525.Az

Qubadlı həsrətimizi daha da artıran görüşlər


 

Qubadlı həsrətimizi daha da artıran görüşlər<b style="color:red"></b>

Şöbə müdirimiz: "Bu dəfə yolumuz Qubadlıyadır" deyəndə bir anlıq özümü yamyaşıl meşələrin, düzlərin, yamacların ətəyində, qarlı dağların döşündə, təzə gəlin kimi dumandan yaşmaq vurmuş əlçatmaz, ünyetməz zirvələrdə, ceyran-cüyürün ovlandığı dar gədiklərdə, səhər-səhər ocaqların, samovarların tüstüsü tütən kəndlərdə, təndirində yapdığı çörəyin qoxusu ta başqa kəndlərə qədər gedib çıxan obalarda, lal axan, həzin layla çalan Bərgüşadın, gur axan Həkərinin sahilində hiss etdim.

Bir anlıq bu gözəl yerlərin, bu saf, pak və müqəddəs torpağın naməhrəmlər, namərdlər tapdağı altında qaldığını, dağları qədər ürəyi böyük insanlarının qaçqın, köçkün həyatı keçirdiklərini, dağınıq halda, alışmadıqları iqlim şəraitində yaşamağa məcbur olduqlarını unutdum. Bəlkə də, unutmağım yaxşı oldu. Çünki bu gün cavan gəlib burada yaşlananları da, gözləri Vətən sarı baxıb yumulanları da, burada doğulub, lakin nənə-babalarından, ata-analarından dəfələrlə eşitdikləri, artıq onlar üçün nağıla, əfsanəyə dönmüş torpağın gözəlliklərini, əlbəttə ki, görənlər bir daha, görməyənlər isə xatirələrdən eşitmək deyil, öz gözləri ilə görmək istərdilər.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsi artıq neçə ildir ki, hörmətli Prezidentimiz İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5 bəndində Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi ilə bağlı layihə üzərində çalışır. Həmin bəndin həyata keçirilməsi məqsədilə Dialektoloji Atlas qrupu Azərbaycanın strateji əhəmiyyətli ərazilərinin dialektoloji tədqiqinə başlayıb və layihənin ilk pillləsi olaraq artıq "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası" işıq üzü görüb.

Atlas qrupu 2016-cı ildən "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası" üzərində işləyir. Qrup Qarabağ Regional Mərkəzinin yeddi yüzə yaxın yaşayış məntəqəsindən dialektoloji material toplayıb, Şuşa və Xankəndi ilə bu işlərə yekun vurmağı qarşısına məqsəd qoyub.

Hazırda Atlas qrupu Qubadlı rayon köçkünlərinin daha çox məskunlaşdığı Sumqayıt şəhərində elmi səfərdədir. Rayonun 1 şəhər, 93 kənd olmaqla 94 yaşayış məntəqəsi üzrə tədqiqat aparılır.

Qeyd edim ki, məsələ yalnız dialektoloji material toplamaqda bitmir, biz həm də görüşdüyümüz insanlarının xarakteri, dünyagörüşü, etnoqrafiyası, kulinariyası, milli xüsusiyyətlərini əks etdirən cəhətləri ilə də tanış oluruq. Bu mənada Azərbaycan xalqı ən yüksək yerdə durur desəm, zənnimcə, səhv olmaz. Çünki bunu Qarabağın getdiyimiz bütün bölgələrində müşahidə edirik.

