525.Az

Səməd Behrəngi 80 illiyində anılıb


 

Səməd Behrəngi 80 illiyində anılıb<b style="color:red"></b>

Martın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Güney Azərbaycanın yazıçısı, şairi Səməg Behrənginin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
 
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, ədəbiyyat və incəsənət xadimləri və jurnalistlər iştirak ediblər.

Gecəni giriş sözü ilə açan tədbirin layihə rəhbəri AYB Güney Azərbaycan şöbəsinin rəhbəri şair Sayman Aruz çıxışında S.Behrənginin məşəqqətli həyat yolundan danışıb, yaradıcılığından, mübarizəsindən söz açıb, özlərini onun davamçıları adlandırıb: "Bizim hamımızın yolu Səməd Behrəngi yoludur. Təbriz hər zaman Bakının yanında olub, Qarabağ probleminə ən çox etiraz edənlərdəndir. Biz hər birimiz Səməd Behrəngi demişkən, bayrağı müəyyən qədər daşıyıb, sonra bizdən sonrakılara əmanət edirik. İnanırıq ki, bizdən sonrakılar da bu bayrağa bizdən daha artıq sahib çıxacaqlar".

Daha sonra çıxış edən qonaqlardan AYB-nin katibi İlqar Fəhmi, akademik, millət vəkili Rafael Hüseynov, Xalq şairi Sabir Rüstəmxanlı, şair Əjdər Ol, Bakı Yunus Emre İnstututunun rəhbəri Cihan Özdəmir, Türkiyə səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri İrfan Çiftçi, Eldar İsmayıl və başqaları Güney Azərbaycan ədəbiyyatı, Səməd Behrəngi yaradıcılığı və onun qiymətli irsi haqqında geniş söhbət açıb, hər zaman azərbaycanlı oxucunun yaddaşında, qəlbində yaşayacağını vurğulayıb.

Tədbirin bədii hissəsində bədii qiraətçilərdən Azad Şükürov S.Behrənginin "Bu gecə bir yuxu gördüm", Könül Şakirqızı şair Əhməd Cəmilin "Səməd Behrəngi" şeirini ifa ediblər. Kəmalə Müslümqızının müəllifliyi ilə Səməd Behrənginin həyatından səhnəciklər nümayiş olunub.

Əməkdar artist Nuriyyə Hüseynova və xanəndə Zeynal Əhmədovun ifası gecəyə xüsusi rəng qatıb.

Sonda çıxış edən S.Aruz tədbirin təşkili üçün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara, Mədəniyyət Nazirliyinə, Mahnı Teatrının rəhbərliyinə və tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

 





15.03.2019    çap et  çap et