525.Az

Daban mismarı


 

Daban mismarı<b style="color:red"></b>

Onda hüquq fakültəsinin tələbəsi idi. Ölkənin ən sayılıb-seçilən universitetində oxuması ilə qəlbən öyünər, dünyanın ona məlum olmayan gizli işlərindən hali olmağa çalışardı. Yadındaydı... Respublika prokurorunun müavini onlara dərs deyirdi. Prokurorluq işinin təşkilindən... Bu sanballı, ağbaş, ağayana kişi auditoriyaya girəndə özlərini yığışdırıb, ona diqqət kəsilərdilər.

Bir gün sual-cavab əsnasında dedi:

- Yox, ölüm cəzası başqa yerdə yox, elə burada, öz respublikamızda icra olunur.

Sonra da başladı bu məsələlərdən ətraflı danışmağa. Hətta onun bir söhbəti daha təsirli oldu:

- Mən bir vaxt türmələrə nəzarət edirdim də. İnanın, məhkum olub ki, gəlişimizdən diksinərək gözlərimiz qarşısında bütün saçları ağarıb. Axı onlar hər an ölüm hökmünün icrasını gözləyiblər.

Deməsinə görə, ölüm hökmü də üç sutka ərzində icra olunurdu. Bir sutka ərzində Moskvaya məlumat verilir, iki sutka ərzində onların cavabı alırdılar: öldürülsün, yoxsa cəzası on beş il həbslə əvəz olunsun.

Üstəlik, sakit halda bunu da dedi:

- Özü də güllələnməmişdən əvvəl onlar həkim müayinəsindən keçirilir, sağlamlq vəziyyətləri müəyyən olunur.

Onda prokurorun dediyi bu sözlər Əliyə çox qəribə gəldi, dilləndi:

- Bəs molla... Kinolarda görmüşük. Ruslarda keşiş gəlir...

Tələbələr pıçıldaşdılar:

- Ə, bu nə soruşur?

-  Bizdə mollanı sayan var.

- Sən onu demə, inancı, qəlb sakitliyi üçün lazımdı.

Prokuror isə sanki onların bu söz-söhbətlərini eşitmədi. Onu da nə qınayasan, dini inkar edən, ateist bir ölkədə yaşayırdılar. Dostoyevskinin fikirləri, kitabları bir o qədər rəğbətlə qarşılanmır, Belinski təbliğ olunurdu. Onların fikir ziddiyyətləri müstəqillik illərində çoxlarına əsl mənada aydın oldu. İnqilabı ruh bəzən heç də xeyir gətirmir. Bu gün öldürülüb məhv edəni, sabah da onun adamları öldürür... Necə ki, Oktyabr inqilabında, sovetlərin dağılmasında bunu gördülər. Hə, onda, bu mövzuda söhbətini yekunlaşdırarkən, prokuror dedi:

- Həm də ölmələrinə tam əmin olmaq üçün, nömrəli məzarlıqda basdırılanda onların dabanına iri bir mismar da vurulur.

Kimsə pıçıldadı:

- Daban mismarı...

Əli isə bu söhbətdən təsirlənmiş halda dilləndi:

- Bax da... Ancaq görəsən bu mismar nə böyüklükdə olur? Yüzlük, yoxsa ikiyüzlük?

Tələbələr səs-səsə verdilər;

- Adi mismar daa...

- Böyüklüyünü neynirsən... Əsas odu ki, vururlarmış...

- Əzazilliyə bax ha...

Tənəffüs vaxtı çatdığı üçün prokuror söhbətini yekunlaşdırıb getdi. Onlarla bir qrupda oxuyan boylu-buxunlu, gözəl-göyçək Dilarə onu qınadı:

- İş tapmırsan da... Suala bax... Mismar nə ölçüdə olur?... Yüzlükdü, yoxsa ikiyüzlük?...

