525.Az

Şəmkir və Gəncədə tarixi abidələr mövzusunda rəsm sərgisi - Foto


 

Şəmkir və Gəncədə tarixi abidələr mövzusunda rəsm sərgisi - <b style="color:red">Foto </b>

Şəmkir və Gəncədə “Al-Əlvan Qarabağ - 2” layihəsi çərçivəsində “Tarixi abidələrin təsviri” mövzusunda rəsm sərgisi keçirilib.

Layihə Gənclər Fondunun maliyyə, Virtual Qarabağ İKT Mərkəzi, Şəmkir Rayon Gənclər və İdman İdarəsi, “Böyük Yol” Gənclər Birliyinin və Park Bulvarın tərəfdaşlığı ilə keçirilib.

Şəmkirdə keçirilən layihənin açılış mərasimində rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Höccət Əsədullayev, Şəmkir rayon Təhsil Şöbəsinin müdir müavini Hafiz Pənahov, “Böyük Yol” Gənclər İctimai Birliyinin sədri Tərlan Muxtarzadə və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Layihə rəhbəri Güllü Atakişiyeva açılış mərasimində qonaqlara layihə mövzusu ilə bağlı ətraflı məlumatlar verərək qeyd edib ki, məqsəd Qarabağda yerləşən tarixi abidələrin rəsm sənəti ilə gənclərə və geniş ictimaiyyətə tanıtmaq, eləcə də istedadlı gənclərin fəaliyətini stimullaşdırmaqdır.

Daha sonra Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini A.Abdullayeva çıxış edərək həyata keçirilən layihə haqda öz fikirlərini bölüşüb. O bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsi məhv edir, tarixi faktları saxtalaşdırır. Bu baxımdan tarixi abidələrin gənclər arasında mütəmadi təbliğ olunması və onlara maddi-mənəvi dəyərlərimizin aşılanması mühüm əhəmiyyət kəsb edir.

Sərgi ziyarətçilərinə yumurta qabığı üzərində Qarabağın tarixi abidələri təsvir olunmuş rəsm əsərləri nümayiş olunub.

Qeyd edək ki, sərgidə 25 əsər nümayiş etdirilib. Rəsmlər dekorativ tətbiqi sənət ustasi Sona Məhərrəmovanın Şəmkir və Gəncə şəhərlərində yaşayan tələbələri tərəfindən çəkilib.

Növbəti sərgi isə Gəncə şəhər Gənclər Evində təşkil olunub.

Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müsfiq Cəfərov, Gənclər Evinin rəhbəri Amil Qurbanov, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Sevinc Ələkbərova və digərləri iştirak ediblər.

Bildirilib ki, həyata keçirilən layihə milli-mədəni sərvətlərimizin təbliğində mühüm rol oynayacaq.

Rəsmi hissə yekunlaşdıqdan sonra sərgi ziyarətçiləri əsərlərə baxış keçirib.

Ümumi səsvermə nəticəsində ən yaxşı 3 əsərin müəllifləri təltif olunublar.

C.ABASOV

 





14.03.2019    çap et  çap et