525.Az

Almaniya Azərbaycanlıları Koordinasiya Şurası toplantı keçirdi


 

Almaniya Azərbaycanlıları Koordinasiya Şurası toplantı keçirdi<b style="color:red"></b>

Köln şəhərində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə bu ölkənin qərb bölgələrində yaşayan Azərbaycan icmasının toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, toplantıda komitəsədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. F.Muradov Azərbaycan diasporunun fəaliyyəti, diaspor hərəkatında yeni mərhələnin başlanması, görülən işlər və digər məsələlərlə bağlı çıxış edib.

Dövlət komitəsinin son aylardakı fəaliyyətini əks etdirən video-hesabat təqdim olunduqdan sonra koordinasiya şurasının gördüyü işlər, yaxın zaman üçün nəzərdə tutulan plan və proqramlar barədə məlumat verilib.

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev qurumun fəaliyyətini təhlil edib.

Görüşdə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib və Diaspor Gənclərinin II Yay Düşərgəsi barədə ətraflı danışılıb.

Fondun fəaliyyət istiqamətləri haqqında icraçı direktor Elşad Əliyev məlumat verib.

Toplantıda ayrı-ayrı təşkilatların nümayəndələri - Altay Rüstəmli, Emin Həsənov, Seyidbağır Ağayev, Naibə Hacıyeva, Samirə Patser İsmayılova, Xədicə Zeynalova, Lev İsmixanov, Mövsüm Hacıyev və başqaları çıxış ediblər.

Çıxışlardan sonra diaspor rəhbərləri və Azərbaycan icmasının üzvləri ilə geniş fikir mübadiləsi aparılıb.

C.ABASOV

 





15.03.2019    çap et  çap et