525.Az

Azərbaycan səhnəsindəki "Kəloğlan" - Şahanə Müşfiqin yazısı


 

KUKLA TEATRININ YENİ TAMAŞASI MARAQLI ALINIB

Azərbaycan səhnəsindəki "Kəloğlan" - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə tanışlığım hələ uşaqlıq illərimə gedib çıxır. Elə teatrla tanışlığım da bu şirin və əcayib kuklalarla bağlıdır.
 
Ələkbər əminin (Ələkbər Hüseynov) və Əməkdar artist Rəhman Rəhmanovun əlinə kuklaları götürüb onları danışdırmağı, onlarla danışmağı, biz uşaqları da tamaşanın müəyyən hissəsində oyuna daxil edib əyləndirməsi, güldürməsi teatr haqqında ilkin təəssüratlarla yanaşı, bu qədim sənətə, sənət ocağına sonsuz sevgi də yaratmışdı. Yaş artdıqca başqa teatrlarla, daha doğrusu, böyüklər üçün olan teatrlarla tanış olduq, müəyyən məqamda Kukla Teatrını özümüzdən sonrakı nəsillərə əmanət edib istiqamətimizi dəyişdik. Amma təbii ki, uşaqlığımızın yadigarı olan sənət ocağından tamamilə ayrı düşmədik. Ya mətbuatdan uğurlarını izlədik, ya da bəzi tamaşalarına, premyeralarına qonaq olduq.

Hər il martın 10-da Milli Teatr Gününü bütün teatrlar premyeraları, ya da özəl tamaşaları ilə yaddaqalan etməyə çalışırlar. Bu il 10 mart Kukla Teatrının repertuarında yeni premyera ilə əlamətdar oldu. Həmin gün təkcə balaca tamaşaçılar deyil, gülmək, əylənmək, sənətdən, teatrdan zövq almaq və əsrarəngiz kuklaçı peşəsinin baxımlı səhnə performansını görmək istəyən biz böyüklər də həvəslə Azərbaycan Dövlət Kukla Teatrının yolunu tutduq. Bizi orada qədim türk xalq nağıllarının qəhrəmanı, uşaqlığımızın cizgi film personajı Kəloğlan gözləyirdi.

Belə ki, həmin gün teatrın səhnəsində məşhur türk xalq nağıllarından "Kəloğlan masalları" əsasında "Kəloğlan" adlı yeni, maraqlı, düşündürücü və əyləndirici tamaşa teatrsevərlərə təqdim olunurdu.

Səhnə əsəri özündən başqa teatrın repertuarına yeni daxil olan "Piter Pen" və "Maşa və Ayı" tamaşaları ilə birgə sırf uşaqlar arasındakı sorğu nəticəsində hazırlanıb. Belə ki, teatr artıq bir ilə yaxındır ki, balaca tamaşaçıları arasında repertuarda hansı tamaşaları görmək istədiklərilə bağlı sorğu keçirirdi. Uşaqların seçimi bu üç məşhur cizgi filmi üzərində olduğundan Kukla Teatrı da bu tamaşaları səhnələşdirdi.

Bu səhnə işində tamaşaçılar tarixi çox qədimlərə gedib çıxan milli gərdək oyunu, ulu şaman ifası, klassik kukla sənətinin çağdaş tərtibat (işıq və dekor) və səs çalarlarını birlikdə izləmək imkanı qazanmışdılar.

Səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru, Prezident təqaüdçüsü  Qurban Məsimov, quruluşçu rəssamı Əfşan Əsədova olan rəngarəng musiqi tərtibatlı tamaşada Kukla Teatrının istedadlı aktyorlarından Vüsal Hüseynov, Cavid İbrahimov, Aygül Ağayeva, Araz Həsənli və Sona Quliyeva çıxış edirdilər.

Mexanika üsulu ilə hazırlanmış tamaşada şaman, ənənəvi gərdək oyunundan istifadə olunub. Həm canlı aktyorların oyunu, həm də kiçik ölçülü kuklardan istifadə səhnə əsərinə daha rəngarəng və cəlbedici ab-hava qatmışdı.

Ancaq səhnədə bizim uşaqlığımızdan baxdığımız, öyrəşdiyimiz, tanıdığımız Kəloğlan deyil, tamamilə başqa Kəloğlan vardı. Rejissor bu klassik nağılı sanki sehrli toxunuşları ilə günümüzə uyğunlaşdıra, çağdaş dövr uşaqlarının marağına səbəb olacaq tərzə gətirib çıxara bilmişdi. Səhnə əsəri tamamilə "Kəloğlan masalları"ndan fərqli quruluşa, fərqli yozuma malikdir. Burada rejissorun əsas məqsədi odur ki, uşaqlar cizgi filmində gördükləri nümunəni yox, Kukla Teatrı estetikasında klassik nağılın müasir çalarlarla işlənmiş versiyası ilə tanış olsunlar.

Eləcə də ənənəvi kukla oyunu işıq effektləri, maraqlı və fərqli səhnə tərtibatı ilə zənginləşdirilərək balaca tamaşaçıların yaddaşında daha gözəl iz buraxmaq məqsədi daşıyırdı. İşıqlar və musiqilər hadisələrlə çuğlaşıb qeyri-adi, gözoxşayan mənzərə, dinamik enerji, hərəkətlərlə mətnin harmonik sintezini yaradır, balacaların anlamaqda çətinlik çəkəcəyi məqamları belə bu cür detallar vasitəsilə başa düşülən edirdi.

"Kəloğlan" tamaşasını uşaqlar üçün hazırlanmış başqa səhnə əsərlərindən fərqləndirən bir cəhət də odur ki, bu tamaşa təkcə balacalar üçün deyildi. Ağıllı və bir az da şanssız Kəloğlanın başına gələn hadisələr, qarşılaşdığı fərqli personajlarla ibrətamiz söhbətləri böyüklərin də marağına səbəb olurdu. Burada tamaşaçı tanıdığı dünyaya bir də Kəloğlanın gözü ilə baxır. Bu saf, təmiz, hər kəsə inanan və bir o qədər də ağıllı qəhrəman bəzən uşaqlara tövsiyələrini də verməyi unutmur. Əsər boyunca Kəloğlan həyatdakı demək olar ki, bütün mövzular haqqında fikir yürüdür, söylədiyi kəlamları, xeyirsevərliyi, saflığı, ədalətliliyi, dürüstlüyü ilə insanlığa mesaj ötürür.

Düşünürəm ki, aramsız inkişaf edən, texnologiyanın həyatımızın hər sahəsinə sürətlə daxil olduğu çağdaş dünyamızda hələ ki, hər şeyi parlaq rənglərdə görən, qayğısız uşaqların gələcək inkişafında "Kəloğlan" tamaşası da daxil olmaqla, Kukla Teatrının və onun kimi uşaq teatrlarının nümayiş etdirdiyi səhnə əsərlərinin faydası əvəzsizdir. Sağlam gələcək arzusunda olan böyüklər bu sağlam gələcəyi əvvəlcə öz evindəki övladını sağlam yetişdirərək əldə edəcəkdir. Buna görə də yeni səhnə əsərinin məzmununa toxunmur, onu canlı-canlı seyr edib, nəticə çıxarmağı hörmətli oxucularımızın və balaca balaların öhdəsinə buraxırıq.

 





14.03.2019    çap et  çap et