Dilarənin xətrini hamısı istəyirdi. Qruplarındakı iyirmi beş nəfər tələbə içərisində yeganə qız idi.

Bir dəfə cinayət hüququ müəllimi zorlama maddəsindən danışanda, ondan üzr istəyərək dedi:

- Qızım, daha bağışla da ...Bu ixtisa

sı seçib gəlmisənsə, istər-istəməz belə mövzudakı söhbətləri də dinləməlisən. Onda onun yaraşıqlı yanaqları istər-istəməz allandı. Pörtmüş halda susub qaldı... İndi odur ki, dedi:

- Hə, bəs necə, bunu da bilməliyik ki, mismar nə böyüklüyündə olur.

Bir dəfə də dəhlizdə həmin müəllimi bu barədə sorğu-suala tutanda Dilarə eşitdi.

Müəllim harasa tələsirdi. Sualına cavab verməyib dedi:

- Qalsın... Başqa vaxt... Başqa vaxt bu məsələyə aydınlıq gətirərəm. İndi tələsirəm, gedəsi yerim var.

Pərt halda dilləndi:

- Hə, nolar ki...

Dilarə gülə-gülə onu sancdı:

- Bu da sənin sualın... Cavabını aldın da... Elə haqq elədi sənə... Gör bunu nə maraqlandırır... Daban mismarı yüzlük olur, yoxsa ikiyüzlük...

Pərtlikdən çıxmaq üçün utanmaz-utanmaz dedi:

- Niyə ki... Hər şeyin bir ölçüsü olur da...

Dilarə sanki onun sözlərindəki bu gizli mənanı duymuş kimi pörtmüş halda dedi:

- Tələsmə... Sənə daban mismarını elə özüm batıracam. Onda ölçüsünü biləcəksən.

Xoşbəxt illər necə də tez gəlib keçdi. Prokuror müavinini bir daha görməsələr də, daban mismarı söhbəti şəxsən onun yadından çıxmadı. Bir dəfə təzə tikdirdikləri ev üçün mismar almağa getmişdi. Çaşıb satıcıya dedi:

- Mənə bir az daban mismarı lazımdı.

Satıcı heyrətləndi:

- Müəllim, mən bilmirəm... O necə mismar olur?..

Pərt halda sözlərinə aydınlıq gətirməyə çalışdı:

- Necə yəni, sən hələ bunu bilmirsən? Ev tikəndə, sutunların dabanına vurulan mismardan da.

- Hə, başa düşdüm.

Əslində isə bu sözləri özü quraşdırıb, vəziyyətdən çıxmaq üçün demişdi. Onda da satıcı mismarları ona qarışıq verdi. İçində hər ölçüdə olanı vardı.

Bir də Dilarə yadından çıxmazdı. Eşitmişdi ki, ailə qurub, oğlu var. Bir gün də işdəki xidməti telefonu zəng çaldı. Onda dövlət notariusu işləyirdi. Dilləndi:

- Bəli, eşidirəm...

Dəstəkdə qız səsi eşidildi:

Qardaş, mən mediya nümayəndəsiyəm...

Əvvəl bu sözün mənasını yaxşı başa düşmədi:

- Medsinadansız?

- Yox ey... Mətbuatdan... Dördüncü hakimiyyətdən...

- Lap yaxşı, eşidirəm sizi...

- Sizin o suala cavab qəzetimizdə gedəcək. Hələlik hazırlıq, araşdırma işləri gedir.

Lap heyrət içində soruşdu:

- Siz nə danışırsınız?! Mənim hansı sualımı?!. Mən heç kimə sual verməmişəm!...

Qız gülməkdən uğundu:

- Yox, bir yaxşı-yaxşı fikirləşin. Daban mismarı, onun ölçüləri... yadınızdan çıxıb?!.

Onu yalnız indi tanıdı. Şən halda səsləndi:

- Hə, əziz bacım!... Bu sizsiniz... Dilarə xanım?!.. Səsinizi eşittim, məni nə qədər sevindirdiniz!... Uşaqlardan heç görürsünüzmü?!.

