525.Az

Şəhid ailələrinə yeni güzəştlər ediləcək


 

Şəhid ailələrinə yeni güzəştlər ediləcək<b style="color:red"></b>

"Azərbaycan son illər dinamik inkişaf yolundadır. Həyata keçirilən islahatlar insanların sosial vəziyyətini yaxşılaşdırmağa yönəlib. Azərbaycanın hərtərəfli inkişafı nəzərdə tutulan əsas məqsəddir. Bu məqsəd də vətəndaşların daha yaxşı yaşamasına, onların təhlükəsizliyinin təmin olunmasına, potensiallarını Azərbaycanın inkişafına yönəldilməsinə istiqamətlənib".

Bu fikirləri Milli Məclisin (MM) sədr müavini, parlamentin İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova rəhbərlik etdiyi komitənin dünən keçirilən iclasında səsləndirib.

Azərbaycanda çox böyük iqtisadi layihələrin reallaşdırıldığını deyən B.Muradovanın sözlərinə görə, görülən işlər nəticəsində böyük yol qovşaqları, körpülər çəkilir, müxtəlif infrastruktur layihələri, ətraf mühitin sağlamlaşdırılması istiqamətində, enerji layihələri həyata keçirilir: "Bu fəaliyyət nəticəsində isə ətraf mühitə müsbət və mənfi təsirlər olur ki, bu da nəzərə alınmalı, onların qarşısının alınması, müsbət təsirlərinin genişləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir. Belə olan halda isə bəzi qanunlara dəyişiklik etmək zərurəti yaranır". O qeyd edib ki, Prezident İlham Əliyevin MM-ə müxtəlif paketlərlə göndərdiyi qanun layihələrinə nəzərdə tutulan dəyişikliklər də bu məqsədi daşıyır.

Qeyd edək ki, komitənin gündəliyinə müzakirə olunması üçün 4 məsələ daxil edilib.

İlk olaraq iclasda "Ekoloji təhlükəsizlik haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Avtomobil yolları haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında", "Aviasiya haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Bildirilib ki, dəyişikliklər "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunun icrası məqsədilə edilir. İkinci sənəd "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri (birinci oxunuş) idi. Qeyd edilib ki, dəyişiklik "Təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Mühasibat uçotu haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinə nəzərdə tutulan düzəlişlər isə "Peşə təhsili haqqında" qanuna uyğunlaşdırmaq məqsədi ilə həyata keçirilir. Dəyişikliklərə əsasən şəhid ailələrinin üzvlərinə yeni güzəştlər ediləcək. Belə ki, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər. Bundan başqa, yüksək texniki peşə təhsilini bitirən məzunlara subbakalavr peşə-ixtisas dərəcəsi veriləcək. Layihəyə əsasən, peşə təhsili müəssisələrində tam orta təhsil üzrə təhsilverənlərin sertifikatlaşdırılması, digər işçilərin isə attestasiyası keçiriləcək. Həmçinin məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə icazə veriləcək. Qüvvədə olan qanuna əsasən, indiyə qədər təhsil müəssisələrindən yalnız dövlət icbari ümumi orta təhsil müəssisələrinin özəlləşdirilməsi qadağan edilib. Dəyişikliyə görə, bundan sonra məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi qadağan ediləcək. Başqa sözlə, dövlət icbari ümumi orta təhsil müəssisələri ilə bərabər, dövlət ali məktəbləri, orta ixtisas və peşə təhsili müəssisələrinin də özəlləşdirilməsi qadağan olunur. İclasda həmçinin, "Kommersiya sirri haqqında", "Banklar haqqında", "Mühasibat uçotu haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqıda", "Qiymətli metallar və qiymətli daşlar haqqında", "İnformasiya əldə etmək haqqında", "Daxili audit haqqında" və "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinə də baxılıb və təklif edilən dəyişikliklər müsbət qarşılanıb.

Müzakirələrdə iştirak edən deputatlardan Hikmət Babaoğlu, Elman Nəsirov, Sona Əliyeva, Tahir Kərimli, Yevda Abramov çıxış edərək qeyd edibilər ki, ölkə prezidenti daim şəhid ailələri, müharibə veteranları, qaçqın və məcburi köçkün ailələrinə hər zaman xüsusi diqqət göstərib. Bu dəyişikliklər də həmin kateqoriyalara aid olan insanlara dövlətin göstərdiyi qayğının bariz nümunəsi, sosial siyasətin real təzahürüdür.

"Özümüz üçün aydınlaşdırmalıyıq ki, bu qanunu qəbul edəndə nəyə nail oluruq. Doğrudanmı, ekoloji tarazlığı qoruyacağıq, doğrudanmı, bu, effektiv bir qanun olacaq?" Bunu isə millət vəkili Hikmət Babaoğlu "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi ilə bağlı dilə gətirib. O, adıçəkilən qanuna və həmin qanuna uyğunlaşdırılması nəzərdə tutulan digər qanunlara dəyişikliyin ekoloji ekspertizanın tətbiq edilməsi ilə bağlı olduğunu söyləyib: "Yoxsa bu, müxtəlif növ fəaliyyətlə məşğul olan vətəndaşlarımız üçün bir bürokratik baryer olacaq? Biz bu məsələdə diqqətli olmalıyıq. Ona görə də hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və mütəxəssislərin iştirakı ilə bu məsələni bir daha müzakirə edək. Görək, bunların arqumenti nədən ibarətdir".

B. Muradova öz növbəsində bildirib ki, bu məsələlər "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun qəbul edilərkən müzakirə olunub:

"Nazirliyin nümayəndələri də həmin qanunun qəbulu zamanı müzakirələrdə iştirak ediblər. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun həm parlamentin komitələrində, həm də parlamentin plenar iclasında müzakirə olunub, qəbul edilib. Artıq "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunun icrasını tətbiq etmək məqsədilə yeni qanunun digər qanunlarda əksini tapması prosesini həyata keçiririk. Bu dəyişikliklər qanunların uyğunlaşdırılması məqsədilə həyata keçirilir. Mən hesab etmirəm ki, burada hansısa şübhə doğuran məqamlar var. Biz ətraf mühiti qoymaq üçün qaydaları sərtləşdirsək də, qanunun birbaşa icrası prosesində arzuedilməz hallar baş verməyəcək. Amma əlbəttə, hansısa subyektiv amillər ola bilər. Bütün cəmiyyətlərdə də bu hallar mövcuddur".

Müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

 





14.03.2019    çap et  çap et