525.Az

AMEA Naxçıvan Bölməsində "Elm həftəsi" davam edir


 

AMEA Naxçıvan Bölməsində "Elm həftəsi" davam edir<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsində Elm Günü ilə əlaqədar olaraq "Elm həftəsi"nə həsr olunan tədbirlər davam etdirilir.
 
Bu münasibətlə keçirilən növbəti tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək ölkəmizdə elmin inkişafının daim dövlətin diqqət mərkəzində olduğunu bildirib. Elmin inkişafının ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx əlaqədar olduğunu deyən alim qeyd edib ki, əsası dahi öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dövlətininn elm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İsmayıl Hacıyev ölkəmizdə uğurla həyata keçirilən elm siyasətinin Naxçıvan Muxtar Respublikasında da dəstəkləndiyini, bu diyarda elm adamlarına yüksək diqqət və qayğının göstərildiyini vurğulayıb.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəs Quliyev rəhbərlik etdiyi müəssisə haqqında məlumat verib. Bildirib ki, Naxçıvanın mədəni mühiti, maddi və mənəvi mədəniyyətinin tədqiqini qarşısına məqsəd qoyan institut 2009-2018-ci illər ərzində Naxçıvanın ədəbi mühiti, mədəni həyatı, onomastikası, memarlığı, təsviri sənəti, folkloru kimi mühüm sahələri tədqiq edib, ciddi elmi nəticələr və çoxsaylı elmi əsərlər ortaya qoyub.

İnstitutda həyata keçirilən elmi tədqiqat işlərinin nəticəsindən bəhs edən Əbülfəs Quliyev qeyd edib ki, 2009-2018-ci illərdə əməkdaşların 1962 elmi əsəri çap edilib. Naxçıvanın mədəni mühiti, maddi və mənəvi mədəniyyətinin tədqiqi problemi üzrə 20 elmi nəticə əldə olunub. Bundan başqa, Naxçıvan ədəbi, mədəni və folklor mühitinə dair 3 cildlik "Naxçıvan folklor antologiyası", "Naxçıvan teatrının salnaməsi"; "Dədə-Qorqud yurdu Naxçıvan" tarixi-coğrafi və etnoqrafik Atlas, o cümlədən, Naxçıvan əhalisinin etnogenezi tarixindən bəhs edən fundamental əsərlər, görkəmli şəxsiyyətlərin həyatı və yaradıcılığını əhatə edən "taleyi və sənəti" seriyasından 13 adda kitab və sair elmi əsərlər nəşr edilib.  Prezident yanında Elmin İnkişafı Fondunun elan etdiyi kompleks elmi-tədqiqat işlərinin qrant layihələri müsabiqəsində institutun "Azərbaycançılıq ideologiyası işığında Naxçıvan ədəbi mühiti, folkloru, dialekt və şivələri və yer adlarının toplanması, kompleks tətbiqi və nəşri" mövzusundakı layihəsi qalibi olub.

Tədbirin sonunda iştirakçılar İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun 2009-2018-ci illər ərzindəki fəaliyyətini əks etdirən elmi nəşrlərdən ibarət sərgi ilə yaxından tanış olublar.

 





14.03.2019    çap et  çap et