- Hərdən...- Dilarə maraqlandı:

- İşdəsiz, yoxsa evdə?

Dəniz kənarında olduğunu bilmirdi. İstirahət günü olduğu üçün, demə, onlar da ailəlikcə Nabran tərəfə keçirlərmiş. Bir yerdə əyləşəsi oldular. Kiçik oğlu, həyat yoldaşı da yanında idi.

Dilarə onda Respublika Prokurorluğunda işləyirdi. Görüşəndə əri ilə onu tanış edib dedi:

- Manaf, bunun beləcə cılız görkəminə baxma. Heç də özünə görə deyil. Tələbə vaxtı o boyda prokuroru dəng eləmişdi: daban mismarı nə boyda, hansı ölçüdə olur...

-  Dilarə daha əvvəlki məsum baxışlı qız deyildi. Həyat onu dəyişən kimi idi. Daha şən, hazırcavab olmuşdu. - Bəlkə heç o kişi özü də onun ölçüsünü bilmirdi. Bilsəydi elə ilk dəfə soruşanda deyərdi də...

- Hə, onu düz deyirsən...

- Bəs sonradan da nə sorğu-suala tutmuşdun onu?

Bu vaxt oğlu su hovuzuna yaxınlaşanda Dilarə həyəcanlı halda onu səslədi...

Əyləşdikləri restoran dəniz kənarında, mənzərəli bir yerdə idi. Onların stoluna baxan oğlan əlində menyu ilə yaxınlaşanda gülümsər halda dedi:

- Sifarişi özünüz verəcəksiniz.

Dilarə ərinə dillənməyə heç imkan vermədi:

- Çox da yox... Hərəsindən bir az... Ancaq balıq hökmən olsun.

- Ağ balıq, qara kürü də qoyun...

- Bəs kabab?

- Qarışıq gətirin də...

Bir də onunla çox-çox sonralar görüşdü. Artıq həyat yoldaşı yox idi. Vəfat etmişdi. Yenə də Respublika Prokurorluğunda işləyirdi, özü də sayılıb-seçilən bir şöbənin prokuroru idi. Yerindən qalxmaq istəyəndə qoymadı:

- Hara tələsirsiniz. Sizə çay gətirirlər.

- Mane olmaq istəmirəm. İş adamısınız...

Bu vaxt boylu-buxunlu oğlu içəri girdi. Daha doğrusu, onu tanımadı. Dilarə:

- Oğlumdur, tanış olun, - deyəndə, lap sıxılan kimi oldu. Soruşa bilərdi ki, anasının yanındakı kişi kimdi. Dilarə onu başa düşübmüş kimi dedi:

- Nəcəf, sən Əli dayını tanıyırsan da. Dövlət notariusu işləyir.

Əli gülümsər halda onunla görüşdü, o illəri xatırlatdı.

- Hə, onda az qalmışdı ki, su hovuzuna düşüm.

Dilarə dedi:

- Hərbi həkimidi. Mənim ixtisasımı bəyənmədi də...

- Çox yaxşı... Həkimlik çox şərəfli peşədi. İnsanlara xidmət edir, onların sağlamlıqları keşiyində durur, həyatlarını uzatmağa çalışırlar.

Dilarə atmacasından qalmadı:

- Sözündən belə çıxır ki, biz kəsib-doğrayanlar, ömrü qısaldanlar dəstəsinə aidik?..

- Hə, xatırladım... Daban mismarları...

Gülüşdülər. Demə, Nəcəf də artıq bu söhbəti bilirmiş. Diları yanaqları allanmış halda ona baxdı, gözləri yaşarmış halda dedi:

- Düz deyirlər, ötən günə gün çatmaz... Nəcəfin toyuna səni dəvət edəcəyəm.

Nişanlıdı...

