525.Az

Tanıyaq və tanıdaq: Məsumə Elqızı


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Məsumə Elqızı </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik. Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların
yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!


Esmira Fuad
Filologiya elmləri doktoru

Məsumə ELQIZI

1976-cı ildə Təbriz şəhərinə bağlı Gəcin kəndində anadan olub. Orta təhsilini Gəcin və Təbrizdə tamamladıqdan sonra, Təbriz Universitetinə daxil olaraq burada ali təhsil alıb. Təhsilini qrafika, bilgisayar, türk dili və ədəbiyyatı sahəsində davam etdirərək magistr dərəcəsi qazanıb. Rəssam, şair və yazar kimi uğurlar qazanan Məsumə Elqızı türk dili və ədəbiyyatı öyrətməni kimi də fəaliyyət göstərir, özəl dərslər verir.

2011-ci ildə Təbrizin "Əxtər" nəşriyyatında "Qartal qanadlım" adlı poeması, 2014-cü ildə "Anas" yayın evində "Küllənməz köz" adlı şeir toplusu yayımlanıb...

Türk qardaşım

Danışdığım dilim Sənsən,
Yerim-yurdum, elim Sənsən,
Güclü axan selim Sənsən,
Ol şöhrətim, yar-yoldaşım,
Türk qardaşım!

Gözün yaşı selə dönüb,
Ürək yanıb külə dönüb,
Duru sular lilə dönüb,
Ol sərdarım, qızıl başım,
Türk qardaşım!

Həsrətindən boğulmuşuq,
Zor altında oğulmuşuq,
Türk Anadan doğulmuşuq,
Ol şərəfim, vətən daşım,
Türk qardaşım!

Elqızıyam budur sözüm,
Ayrılığa necə dözüm?
Vətənə qurbanam özüm,
Ol kəfənim, həm baş daşım,
Türk qardaşım!

Oğurluq gözdədir, ürəkdə deyil

Dərədən qorxursan, vurulma selə,
Ömrünü boşuna sovurma yelə,
Aclığın dərmanı hər zaman belə,
Təndirdə qızaran çörəkdə deyil.

Sevdadır, sayğıdır yaşam gərəyi,
Baxtının altından çəkmə dirəyi,
Suçlama sevilən, sevən ürəyi,
Oğurluq gözdədir, ürəkdə deyil.

Düz olan tez çəkər qatıqdan tükü,
Düzlüksüz dəftəri bükü ver, bükü,
Könlünə yüklənər həsrətin yükü,
Endirə bilməzsən, kürəkdə deyil...

Vətənə yorğan de, toprağa balış...

Bir gözə bir göz ver, baxsın özünə,
Bir dilə bir söz ver, taxsın sözünə,
Bir ürəyə yol ver, gəlsin özünə,
Gəlməzsə, kül qalxar başına sənin.

Beş-on gün qonaqsan, qulluğa çalış,
İnsanlığa alış, insana alış,
Vətənə yorğan de, toprağa balış,
Bir söz yazdırsınlar daşına sənin.

Elə cavansan ki, tər ağac kimi,
Elə qoyulursan başa, tac kimi,
Alırlar ölümə Səni, bac kimi,
Ölmək də yaraşmır yaşına sənin.

Dodağında söz yox, qızıl qönçəsi,
Gözündə dəniz var, döyür ləpəsi,
Kipriyin ovlayır, vurur hər kəsi,
Gəl vəsmə sürəlim, qaşına sənin!

Zaman-zaman

İbrahim deyilsən, düşmə atəşə,
Yaşa günlərini özün peş-peşə,
Könlün od istəsə, axtarsa nəşə,
Vurul sevdiyinə, yan zaman-zaman...

Cahillik atəşdir, düş yaxasından,
Sərin mehə bürün, dinsin xəstə can,
İstəsən axmasın toprağa al qan,
Sevdanı, sevgini qan zaman-zaman...

İçin qaranlıqsa elmə üz gətir,
Nədir boşboğazlıq, sözə söz gətir,
Ya tonqal qalama, ya da köz gətir,
Yoxsa doğmayacaq dan zaman-zaman...

Quşlar da banlayır, açılmır səhər,
Ürəklər dərd olur, boğazlar qəhər,
Dinləmək sevməsə bir qulaq əyər,
Nə kəsər, nə edər ban zaman-zaman?...

Buraxdın verdiyin "hə"ni də, getdin...

Niyə gəlirdin ki, qalmaycaqdın?
Özünü də aldın, məni də, getdin.
Başıma ilk qonan qartal sanırdım,
Dağı da öldürdün, çəni də, getdin...

Yudun əl-üzünü bulud gölündə,
Qurulandın günəş örtülüyündə,
Biz bir-birimizi bulduq nə gündə?!
Unutdun məni də, səni də, getdin...

Sən gəlincə gönlüm yaşamışdır şən,
Boya dəyişmişdir saçlarımda dən,
Mənə də demişdin, özünə də hən,
Buraxdın verdiyin "hə"ni də, getdin...

Öncə sevindirdin, sonra da üzdün,
Alnımı tərlədib incilər düzdün,
Qəmlikdə oynadın, şənlikdə süzdün,
Atdın kədərini, şəni də, getdin...

 





15.03.2019    çap et  çap et