Azərbaycan hər zaman öz tarixi, mədəniyyəti, dili, folkloru, musiqisi, mətbəxi, həyat tərzi ilə buraya gələn xarici alimlərin, səyyahların diqqətini cəlb etmişdir. Bu gün Avropanın ən məşhur muzeylərini Azərbaycan xalçalarının, məişət və bəzək əşyalarının, silahlarının, qiymətli kitablarının bəzəməsi heç də təsadüfi deyil. Eləcə də Azərbaycanda olmuş dünyanın müxtəlif ölkələrindən gələn səyyahların, alimlərin, yazıçıların yurdumuz və xalqımız haqqındakı xoş sözləri, könül oxşayan fikirləri, ifadələri Azərbaycan xalqının səviyyəsinin, insanpərvərliyi və qonaqpərvərliyinin sübutudur. Tanrı hər şeyin gözəlini, hər şeyin qiymətlisini bizə - Azərbaycana bəxş etdiyi kimi, insanların da yaxşılarını bu torpaqda yetişdirib sanki.

Mən çox təəssüf edirəm ki, Qubadlını işğal oluncaya qədər görmədim, onu yalnız yazıçılarının, şairlərinin - Süleyman Rəhimovun, Qasım Qasımzadənin və başqalarının əsərlərindən, coğrafiyadan tanıdım. Lakin bu gün görüşdüyüm bu insanlar məni oxuduğum o əsərlərdən, mənbələrdən də çox təsirləndirdi. Mənim qarşımda sanki Qubadlı bütün xüsusiyyətləri ilə kitab kimi açıldı. Mən onların hər birinin sinədəftər, qonaqpərvər, ziyalılarının sözün əsl mənasında ziyalı olduqlarını kitablardan deyil, məhz bu görüşlərimizdə öyrəndim, bəlkə də, kəşf etdim.

Ezamiyyətimizin ilk günündə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun qəbulunda olarkən çox səmimi, hörmətlə qarşılandıq. Mən onun simasında fəal, təcrübəli dövlət məmuru, təəssübkeş, xalqına ürəkdən bağlı bir insan gördüm. Qubadlı Rayon İcra Hakimiyyətinin bir çox aparat işçilərinin də əllərindən gələni əsirgəməyib, işimizin daha sürətli getməsinə çalışmaları, operativliyi, göstərdikləri qayğı, vaxt itkisinə yol verməməyimiz üçün etdikləri cəhdlər insana, onun əməyinə, zəhmətinə verdikləri dəyərin təcəssümüdür.

Biz elm adamı, qələm sahibiyik. Bizim vəzifəmiz də, borcumuz da dəyərləri dəyərləndirə bilmək, dəyərlərimizi yaşadanları qiymətləndirməkdir. Ona görə də bu gün göstərdiyi böyüklük, elmə, zəhmətə verdiyi dəyər, əsl ziyalılıq, qonaqpərvərlik üçün Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova, İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyevə, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xoşqədəm Alıyevaya, Qubadlı Rayon İcra Hakimiyyəti ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Elnur Eyvazlıya, Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlova, icra nümayəndəliklərinə, Qubadlı camaatına Atlas qrupu adından dərin hörmət və təşəkkürümü bildirir, görmədiyim Qubadlının insanlarının məndə doğurduğu hissləri bu kiçik parça ilə minnətdarlıq duyğusu olaraq qəbul etmələrini rica edirəm.                                              

QUBADLI 

Dağların zümrüd qaşı sən,
Dünyanın yaraşığı sən,
Bulaqların saflığı sən,
Gözəl diyar - Qubadlı, sən. 

Elin qədim, yurdun qədim,
Hər qayan, hər daşın qədim,
Düşməninə gəlsin dərdin,
Gözə oxsan, Qubadlı, sən. 

Hər qayanda kəklik səkər,
Boş toxum da atsan bitər,
Namərd olsun səndən betər,
Al kamını, Qubadlı, sən.

Mərd igidlər diyarı sən,
Nəbi, Həcər oylağı sən,
Dərd eləmə daha, yetər,
Tut başın dik, Qubadlı, sən.

Bu torpaq çox acı görüb,
Diz bükməyib, dimdik durub,
Düşməninə qan qusdurub,
Bir az səbr et, Qubadlı, sən.

Kübra QULİYEVA
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosent

 





14.03.2019    çap et  çap et