- Xoşbəxt olsun. Hökmən iştirak edərəm. Məni unutmayın.

Vaxtında zəng çalıb bildirdi də. Özü də neçə gün əvvəl. Ailəliklə bu toya getmək üçün hazırlaşırdılar. Həyat yoldaşı Rəna bu münasibətlə əyin-baş hazırlığında idi. Ondan neçə dəfə pul almışdı buna görə. Verməyəndə də deyirdi:

- Sənin üzağlığın üçün tikdirirəm də. Tələbə yoldaşlarının yanında pərt olmayasan.

Eşitmisən də, deyirlər ki, qadını kişinin köynəyinə, kişini isə qadının üz-gözünə görə tanıyırlar. Gərək makiyaj da olunum.

- Səndəki bu qırışlar çətin gedər. Qocalırıq da...

- Qoca özünsən...Mənə nə olub ki...

Ancaq yaxşı deyirlər ki, sən saydığını say, gör fələk nə sayır. Toya bircə gün qalmış avtoqəzaya düşüb, beş ay yataq xəstəsi oldu, yerindən tərpənə bilmədi. Dilarənin oğlunun toyuna getmək də mümkün olmadı.

Aradan bir müddət keçdi. Bir gün işdə idi. Artıq hakim işləyirdi. Cəncəl bir cinayət işinə baxırdılar. Prokurorun mülki iddiası da vardı. Fasilə vaxtı birdən qapı döyüldü. Səsləndi:

- Gəlin...

- Olar da...

- Buyurun.

Gələn rayon prokurorluğunun katibi bir cavan oğlan idi, yaxınlaşıb bir mismar verərək dedi:

- Bizdə bir qonaq var... O göndərib sizin üçün. Deyib ki, desin... Əsl daban mismarı elə bu ölçüdə, belə olur.

Həyəcanlanmış halda soruşdu:

- O kim idi?!

- Bilmirəm...

- Qadındı, yoxsa kişi?!

- Vallah görməmişəm... Bu mismarı prokuror verdi mənə...

Zəng çalanda içəridə şaqraq qadın səsi eşidildi. Tanıdı, onun səsi idi... Görüşəndə Dilarə onu qucaqlayıb üzündən öpdü.

- Ay qardaş, nə qocalmısan belə?!. Saç-saqqalın da ağarıb, nuraniləşmisən. Əl çək də bu xırdaçılığından... Prokuror deyir ki, o əlindəki cinayət işini bir həftədir, uzadır, baxıb qurtarmırsız...

- İnsan taleyidir də...

- Daban mismarı ilə tanış oldun da?.. Ölçü-biçisindən xəbəriniz oldu da?..

- Elə bildim ki, bu sizin işinizdi.

Sonra da başladı başına gələnləri xatırladıb, ondan üzr istəməyə:

- Sən Allah bağışlayın da, onda xeyir işinizdə iştirak edə bilmədik. Xoşbəxt olsunlar...

- Çox sağ olun. Siz bizi bağışlayın ki, xəstə oldunuz, imkan edib baş çəkə bilmədik...

Bax, daban mismarı söhbəti beləcə yekunlaşdı. Dilarə gedəndə ərkyana dedi:

- Nə var ey burada?.. Köçüb gəlin şəhərə, yaxın olaq... Gedib-gələrsiniz də.

Həmin "daban mismarı"nı o illərin xatirəsi tək bu gün də yadigar olaraq saxlayır. Dilarəyə olan hörməti, qayğısı ayrıcadır. Tələbəlik illərinin xoş bir yadigarı kimi...

Bir də o lənətə gəlmiş daban mismarı haqqında danışmaq istəmir. Yaxşı ki müstəqillik dövründə ölüm cəzasına son qoyuldu. İndi o mismarlar daha lazım olmur... Heç ölçüsünü də bilmək istəmir.

Əlisəfa AZAYEV

 





14.03.2019    çap et  çap et