525.Az

"Azərbaycanda vərəmlə mübarizə" mövzusunda parlament dinləmələri


 

HƏR İL DÜNYADA 6-7 MİLYON İNSAN VƏRƏMDƏN ÖLÜR

"Azərbaycanda vərəmlə mübarizə" mövzusunda parlament dinləmələri <b style="color:red"></b>

"Vərəm xəstəliyi qlobal bir problemdir. Bu problem təkcə səhiyyə ictimaiyyətini deyil, bütün dünya əhalisini ciddi şəkildə narahat etməkdədir".

Bunu akademik Əhliman Əmiraslanov dünən Milli Məclisin (MM) Səhiyyə komitəsinin vərəm xəstəliyi ilə bağlı təşkil etdiyi dinləmələrdə çıxışı zamanı dilə gətirib. "Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına baxdım. Gözləmədiyim rəqəmlərlə qarşılaşdım" - deyən, Ə.Əmiraslanovun sözlərinə görə, bu gün dünya 20 milyon vərəmli xəstə var.  "Eyni zamanda, hər il 10 milyona yaxın insan vərəmə yoluxur. Bununla yanaşı, hər il dünyada 6-7 milyon insan vərəmdən dünyasını dəyişir. Ona görə də görülən işlərə, müsbət nəticələrə baxmayaraq,  arxayınçılığa yol vermək olmaz. Bu xəstəliklə mübarizə tədbirləri daha da gücləndirilməlidir. Ona görə də vərəmlə mübarizə prioritet istiqamətlərdən biridir. Azərbaycanda vərəmlə mübarizə dövlət proqramında əksini tapıb. Bu il vərəm və şəkərli diabet xəstələrinin müalicəsi üçün əlavə 15 milyondan artıq vəsait ayrılıb" -deyə, o sözlərinə əlavə edib. 

ÜST-nin Azərbaycandakı nümayəndəsi: "Vərəmlə bağlı qanunvericiliyin dəyişdirilməsinə ehtiyac var" 

ÜST-nin Azərbaycan üzrə nümayəndəsi, türkiyəli mütəxəssis Hande Harmancı bildirib ki, vərəm xəstəliyi dünyanın ən qədim və ən uzun tarixli xəstəliklərindəndir: "Hətta Misir mumiyalarında belə bu xəstəliyə rast gəlinib. Bu gün də bu xəstəlik dünyanı, o cümlədən, ölkəmi - Türkiyəni və qardaş Azərbaycanı ciddi narahat etməkdədir". O deyib ki, həm də bu xəstəliklə bağlı insanlarda müəyyən komplekslər yaşanmaqda, qalmaqda davam etməkdədir. "Yəni vərəmli xəstəyə kimsə qız vermək istəmir. Vərəmli xəstə ilə kimsə yaxın ünsiyyətdə olmaq istəmir. Mən burada öz həyat hekayəmi danışmaq istəyirəm. Həyat yoldaşım olan insan bir zaman mənimlə söhbətində vərəm xəstəliyindən söz açdı. Dedi ki, bu xəstəlikdən çox böyük utanc hissi keçirir. Onu da dedi ki, bunu sizə ona görə danışdım ki, sabah vərəm xəstəsi olduğumu biləndə, məni ittiham etməyəsən. Görün vəziyyət nə yerdədir ki, insanlar çox zaman xəstəlikləri ilə məşğul olmur, bu cür yanlış münasibətlərin nəticəsi olaraq, ikinci zərbə yaşayır, utanc hissi keçirirlər. Hesab edirəm ki, artıq bu cür münasibət, yanaşma aradan qaldırılmalıdır" - deyən, xanım Harmancı sonra qeyd edib ki, Azərbaycanda vərəmlə bağlı mövcud qanunvericilik çoxdan qəbul olunub. "Bu sənədin qəbulundan 19 ilə yaxın vaxt keçir. Ona görə də bu qanunun yeniləşdirilməsinə, təkmilləşdirilməsinə ehtiyac var və biz bu məsələdə öz dəstəyimizi verməyə hazırıq" -deyə, ÜST nümayəndəsi sözlərinə əlavə edib. 

