaraq da hər zaman xalqının, oxucularının arasında olub, onların problemləri ilə şəxsən tanış olub, onların həlli yollarında səylərini əsirgəməyib. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986-1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968-1970), Azərbaycan KP MK-nın (1986-1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdi.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdi.

"Qızıl Ulduz", "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri və medalların, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanının və Azərbaycan Respublikasının "Şöhrət" ordeninin sahibi Xalq yazıçısı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Sağlığında gördüyü işlər, özündən sonra qoyub getdiyi zəngin irs ölümündən sonra da İsmayıl Şıxlı adının təkcə bir ədəbiyyatçı, yazıçı kimi deyil, xalqını sevən, onun savadlı və firavan gələcəyi naminə çalışan əsl vətəndaş kimi Azərbaycanla qoşa çəkilməsinə gətirib çıxarır.

Şahanə MÜŞFİQ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

 





13.03.2019    çap et  çap et