525.Az

Dərdlə doğmalaşan şair


 

SABİR SARVANIN ƏZİZ XATİRƏSİNƏ

Dərdlə doğmalaşan şair<b style="color:red"></b>

Elə də
   uzun bilmə
Ələ düşən həyatı,
Bir
  sinəlik ağrıdı,
Bir
   çəkimlik bayatı.
Gerçək şair
   ömrünü
Dörd misraya
   sığışdıra biləndi.
Qalan
   nə var boş şeydi,
Qalan
   hər şey yalandı.
 
Qu quşları ömürdə bircə dəfə nəğmə oxuyurlar, tək bircə dəfə; ölümqabağı. Şairlərsə ömürboyu.
O da bütün şairlər kimi, dünyaya sözün bətnindən gəldi, yuxusunda sözü ona buta verdilər, sözə göbəkkəsmə olub, sözə könül bağladı. O da başqa uşaqlar kimi, hər gün bir arpa boyda boy atdı. Günəbaxanlar boy atdıqca günəşə boylanan kimi, o da dərdə üz tutub, dərdə aşina oldu. Onda sözün nə olduğunu bilmirdi bəlkə də və sözün onu haralara aparıb çıxaracağından xəlvət, xəbərsiz nənəli-nağıllı, bayatılı, ağılı, ağrılı-acılı dünyada yaşayırdı. Tez böyüyüb bu dünyanı tanımaq, Allahla görüşüb o qadının-nənəsinin ağrı-acılarını, dərdlərini şeir dilində ona çatdırmağa tələsirdi:

Elə ağlatdı ki, taleyim məni
Çeşmələr qurutdum
     hər daşın altda.
Başıma o qədər daş yağdı göydən
Axırda gizləndim
      bu daşın altda.

Amma nə bilsin ki, qarşıda onu öz taleyilə, bu dünyayla daha betər qovğalar, daha betər qallar gözləyir:     
 
Seçkin bəndəyəmmiş, dərd məni tapdı,
Dost-tanış, yar-yoldaş, yaxın içində.
Yaşa qismətinlə verib baş-başa
Ümudun gözündə, qorxun içində.

O, bu dünyaya hamı kimi ağlaya-ağlaya, istəmədən gəlmişdi və bu dünya adamı ola bilməməyinin əziyyətini çəkirdi. Onu sözün köynəyindən keçirib, sözə də övlad eləyən Tanrı bircə özü bilirdi onu niyə yaratdığını, ağrılara niyə simsar, sirdaş elədiyini.

Sabir Sarvan göylərin yerə söz əmanətiydi. Öz ömrüylə bərabər, söz ömrü yaşayıb, tanrının boyuna biçdiyi boyundan, cüssəsindən böyük dərdləri çiyninə alıb söz yolçuluğuna çıxmışdı:

Düşdüm söz sevdasına
Çalxandıqca duruldum.
Dostlarım qaşa - gözə
Mən sözlərə vuruldum.

Heç vaxt Tanrısından, taleyindən şikayətçi olmadı. Dünya onu sıxdıqca, dərd onu əzdikcə dikəlib Tanrıya üz tuturdu. İnsan Allahla bərabər günahların da quludu. O, təkbaşına qalanda, daldaya çəkilib bilərəkdən, bilməyərəkdən elədiyi günahlar üçün Tanrısına tövbə də eləyirdi:

Ey ruhumun yiyəsi,
ey uca gerçək,
Var etdiyi hər şeydə
bulunan Tək.
Duyduqca könlümdə səni
yaxına gəldim.
Dərgahına gəldim.
Gəldim ki, ürəyim yandı ahımdan,
Olmuş sənə şəkkim,
       ya rəbb,
keç günahımdan.

Çox səmimi adam idi. Ürəyi ovcunun içində, dilinin ucunda. Həmişə əzilənin tərəfində dururdu, əzənin deyil. Başına min cür bəlalar açan həqiqətindən heç vaxt əl çəkmirdi, haqqa doğru gedirdi; qarşısına çıxan yalanların, dolanların, böhtanların, olanların, olmazların acığına. Onun üçün ədəbiyyatda "Mən" yox idi, "Mən"də ədəbiyyat var idi. Gözəl sözün, gözəl şeirlərin divanəsiydi. Gözəl söz görəndə ikiəlli dizinə çırpar, əziz-giramisi kimi bağrının başına basıb, gözünün üstündə gəzdirib, dilinin əzbəri edərdi. Bütün gözəl şeirlər, bütün gözəl şairlər onun əzizi, doğması idi.

Nə qədər mühafizəkar idisə, o qədər müasirdi. O, ədəbiyyatda bir qolu, bir xətti tutub getmirdi. Amma milli-mənəvi dəyərlərimizə daha çox önəm verirdi.

Birdən dünyadan inciyib - küsən vaxtları da olurdu. Onda da öz dünyasına çəkilər, sözə sığınıb, sözdə təsəlli tapardı. Heç kəsə ağrı-acılarından söz etməzdi. Özündən, ömründən yekə dərdləri yumruq boyda ürəyinə sıxıb, əzizləyə-əzizləyə heç dərdi yoxmuş kimi çıxardı adamların üzünə. Sabir Sarvan dərddən tox adam idi, toxtamış adam idi. Dərdə o qədər alışmışdı ki, dərd də ona doğma olmuşdu, dərdlə doğmalaşmışdılar. Hərdən onunla zarafatlaşmağı da olurdu:

"Dərdi ələ salmasan, dərd səni əldən salar" - deyirdi.

