525.Az

"Rusiya-Azərbaycan münasibətlərində süni gərginlik yaradılır"


 

"ÖLKƏMİZƏ BURAXILMAYAN BİR NEÇƏ ERMƏNİ MƏNŞƏLİ VƏTƏNDAŞINA GÖRƏ RƏSMİ MOSKVA BƏYANAT YAYIMLAMAYA BİLƏRDİ"

"Rusiya-Azərbaycan münasibətlərində süni gərginlik yaradılır"<b style="color:red"></b>

"Xarici işlər naziri Elmar Məmmədyarov martın 7-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu qəbul etdi. Nazir səfirlə görüşdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti haqqında danışdıqdan sonra keçdi əsas məsələyə: "5-6 martda Moskvada Azərbaycan torpaqlarını işğal etmiş separatçıların və Rusiyanın dövlət rəsmilərinin iştirakı ilə "Lazarev klubu"nun növbəti iclası keçirilib. Bu iclas Azərbaycanın etirazına səbəb olub".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, E.Məmmədyarov səfirlə görüşdə onu da qeyd edib ki, hələ ötən ilin sonunda İrəvanda keçirilmiş sözügedən klubun ilk iclasına qondarma rejim nümayəndələrinin dəvət edilməsi, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribat xarakterli çıxışların səsləndirilməsi ilə bağlı narazılığımız Rusiya tərəfinə çatdırılıb. Nazir bildirib ki, bu cür hallar Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin əsaslarını müəyyən edən normativ hüquqi bazaya, habelə Rusiyanın vasitəçi roluna ziddir: "Görünür, rəsmi Bakının kəskin etirazı və bu etirazın Rusiyanın Azərbaycandakı səfirinə bildirilməsi Moskvanın xoşuna gəlməyib. Çünki məhz bundan sonra Moskva iki addım atıb. Birincisi, Moskvada qəfil əsasən azərbaycanlıların çalışdığı ticarət mərkəzlərində polis yoxlamaları həyata keçirilib. Bu Moskvanın illərdir sınaqdan keçirdiyi siyasətdir. Moskva qonşu dövlətlərin hər hansı birinin siyasətindən narazı qaldığı halda, həmin ölkənin Rusiyada çalışan vətəndaşlarının kütləvi yoxlamalarına başlayır. Bu, Moskvanın həmin dövlətə mesajıdır ki, istənilən an həmin işçiləri "qanunsuz miqrasiya" adı altında Rusiya ərazisindən çıxara bilər. 2008-ci ildə Rusiya Gürcüstana müdaxilə etdikdə Moskvada gürcü işçilərin kütləvi həbsi həyata keçirilmişdi. İkincisi, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycana səfər etməyi düşünən vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı bəhanəsi ilə erməni xalqına birbaşa və dolayı aidiyyəti olan bütün xarici vətəndaşları ölkəyə buraxmır. Bəyanatdakı ifadələr kəskinliyi ilə diqqəti çəkir: "Rusiya Federasiyası vətəndaşlarına qarşı etnik mənsubiyyətə görə diskriminasiya hərəkətlərinin yolverilməzliyi barədə Azərbaycan tərəfinə dəfələrlə etdiyimiz müraciətlər qulaqardına vurulur. Bu səbəblə, Rusiya vətəndaşlarına təkidlə tövsiyə edirik ki, Azərbaycan Respublikasına səfər planlaşdırarkən bütün mümkün riskləri nəzərə alsınlar".

Politoloq hesab edir ki, Rusiya Xarici İşlər Nazirliyinin bu bəyanatı iki ölkə arasındakı əməkdaşlığın əleyhinə yönəlib: "Halbuki iki dövlət arasında iqtisadi əməkdaşlıqda problem yoxdur. Elə bu bəyanatın yayıldığı gün Bakıda iki ölkənin ticarət əməkdaşlığı və qarşılıqlı investisiyalar barədə toplantısı keçirilirdi. Azərbaycana ən çox turist Rusiyadan gəlir. İndi isə Rusiya Xarici İşlər Nazirliyi vətəndaşlarına bildirir ki, Azərbaycana getməyin. Bu, həm də "Azərbaycanın gəlirlərini artırmayın" deməkdir. Moskva vaxtilə eyni siyasəti Türkiyəyə qarşı istifadə etmişdi. Rusiya-Türkiyə münasibətlərinin gərgin olduğu dövrdə Rusiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına müraciət edərək Türkiyəyə getməməyi məsləhət bilmişdi".

