525.Az

Peşə təhsili sisteminə yeni işə qəbul edilən bəzi rəhbər şəxslər təlimlərdə iştirak edəcəklər


 

Peşə təhsili sisteminə yeni işə qəbul edilən bəzi rəhbər şəxslər təlimlərdə iştirak edəcəklər<b style="color:red"></b>

Azərbaycanda peşə təhsili sisteminə yeni işə qəbul edilən pedaqoji təhsili olmayan rəhbər şəxslər Təhsil Nazirliyinin müəyyən etdiyi qurumlar tərəfindən keçirilən təlimlərdə iştirak edəcəklər.

Trend-in məlumatına görə, Nazirlər Kabineti “Peşə təhsilinin dövlət standartları”nı müəyyən edib.

Standartlarla müəyyən edilib ki, peşə təhsili üzrə dövlət standartları 5 ildən bir yenilənir. Peşə təhsilinin məzmunu qanunvericilikdə qeyd edilmiş ümumi tələbləri ödəməklə yanaşı, “ömürboyu təhsil” prinsipinə əsasən təhsilalanların bir sıra modullar vasitəsilə əsas səriştələrə malik olmalarını təmin edir. Bu səriştələr ana dili ilə yanaşı, xarici dildə ünsiyyət, peşəkar şifahi və yazılı ünsiyyət qurmaq, informasiya texnologiyaları üzrə məlumatları əldə etmək, qiymətləndirmək və idarə etmək, sahibkarlıq ideyalarını və imkanlarını müəyyən etmək, biznes plan hazırlamaq, karyera məqsədlərini müəyyən etmək və müasir işaxtarma və müraciət üsullarından istifadə etmək və s.-dir.

Peşə liseylərində və peşə təhsil mərkəzlərində ümumi orta təhsil bazasından qəbul olunanlara qanunvericiliyin tələblərinə uyğun olaraq tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil fənləri tədris edilir.

Peşə təhsili müəssisələrində tədris ili iki yarımildən ibarətdir. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və nümunəvi tədris planına müvafiq olaraq yekunlaşır. Dərs ili ərzində qış tətili 8 gündür. İxtisasdan asılı olaraq modulların tədrisi yay aylarında da keçirilə bilər. Dövlət peşə təhsili müəssisələrinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

Tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarəti Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Peşə təhsili müəssisəsi ona verilmiş əmlakdan yalnız Nizamnamə ilə müəyyən edilmiş məqsədlər üçün istifadə edə bilər. Müəssisənin əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsi qadağandır.

Peşə təhsili müəssisəsində təhsilverənlərin attestasiyası (sertifikatlaşdırılması) “Peşə təhsili haqqında” qanununa müvafiq olaraq həyata keçirilir.

Peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi peşə təhsili müəssisələrində mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının qiymətləndirilməsi əsasında həyata keçirilir.

Peşə təhsili sisteminə yeni işə qəbul edilən pedaqoji təhsili olmayan rəhbərin və mühəndis-pedaqoji işçilərin pedaqogikaya və psixologiyaya dair biliklərə, həmçinin fənlərin tədrisi metodikası üzrə bacarıqlara malik olmalarını təmin edən təhsil proqramları (kurikulumlar) üzrə Təhsil Nazirliyinin müəyyən etdiyi qurumlar tərəfindən keçirilən təlimlərdə 3 ay müddətində iştirakı təmin edilir.

Peşə-ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının peşələrinə uyğun ən geci 2 ildən bir Təhsil Nazirliyinin müəyyən etdiyi müəssisə və təşkilatlarda yeni texnika və texnologiyalar üzrə istehsalat təcrübəsi keçmələri təmin olunur.

 





14.03.2019    çap et  çap et