Üzünü tanıyan adamların hərdən ona bəxtəvər kimi baxanı da olurdu, o boyda dərdi vecinə almır deyəni də. Amma gözünün içinə düz baxanlar gözündən, könlündən qocaldığını yaxşı duyurdular, anlayırdılar:

Gözümün içinə yaxşı bax, ay dost,
Siz də duymasanız, kim duyar məni.
Dostların saçını ağartdı, amma,
Gözümə ağ saldı bu rüzgar mənim, -
Gözümün içindən qocalmışam mən.

Dostcanlı adam idi. Barışa bilmirdi dost itkiləri ilə, heç cür alışa bilmirdi dostların ayrılığına. Yaxın dostu, gözəl ədəbiyyatşünas, tənqidçi Arif Əmrahoğlunun vaxsız gedişi xətrinə yaman dəymişdi, ürəyinə çox toxunmuşdu. Yandırıb kül eləmişdi onu:

Əlvida, Əmrahoğlu
Dosta yaraşıq kişi.
Çöhrəsu nur məskəni,
Ürəyi işıq kişi.

Yoxsan, düşünürəm ki,
İnsan - quru sədamı?
Fikrimdə ad qoymuşdum
Sənə: "Barış adamı".

Bu dünyada dərdiş deyə müraciət elədiyi, sirrini bölüşdüyü, doğma bildiyi, kövrələndə könlünü qubarlandıran acılarını paylaşdığı, çox istədiyi, yaxın bildiyi bir dostu da vardı; Məmməd İlqar. Tab gətirmədi hər zaman güvəndiyi Məmməd İlqarın etibarsız çıxıb, ona yad olan yaddaşsızlığına. Dünyasını dəyişməmişdən bir ay qabaq yazmışdı bu şeiri:

Mənim təcnis dostum
    gəraylı dostum.
Yaddaşı ilqarsız
      ilqarlı dostum.
Yenə səhərəcən
     səni düşündüm
Yenə ürəyimdən
      qara qan axdı.
Sənin yaddaşının
      itdiyi gündən
Mənim bütün dostlar
     yadımdan çıxdı.
 
Sabir Sarvan heç kəsə kin bəsləmirdi. Ona qarşı ən böyük günah işləmiş adam üçün də bir bəraət yeri tapmağa çalışırdı və maddi nəsnələrin fövqündə durmağı bacaran "Mərtəbəsi hündür, nəfsi şikəstə" kişilərdən idi.

Hələ bu dünyada yaşaya-yaşaya bu qənaətə gəlmişdi:

Var olmağın cəfaları çox imiş,
Yox olmaqdan gözəl heç nə yox imiş.

Sən var ola-ola yoxluğun gözəlliyini hardan bilirdin, necə duyurdun, zalım adam?! Şair ruhu həssas olur, hər şeyi quruluyan kimi çəkir, hopdurur özünə. Bəlkə də bu göylərin hikmətiydi, göylərin işiydi, bilmirəm. Sağlığında Vəsiyyətini də etmişdi:

Məni kəndimizdə basdırasınız,
Bir az yola yaxın, hənirə yaxın.
Bitər qəbrim üstə küskün bənövşə,
Gələr qulağıma şırşırı arxın.

Onun qismətinə şair olmaq yazılmışdı. Şair doğulmaq, şair kimi yaşayıb, bu dünyadan elə şairanə köçmək.
Sabir Sarvan sözün təəsübünü çəkən, sözün qulu, sözünün ağası idi. Sözün üstündə yumruq davasına kimi gedib çıxa bilərdi. Bu da onun öz həqiqətiydi. Çünki sözə o qədər simsardı ki, söz də ona sığınmışdı, öz sirrini ona açmış, ona pıçıldamışdı. O, sözün ağrıyan, əzilən, sınan yerini bilirdi. Sözün yaralarına məlhəm qoyur, tozunu silir, sözün nazıyla oynayıb, könlünü alırdı. Sözə biganəlik görəndə isə ya hirslənib özündən çıxırdı, ya da sözə ağı deyirdi:

Qalsın!
   Yalanlara qalsın bu dünya,
Mən gərək urvatlı tez çıxım gedim.
Alındı göydəki taxtı əlindən,
Salındı ayağa söz,
       çıxım gedim.

Bəlkə ona görə bu dünyadan tez getdi, sözü urvatsız eləyənlərin, sözü ayağa salanların dünyasında yaşamaq istəmədi, ya bacarmadı, ya da yaşamağa gücü, səbri çatmadı.
O, sözün üstündə ana balasının üstündə əsəntək əsirdi:

Mən sözün üstündə elə əsmişəm,
Heç anam üstümdə elə əsməyib

- deyirdi.

Və bir həqiqətə - sözün də ona sadiq olacağına ölüm kimi inanırdı:

Ruhumun binəsi yoxdu
Duracaq xanəsi yoxdu,
Sözdən o yanası yoxdu
Sözdən o yana mən varam

- deyirdi.

Sabir Sarvan SÖZ ömrü yaşadı və öz ömrünü yeddi kitablıq şeirə çevirib söz adamlarına, dostlara əmanət qoyub getdi. Yeddi onun ən çox sevdiyi rəqəm, bənövşə isə ən çox sevdiyi çiçək idi.

Zamanı gələndə,
  göylərdən gələr
Ruhuma ruzudu mənim yazdığım.
Bir azca saralıb - solan qürubdu,
Bir az dan üzüdü mənim yazdığım.

Sabir Sarvanın xarakterində bir ağayanalıq, bəylik, bəyzadəlik vardı. O, nəinki dərdə, heç bu dünyanın özünə, ölümə belə əyilmədi. Ölümüylə də ölümə şərəf gətirdi. Gəldiyi kimi də dünyadan ağayana çıxıb getdi. Dostları, doğmaları həsrətinə yalavac elədi...

Gülnarə CƏMALƏDDİN

 





13.03.2019    çap et  çap et