E.Şahinoğlu bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər süni olaraq gərginləşdirilir: "Kreml erməni separatçılarının Moskvada toplantısına icazə verməyə bilərdi. Digər tərəfdən Azərbaycana buraxılmayan bir neçə erməni mənşəli Rusiya vətəndaşına görə Rusiya Xarici İşlər Nazirliyi kəskin bəyanat yayımlamaya bilərdi. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı və digər soyqırımlar törədilib. Bu baxımdan Azərbaycana gələn istənilən erməni təhlükəsizlik problemləri ilə üzləşə bilər. Buna baxmayaraq, son illər ərzində Azərbaycana müxtəlif ölkələrdən ermənilər gəlib. Sadəcə, bu haqda onlar Azərbaycanın dövlət strukturlarına əvvəlcədən xəbər veriblər və səfərin məqsədini açıqlayıblar. Həmin ermənilərin gəlişinə şərait yaradılıb. Həmin ermənilər Bakıda olub, onların təhlükəsizlikləri təmin olunub, heç bir problemlə üzləşməyiblər.

Bakıya xəbərsiz gəlmək istəyən istənilən erməni isə obyektiv olaraq Azərbaycanın təhlükəsizlik orqanlarında suallar yaradır. Niyə gəlib? Məqsədi nədir? Rusiyada yaşayan azərbaycanlının Ermənistana səfərini təsəvvür etmək olarmı? Belə hal olmayıb. Çünki istənilən azərbaycanlı bilir ki, bilet alıb Ermənistana getsə, ciddi problemlərlə üzləşəcək. Belə olan halda Rusiyada yaşayan erməni Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana niyə səfər etmək istəsin? Deməli, Azərbaycana əvvəlcədən məlumat vermədən gəlmək istəyən erməninin gizli niyyəti var. Yoxsa təhlükəsizlik problemləri ilə üzləşə biləcəyini əvvəlcədən bilən erməni mənşəli Rusiya vətəndaşı niyə əvvəlcədən məlumat vermədən Azərbaycana səfər etsin ki? Bu, ona bənzəyir ki, İkinci Dünya Müharibəsinin getdiyi illərdə Almaniyanın hər hansı vətəndaşı Moskvaya getməyə risq edərdi".

Daha sonra politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın "Təhlükəsizliklər Şuralarının" Xankəndidə keçirdiyi iclasdakı çıxışından gəldiyi qənaətləri bölüşüb.

O qeyd edib ki, Paşinyan Azərbaycan prezidenti ilə görüşdən imtina etmir, ancaq hər dəfəsində "separatçıların təmsilçisi də danışıqlarda iştirak etməlidir, çünki mən onların yerinə qərar verə bilmərəm" yanaşmasını ortaya qoyacaq: "Bu isə istənilən danışığın və görüşün bəri başdan nəticəsiz qalacağına işarədir".

"Paşinyan həmsədrlərin son bəyanatına bu şəkildə reaksiya bildirib ki, o, açıqlanan prinsiplərin əleyhinə deyil, ancaq həll planındakı ardıcılıq müzakirə olunmalıdır. Başqa sözlə, Paşinyan eks-prezidentlər Koçaryan və Sarkisyanın dediyini təkrarlayır: "Mərhələli həll planında xalqların özmüqədərratını müəyyənləşdirən referendum tarixi dəqiq göstərilsin, digər addımları ata bilərik" - deyə, E.Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, Paşinyan çıxışında maraqlı fikir səsləndirib: "Mən Azərbaycan prezidenti ilə yanaşı, Azərbaycan xalqı ilə də dialoqa hazıram. Çünki əminəm ki, ermənilər kimi azərbaycanlılar da sülhpərvərdirlər". Bu ikibaşlı ifadədir. Azərbaycan xalqını prezident təmsil edir. Bir ölkənin prezidenti başqa bir ölkənin xalqı ilə dialoq aparmır, xalqın təmsilçisi ilə müzakirələr aparır. Böyük ehtimalla, Paşinyan bu qeyri-müəyyən cümləsi ilə gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı icmasının da hansısa formada danışıqlarda iştirakını istisna etmir. Ancaq Paşinyan bunu o halda mümkün sayır ki, separatçıların təmsilçisi də danışıqlarda iştirak etsin. Yəni Paşinyan yeni model təklif edir: "Separatçılar danışıqlarda iştirak etsinlər, daha sonra bu prosesə Dağlıq Qarabağ azərbaycanlıları da qatıla bilər". Belə bir format alınır: 2+2. Ancaq 2+2 yenə də 1+1 edir. Çünki Paşinyan Dağlıq Qarabağın erməni icmasını, İlham Əliyev isə Azərbaycanın simasında Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edir.

Bütün hallarda Paşinyanın münaqişənin həlli ilə deyil, danışıqlar formatının dəyişməsi ilə məşğul olması vaxtın - status-kvonun uzanmasından başqa bir şey deyil. Paşinyan "separatçılar da danışıqlara qatılsın" fikri ilə manipulyasiya edir, iqtisadi və sosial sahədə verdiyi vədlərin yerinə yetirə bilməyəcəyinə və ilin ortalarında ciddi problemlərlə üzləşəcəyinə görə Qarabağ danışıqlarını arxa plana keçirmək istəyir. Qarabağ danışıqları onun üçün yükdür".

Ceyhun ABASOV

 





14.03.2019    çap et  çap et