525.Az

"Qazprombank"ın investisiya imkanlarına dair biznes-seminar keçirildi


 

"Qazprombank"ın investisiya imkanlarına dair biznes-seminar keçirildi<b style="color:red"></b>

Dünən Bakıda İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun, Azərbaycan-Rusiya İşgüzar Şurasının və Rusiyanın "Qazprombank"ının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes-seminar keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.

Biznes-seminarda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu, dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb.

Nazir qeyd edib ki, təkcə son 10 ildə hər iki ölkə sahibkarlarının iştirakı ilə 60-dan çox tədbir keçirilib. Bu ilin fevralında Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin ölkəmizə səfəri çərçivəsində Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş" şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu" şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının fəaliyyəti iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ümumilikdə, hazırda Azərbaycanda Rusiya kapitalı 700-ə yaxın müəssisə sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə uğurla fəaliyyət göstərir. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,2 mlrd. dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1 mlrd. dollardan çoxdur.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya arasında bir çox sahələrdə, o cümlədən enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivli istiqamətlərdir.

Vurğulanıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faizədək artaraq 2,55 milyard dollar təşkil edib.

Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şaxələndirilməsi üçün bir sıra tədbirlər görülür.

İqtisadiyyat naziri birgə reallaşdırılan layihələrin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini, "Qazprombank"ın ölkəmizdə uğurla fəaliyyətini qeyd edib.

"Qazprombank"ın İdarə Heyəti sədrinin müavini Famil Sadıqov təmsil etdiyi maliyyə qurumunun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. F.Sadıqov "Qazprombank"ın Azərbaycandakı fəaliyyəti barədə məlumat verib, SOCAR-la uğurla əməkdaşlıq edildiyini, Bankın bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. Famil Sadıqov qeyd edib ki, hazırda "Qazprombank" Azərbaycanda kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə layihələr üzrə əməkdaşlıq imkanlarını araşdırır.

Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov "Qazprombank"ın Azərbaycanda uğurlu fəaliyyətini vurğulayıb, biznes seminarın əhəmiyyətini qeyd edərək Şuranın ikitərəfli iqtisadi əlaqələrin inkişafında bundan sonra da fəal iştrak edəcəyini diqqətə çatdırıb.

Biznes-seminarda "Qazprombank"ın fəaliyyəti barədə video-çarx nümayış olunub, əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.

C.ABASOV

 





13.03.2019    çap et  çap et