525.Az

UNESCO-nun rəsmi nəşrində Azərbaycan haqqında material yerləşdirilib (Foto)


 

UNESCO-nun rəsmi nəşrində Azərbaycan haqqında material yerləşdirilib<b style="color:red"> (Foto)</b>

BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Ümumdünya İrs Mərkəzinin rəsmi nəşri olan “World Heritage Review” jurnalının ardıcıl olaraq 2013-cü il üzrə 2-ci və 3-cü rüblük nömrələrinin arxa üz qabığında “Azərbaycan – odlar yurdu” sərlövhəli material nəşr edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veridən məlumata görə, “World Heritage Review” jurnalı ingilis, fransız və ispan dillərində olmaqla ildə 4 dəfə nəşr edilir. Böyük Britaniya və Şimali İrlandiya Krallığının “PFD” şirkəti (Publications for Development) bu dərginin istehsalı və reklamın təşkili üzrə UNESCO-nun Ümumdünya İrs Mərkəzinin rəsmi tərəfdaşıdır. Dərginin hər buraxılışı təxminən 10 min nüsxədə çap edilir və Ümumdünya İrs Mərkəzinin üzvləri, UNESCO-nun milli komissiyaları, ayrı-ayrı ölkələrin mədəniyyət və turizm nazirlikləri, ixtisaslaşmış turizm sərgiləri və fərdi abunəçilər arasında yayılır. Nəşrin elektron versiyası isə Ümumdünya İrs Mərkəzinin elektron xidmətlərindən istifadə edən 90 min ziyarətçiyə göndərilir və hər ay 600 minə yaxın ziyarətçinin baş çəkdiyi Ümumdünya İrs Mərkəzinin elektron ünvanında yerləşdirilir.

Dərginin arxa üz qabığı üçün qurulmuş kompozisiyada ölkəmizin odlar yurdu qismində qədim və müasir simvolları hesab olunan “Atəşgah məbədi” və “Bakı Alov qüllələri” kompleksi iri planda əks edilib, UNESCO-nun Ümumdünya İrsinin ilkin siyahısında yer alan “Atəşgah məbədi” haqqında ətraflı məlumat təqdim edilib.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının “PFD” şirkəti arasında əldə olunmuş razılaşmaya əsasən, əməkdaşlığın yaxın müddətdə daha da iri miqyasda inkişafı nəzərdə tutulub.

S.ABDULLAYEVA

 

 





18.09.2013    çap et  çap et