525.Az

İki nazirlik qanun layihəsinə müsbət rəy verdi


 

İki nazirlik qanun layihəsinə müsbət rəy verdi<b style="color:red"></b>

"Ümumi təhsil haqqında" qanun layihəsi ilə bağlı işlər bir ildən çoxdur ki, gedir. Artıq qanun layihəsi iki oxunuşdan keçirilib.

Qanun layihəsini həm Maliyyə, həm Təhsil  Nazirliyinə rəy verilməsi üçün göndərmişdik və qeyd edim ki, hər iki nazirlikdən də müsbət cavab, rəy almışıq". Bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli dünən adıçəkilən parlamentin iclasında "Ümumi təhsil haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı dilə gətirib. O, qeyd edib ki, artıq qanun layihəsi parlamentin plenar iclasında üçüncü oxunuşda müzakirələrə tam hazırdır: "Biz bu qanun layihəsini plenar iclasa tövsiyə edə bilərik". 

Repetitorluq necə aradan çıxacaq? 

Komitə sədri sonra deyib ki, "Ümumi təhsil haqqında" qanun layihəsinin üçüncü-sonuncu oxunuşunda bəzi dəyişikliklər də edilib. Onun sözlərinə görə, əsas anlayışlarla bağlı 14 müddəa qanun layihəsindən çıxarılıb: "Biz o anlayışları layihənin daha asan anlaşılması üçün daxil etmişdik. Üçüncü, əsas oxunuşla əlaqədar o anlayışlar artıq layihədən çıxarılıb". Komitə sədri həmçinin nəzərə çatdırıb ki, dövlət başçısının sərəncamları ilə müəllimlərin əməkhaqqının artırılması, orta məktəblərdə təmayül qruplarının yaradılması repetitorluq institutunun ləğvində böyük rol oynayacaq.

Adıçəkilən komitənin sədr müavini, BDU-nun professoru Bəxtiyar Əliyev də qanun layihəsinin plenar iclasa tövsiyə edilməsinin vacibliyini bildirib: "Qanun layihəsi çox mükəmməl şəkildə hazırlanıb, ötən müddətdə də onun üzərində xeyli təkmilləşdirmələr aparılıb. Onu da deyim ki, ümumi təhsillə bağlı bu ilk qanun layihəsidir. Azərbaycanda indiyə kimi bu yöndə belə bir qanun olmayıb, hətta, sovetlər dövründə belə. Ona görə bu sənədi üçüncü oxunuşa tövsiyə etmək olar".

Millət vəkili Musa Qasımlı öz növbəsində qanun layihəsinin dilinin  mükəmməlliyinə və sadəliyinə diqqət çəkib: "Bu qanunda bir dənə də olsun, əlavə nəsə yoxdur. Qanun layihəsinin dili çox mükəmməl, çox sadə və çox anlaşıqlıdır". 

Sona Əliyeva autizmli uşaqların məsələsini gündəmə gətirdi... 

"Azərbaycanda 6 minə yaxın autizmdən əziyyət çəkən uşaq var". Bunu isə deputat Sona Əliyeva bildirib. Millət vəkilinin dediyinə görə, "Xüsusi təhsil haqqında" qanunda autizmdən bəhs olunmur. Xanım deputat qeyd edib ki, autizmə ağırlıq dərəcəsinə görə 4 dərəcə daxildir. "Bu uşaqlar necə təhsil almalıdır, xüsusi, yoxsa inklüziv təhsillə təmin olunmalıdır? Artıq autizmdən əziyyət çəkən uşaqlarla bağlı işi Təhsil Nazirliyi, yaxud Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi aparmalıdır" -deyən millət vəkilinin sözlərinə görə, Azərbaycanda bu uşaqlarla bağlı reabilitasiya mərkəzi yoxdur. S.Əliyeva bildirib ki, bununla bağlı dövlət orqanlarının düşünməsinə ehtiyac var: "Dünyada aparılan statistika göstərir ki, gələcəkdə hər 10 uşaqdan 3-ü autizmdən əziyyət çəkəcək. Hazırda ABŞ-da hər 150 uşaqdan 1-i, Böyük Britaniyada hər 100 uşaqdan biri autizmdən əziyyət çəkir".

İ.Həbibbəyli də millət vəkilinə cavabında deyib ki, bu 6 min uşağın hamısı təhsildən kənarda qalmır. Komitə sədri qeyd edib ki, təhsildən kənarda qalanlar onların onda biri qədərdir: "İnklüziv təhsilin bütün formalarına dövlət tərəfindən təminat verilir. İkincisi, bu gün komitədə müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" qanunda evdə təhsillə bağlı müddəalar var. Burada problem qanunda yox, işin təşkili ilə bağlı müəyyən maneələrdədir. Azərbaycanda inklüziv və evdə təhsil yolu ilə bu uşaqların təhsil problemini həll etmək olar. Bunu sadəcə, məsuliyyətlə həyata keçirmək lazımdır".

Təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı ayrıca qanun olacaq 

Müzakirələrin sonunda qanun layihəsi plenar iclasın üçüncü oxunuşuna tövsiyə olunub. Daha sonra İ.Həbibbəyli məlumat verib ki, təhsil müəssisələrinin akkreditasiyası ilə də bağlı ayrıca qanun olacaq. "Yeni qanun layihəsində təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı bir çox məsələlər öz həllini tapacaq" - deyən, komitə sədrinin bildirdiyinə görə, yaxın vaxtlarda həmin qanun layihəsi ilk variantda və komitə səviyyəsində müzakirəyə çıxarılacaq. "Hesab edirik ki, belə bir qanun layihəsinə də ciddi ehtiyac var. Bu sənəd də təhsilimizin inkişafına gələcəkdə öz töhfələrini verə bilər və verəcək" - deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





14.03.2019    çap et  çap et