Qənirə Paşayeva: "Telekanallarda ayda ən azı iki dəfə vərəmlə bağlı maarifləndirici verilişlər olmalıdır" 

"Vərəm xəstəliyinə qarşı mübarizə ilə bağlı ən effektli tədbirlərdən biri maarifləndirmə, təbliğatdır. Bu məsələdə ciddi maarifləndirməyə, təbliğat, izahat işlərinə ehtiyac var". Bunu isə ixtisasca həkim olan millət vəkili Qənirə Paşayeva  bildirib. O qeyd edib ki, xüsusilə, mediada, telekanallarda bu yöndə maarifləndirici yazılar, verilişlər, proqramlar getməlidir. "Telekanallar bu məsələdə xüsusi həssaslıq göstərməlidirlər. Mən telekanallarda bu yöndə proqramlara demək olar ki, rast gəlmirəm. Amma ayda ən azı iki dəfə bu yöndə maarifləndirici verilişlər olmalıdır. Burada həmçinin, qeyri-hökumət təşkilatlarının (QHT) üzərinə çox böyük missiya düşür. Onlar da bu məsələdə ciddi fəallıq nümayiş etdirməli, maarifləndirmə işlərinə qoşulmalıdırlar. Eyni zamanda qeyd edim ki, vərəm xəstəliyinin daşıyıcısı olan ailələrdə ciddi bilgisizlik, məlumatsızlıq var. Bir çox ailələrdə artıq bu xəstəlik böyük bir bəlaya çevrilib, yəni bütün ailə üzvləri məlumtasızlıq, maarifləndirmə olmadığı üçün bu xəstəliyin daşıyıcısına çevriliblər. Mən özüm təmsilçisi olduğum bölgədə bununla rastlamış, qarşılaşmışam. Hətta bir ailədə olanda gördüm ki, ev cəmi bir otaqdan ibarətdir, hamı bir yerdə yeyib, içir, yatıb, durur, nəfəs almaq belə mümkün olmur. Yəni burada vərəmə yoluxmanın artması təbii ki, qaçılmazdır. Ona görə də insanlar arasında ciddi maarifləndirmə, bilgiləndirmə aparılmalıdır, başa salınmalıdır ki, belə olmaz və sair" - deyə, Q.Paşayeva sözlərinə əlavə edib.

Rəşad Mahmudov: "İnfeksion nəzarət komitələrinin yaradılmasına ehtiyac var..." 

İxtisasca həkim olan digər millət vəkili Rəşad Mahmudov öz növbəsində bildirib ki, bu gün ölkənin bütün xəstəxanalarında verilmiş qərarların icrası üçün infeksion nəzarət komitələrinin yaradılmasına və funksiyalarının yaradılmasına ehtiyac var: "Çünki bu funksionallıq saxlanılmadıqda sadəcə vərəm deyil, çox rahat müalicə olunan bir çox xəstəliklər də böyük təhlükəli hala gələ bilər". Millət vəkili qeyd edib ki, vərəm xəstəliyi yayılandan sonra ağciyərlərdə və bəzi orqanlarda kütlə əmələ gətirə bilir. Millət vəkilinin sözlərinə görə, çox zaman vərəmin müalicəsi zamanı bədəndən bu kütlə təmizlənmədikdə illər ərzində rezidentlik əmələ gəlir.  "Azərbaycanda bu xəstəliklə mübarizə yüksək səviyyədə aparılır. Amma torakal vərəmlə mübarizədə hansısa əksikliklər var. Əminliklə deyərəm ki, - bunu Ümumdünya Səhiyyə Təşkilatı da deyir, - vərəmli xəstə müalicədən sonra sağalmış kimi görünsə də, həmin kütlə boşalmadığı halda onun sağlamlığında gələcəkdə problemlər yaranır" - deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamilə Əliyeva: "Bəzi valideynlər övladlarına peyvənd vurdurmaqdan imtina edirlər" 

Millət vəkili Kamilə Əliyeva da vərəm xəstəliyinin uzun tarixə malik olduğunu və dünyanı ciddi şəkildə narahat etdiyini bildirib. "Sövetlər dövründə uşaqlara peyvəndlər edilirdi. Amma son illər bəzi ailələr bundan imtina edir, uşaqlarına peyvənd vurmağa icazə vermirlər. Buna xüsusilə, özəl xəstəxanalarda övladları dünyaya gələn ailələr, valideynlər arasında rast gəlmək mümkündür. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Bununla yanaşı, elə düşünürəm ki, mantolar, peyvəndlər vərəm xəstəliyinin genişlənməsinin və gələcəkdə yayılmasının qarşısında öz rolunu oynaya bilər. Bu, hər halda mənim fikrimdir və bu barədə mütəxəssislərin izahatını gözləyirəm".

Kamil HƏMZƏOĞLU

 





15.03.2019    çap et  çap et