525.Az

Tarix İnstitutu "Bakı-İstanbul" liseyini himayəyə götürdü


 

Tarix İnstitutu "Bakı-İstanbul" liseyini himayəyə götürdü<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Elmi Şuranın növbəti iclasını "Bakı-İstanbul" liseyində keçirib.

Tarix İnstitutundan verilən məlumata görə, əvvəlcə institutun nəşrlərindən ibarət sərgi ilə tanışlıq olub.

"Bakı-İstanbul" liseyinin direktoru Zeliha Abdullayeva Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi Elmi Şura üzvlərinə lisey barədə ətraflı məlumat verib.

Z.Abdullayeva bildirib ki, məqsəd şagirdlərin əqli inkişafı ilə yanaşı, mədəni-mənəvi inkişafına da xidmət etməkdir.

Elmi Şuranın iclasında Y.Mahmudov qeyd edib ki, liseyin proqramı Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi əsasında qurulub: "Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir".

Y.Mahmudov deyib: "Milli kimliyimizi qorumağın və müasir çağırışlara cavab verməyin yalnız bir yolu var - bu yol mükəmməl təhsildən keçir. Bu gün dünya zəka ilə, beyin ilə fəth olunur. Amma təkcə bilikli olmaq azdır, vətənin adını ucaltmaq üçün eyni zamanda, dönməz azərbaycançı olmaq gərəkdir".

AMEA-nın Tarix İnstitutu liseyi himayəyə götürüb. İnstitut liseyin kitabxanasına 300 adda 2 min kitab hədiyyə edib. İnstitut ilə lisey arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Müqaviləyə əsasən, birgə tədbirlər təşkil ediləcək və institutun alimləri liseydə Azərbaycan tarixini dövrlər üzrə qədimdən başlayaraq tədris edəcəklər. Eyni zamanda, ustad dərsləri keçiriləcək.

Tarixçi alimlər liseydə tərbiyənin, tarixi şüurun və Azərbaycan dilinin önə çəkilməsi barədə çıxış ediblər.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanın və Türkiyənin tanınmış elm xadimlərinin iştirakı ilə "Bakı-İstanbul" liseyinin təntənəli açılışı olub.

CEYHUN

 





15.03.2019    çap et  çap et