525.Az

Pensiya islahatlarıyla bağlı tvinninq layihəsinin yekunları müzakirə olundu


 

Pensiya islahatlarıyla bağlı tvinninq layihəsinin yekunları müzakirə olundu<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının dəstəyi ilə icra olunan "Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə dəstək" adlı tvinninq layihəsinin yekunlarına dair konfrans keçirilib.

Nazirlikdən verilən məlumata görə, layihə Fransanın Sosial İşlər və Səhiyyə Nazirliyi, Əmək, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq Nazirliyi, Avropa və Beynəlxalq İşlər Nümayəndiliyi ilə birlikdə həyata keçirilib. Bu, Fransa ilə tərəfdaşlıqda icra olunan artıq üçüncü tvinninq layihəsidir.

Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Fransanın Azərbaycandakı səfirinin müşaviri Yohan Şitterer, avropalı ekspertlər iştirak ediblər.

S.Babayev pensiya təminatının əhalinin sosial müdafiəsində önəmli rola malik olduğunu, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının pensiya təminatı sisteminin inkişafında da əhəmiyyətli irəliləyişlərə imkan verdiyini vurğulayıb. Nazir dövlət başçısının tapşırığına əsasən, ölkədə pensiyaların artırılması və pensiya təminatının əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, bu sahədə avtomatlaşdırılmış mexanizm üzərində proaktiv xidmətlərin qurulması istiqamətində mühüm addımların atıldığını qeyd edib.

Ölkəmizin Avropa İttifaqı, həmçinin Fransa ilə əlaqələrinin daim inkişaf etdiyini bildirən S.Babayev birinci vitse-prezidenti Mehriban Əliyevanın bu günlərdə Fransaya səfərinin, orada keçirdiyi rəsmi görüşlərin də iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə olduğunu vurğulayıb.

K.Yankauskas ötən dövrdə icra olunan birgə layihələrin Azərbaycanda əmək və sosial müdafiə sisteminin inkişafına dəstək məqsədinə yönəldiyini deyib. O, həmin layihələrin Avropa İttifaqı ölkələrində müvafiq sahələrdə mövcud olan təcrübələri, yeni yanaşmaları öyrənmək, gələcək islahatlar üçün həmin təcrübələrdən istifadə imkanı verdiyini qeyd edib. K.Yankauskas pensiya təminatı sahəsi üzrə tvinninq layihəsinin də pensiya sahəsində islahatlar prosesində öz rolunu oynayacağını vurğulayıb.

Y.Şitterer ölkəsi ilə Azərbaycan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin daim genişləndiyini deyib. O, xüsusilə də son günlərdə birinci vitse-prezidenti M.Əliyevanın Fransaya səfərini qeyd edərək, bu səfərin iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının daha da genişlənməsində xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Y.Şitterer sosial sahədə də əməkdaşlığının inkişafı üçün tvinninq layihələrinin önəmindən bəhs edib. O, son iki ildə icra olunan bu layihənin səmərəli nəticələrinin ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşməsində öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Azərbaycan tərəfindən layihə rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Çingiz Əliyev və Fransa tərəfindən layihə rəhbəri xanım Eliz Debiz çıxış edib, layihənin komponentləri üzrə görülən işlər barədə məlumat veriblər.

C.ABASOV

 





14.03.2019    çap et  çap et