525.Az

"Anarın Dədə Qorqud yaradıcılığı" kitabının təqdimatı keçirilib


 

"Anarın Dədə Qorqud yaradıcılığı" kitabının təqdimatı keçirilib<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin professoru Yeganə İsmayılovanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın bədii yaradıcığına həsr olunmuş "Anarın Dədə Qorqud yaradıcılığı" kitabının təqdimatı keçirilib.

Tədbir AMEA və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, millət vəkilləri, akademik ictimaiyyət, incəsənət xadimləri və media nümayəndələri iştirakı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında təşkil edilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yazıçının yaradıcılığından, onun ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də kinomuza gətirdiyi yeniliklərdən danışıb. Bildirib ki, xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin övladı olan Anar ədəbiyyatımızın inkişafında yüksək əməyi olan yazıçı, ziyalı və dəyərli insandır. Onun əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində sevilir. Anarın həm də ssenarist olduğuna diqqət çəkən İ.Həbibbəyli ədəbiyyatımıza bəxş etdiyi bir çox dəyərli əsərləri əsasında məşhur filmlərin ərsəyə gəlməsindən də bəhs edib. İ.Həbibbəyli kitab haqqında danışaraq, onun müsbət məziyyətlərini diqqətə çatdırıb və Anar haqqında belə bir dəyərli əsər yazdığına görə Yeganə İsmayılovaya təşəkkür edib.

BDU-nun professoru Cahangir Məmmədli, professor Himalay Qasımov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Salidə Şərifova, BDU-nun professoru Anar İsgəndərov, filologiya elmləri doktoru Əlizadə Əsgərli və AYB-nin ədəbi janrlar üzrə məsləhətçisi, filologiya elmləri doktoru Gülxanı Pənah ədəbiyyatımızda xüsusi rola malik olan Anar yaradıcılığının böyüklüyü haqqında söhbət açıblar.

BDU-nun professoru, kitabın müəllifi Yeganə İsmayılova Anarın Dədə Qorqud yaradıcılığı haqqında geniş məlumat verib və tədbirdə iştirak edən qonaqlara, eləcə də kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.

Sonda çıxış edən Xalq yazıçısı Anar tədbirə gələn qonaqlara, tədbirin təşkilatçısı olan Mərkəzi Elmi Kitabxanaya minnətdarlığını bildirib. Yazıçı qeyd edib ki, Dədə Qorqudun bizim üçün əhəmiyyəti onun bütün türk dünyasının abidəsi olmasıdır. Ədib Dədə Qorqud dastanını folklor nümunəsi kimi deyil, Azərbaycanın yazılı ədəbiyyat nümunəsi kimi qiymətləndirmək təklifi ilə AMEA Ədəbiyyat İnstitutunun rəhbərliyinə müraciət edib.

S.QARAYEVA

 





15.03.2019    çap et  çap et